O, nə qol vurdu, nə də bir oyunda iştirak etdi, amma 20 illik “futbol karyerası” var
Futbol tarixində saysız-hesabsız ulduzlar olub. Bəziləri texnikası, bəziləri meydandakı liderliyi ilə yadda qalıb. Amma bir şəxs var ki, onun adını nə qollarla, nə də titullarla xatırlamaq mümkündür. Çünki o, faktiki olaraq heç vaxt futbol oynamayıb. Söhbət braziliyalı Karlos Enrike Raposodan – daha çox Karlos Kayzer kimi tanınan və futbol tarixinin ən qeyri-adi fiqurlarından birindən gedir.
1963-cü ildə Rio-de-Janeyroda anadan olan Kayzer uşaq yaşlarından futbolçularla dostluq quraraq bu mühitə daxil olmuşdu. Xarizmatik danışığı, idmançı görünüşü və çevik sosial bacarıqları ona “peşəkar futbolçu” imici qazandırmışdı. Bu imic o qədər inandırıcı idi ki, Braziliyanın “Botafoqo”, “Fluminense”, “Vasko da Qama”, Fransanın “Ajaccio”, Meksikanın “Puebla”, hətta Argentinanın bəzi klubları ilə belə müqavilələr bağlaya bilmişdi. Əslində, o, meydanda demək olar ki, heç vaxt görünmürdü.
20 il ərzində bir dəfə də olsun rəsmi oyunda iştirak etməyən Kayzerin əsas “oyunu” meydanda deyil, kulislərdə gedirdi. O, daim zədəli olduğunu bildirir, məşqlərdə iştirak etmir və saxta tibbi arayışlar təqdim edirdi. Həkim tanışları vasitəsilə aldığı bu sənədlərlə klubları inandırır, “bərpa dövrü” bəhanəsi ilə illərlə meydandan uzaq qalırdı. Əsas fəaliyyət sahəsi isə jurnalistlərə “karyerası” barədə müsahibələr vermək və komanda yoldaşları ilə yaxın münasibətlər qurmaq idi.
Kayzerin “karyerasında” ən dramatik epizod “Banqu” klubunda baş verir. Klubun sahibi - tanınmış kazino sahibi və nüfuzlu şəxs Kastor de Andrade komanda oyunu uduzan zaman məşqçidən Kayzerin meydana çıxmasını tələb edir. Oyuna daxil olmaq istəməyən Kayzer çıxış yolu kimi tribunadakı azarkeşlərlə dava salmaqda görür. Onlara söyüş yağdırır və tribunaya hücum edir. Nəticədə, hələ meydana daxil olmamış qırmızı vərəqə alır. Beləcə, daha bir oyunu meydansız başa vurur.
Sonradan Kastorla görüşən zaman aktyorluq məharətini işə salan Kayzer deyir: “Mən valideynlərimi itirmişəm, amma siz mənim atamsınız. Sizin haqqınızda təhqiramiz sözlər deyiləndə tab gətirə bilmədim.”
Bu emosional sözlər klub rəhbərini o qədər təsirləndirir ki, onun maaşını artırır və müqaviləsini uzadır.
Kayzer çoxları üçün, sadəcə, ulduz futbolçularla dostluq edən, pozitiv və zarafatcıl bir fiqur idi. Klub rəhbərləri onun komanda daxilindəki “pozitiv atmosfer yaratma qabiliyyətini” dəyərləndirir, sanki “motivator” kimi saxlayırdılar. Hər dəfə bir klubdan “zədəli” ayrılır, digərində “bərpa prosesinə” başlayırdı. Məşq etmədən maaş almağı bacarırdı.
Kayzer ictimai imicini qorumaq üçün əlavə üsullardan da istifadə edirdi. Məsələn, tribunada öz azarkeşlərinə pul verərək onların onun adını səsləndirməsini təşkil edir, ya da məşqlərdə gənc oyunçulara bilərəkdən kobud davranmalarını “xahiş edirdi” ki, yenidən “zədə alsın”.
Bir dəfə saxta mobil telefonla guya Avropanın aparıcı klubları — “Real Madrid” və “Marsel” ilə danışıqlar apardığını nümayiş etdirmişdi. Lakin klub həkimlərindən biri onun telefonunun oyuncaq olduğunu anlayaraq bu fırıldağı üzə çıxarmışdı.
Kayzer 13 klubla müqavilə imzalayıb, bəziləri ilə iki dəfə. 29 yaşında bu “karyera” başa çatır. Sonradan fitnes-məşqçi kimi fəaliyyət göstərir. 2018-ci ildə onun həyatı əsasında çəkilən “Kayzer: Heç vaxt futbol oynamayan ən böyük futbolçu” adlı sənədli film “Tribeca” film festivalında təqdim olunaraq böyük maraq doğurur. Filmə paralel olaraq eyni adlı kitab da nəşr edilir.
Britaniyanın “The Guardian” qəzeti Kayzeri “futbol tarixinin ən böyük dələduzu” adlandırıb. Bu ifadə təkcə zarafat deyil. O, futbol sistemindəki boşluqlardan necə istifadə etməyin və sosial manipulyasiyanın nə dərəcədə güclü alət olduğunu nümayiş etdirən canlı nümunədir.
Əlbəttə, texnologiyanın inkişaf etdiyi indiki zamanda belə “karyera”nın qurulması, demək olar ki, mümkünsüzdür. Amma Kayzerin adı hələ uzun illər futbol tarixinin ən qeyri-adi simaları sırasında xatırlanır. Çünki o, meydanda yox, məharətlə qurulmuş yalanlar içində “oyun” qurmağı bacarmışdı…
Hazırladı:
S.ELAY
XQ