(VII YAZI)
Böyük Moğol (Baburilər) İmperiyasının VI hökmdarı Övrəngzib (Aləmgir) üçüncü oğlu Məhəmməd Əzəmi çox sevirdi, oğlu böyüdükcə ağıllı fikirlər söyləməsi, müdrikliyi, mükəmməlliyi və cəngavərliyi ilə seçilirdi. Bu da təbii ki, atası Övrəngzibin xoşuna gəlirdi, oğlunun nəcib xasiyyətləri mənimsəməsi, əxlaqı onu hədsiz dərəcədə sevindirir, Şahzadə Məhəmməd Əzəmi həm də yaxın dostu hesab edir, bəzi məsələlərdə onunla məsləhətləşir, mühakiməsinə heyran olurdu. Elə bunun nəticəsi idi ki, Şahzadə Məhəmməd Əzəm hələ 1681-ci il avqustun 12-də atası Övrəngzib tərəfindən vəliəhd elan edilmişdi.
Bu, Şahzadə Məhəmməd Əzəmin ögey qardaşları Məhəmməd Müəzzəm (Şah Aləm) və Məhəmməd Kam Baxşın xoşuna gəlmirdi və zaman-zaman bu təyinata mane olmaq istəyirdilər, oldular da... Bu oğlanlar Övrəngzibin əhəmiyyətsiz hesab etdiyi indus arvadından olan övladları idi.
Qütbəddin Məhəmməd Əzəm Şah, Böyük Moğol (Baburilər) İmperiyasının VII hökmdarı, İmperiyanın VI hökmdarı Övrəngzibin və birinci və əsas arvadı, Sultan Şahcahanın və Mümtaz Mahalın gəlini, Səfəvi şahzadəsi Diras Banu Bəyimin oğlu idi.
Diras Banu Bəyim I Şah İsmayılın kiçik oğlu, görkəmli sərkərdə Bəhram Mirzə Səfəvinin oğlu Bədiüzzaman Mirzə Səfəvinin qızı idi.
Şahzadə Məhəmməd Əzəm 1653-cü il iyunun 28-də Burhanpurda doğulub. Onun dörd yaşı olanda Diras Banu Bəyim qızını dünyaya gətirərkən bədəninə infeksiya düşməsi səbəbindən vəfat edib.
Bəs Diras Banu Bəyimin atası Bədiüzzaman Mirzə Səfəvi kim idi? O, Moğol sarayında tanınan şəxslərdən biri olub, Şahnəvaz xan adı ilə tanınıb. Bədiüzzaman Mirzə Səfəvinin İbrahim Mirzə və Sultan Hüseyn Mirzə adlı iki qardaşı olub. Onların ataları Bəhram Mirzə Səfəvi 1549-cu ildə vəfat etdikdən sonra Bəhram Mirzənin qardaşı və Səfəvi şahı I Təhmasib qardaşının övladlarını öz himayəsinə götürüb, hətta I Təhmasib Bədiüzzaman Mirzəni öz oğlu elan edib. 1557-ci ildə Bədiüzzaman Mirzə Səfəvi Sistanın hakimi təyin olunub və Təhmasibin qızı Pərixan xanım ilə evlənib.
Atası Şahzadə Məhəmməd Əzəmi müharibəyə göndərir
Övrəngzib hələ yeniyetmə vaxtlarından Məhəmməd Əzəmi bərkə-boşa çəkir, gələcəkdə onu vəliəhd elan edəcəyini düşündüyündən əslində Məhəmməd Əzəmə hökmdarlığın, necə deyərlər, sirlərini öyrədir, vəliəhddə ədalətli şah obrazını formalaşdırırdı. Şahzadə Məhəmməd Əzəm də atasının məsləhətlərini bircə-bircə götürürdü. Odur ki, Övrəngzib oğlunu müharibədə də yoxlamaq qərarına gəlir və 1685-ci ildə Məhəmməd Əzəmi 50 minlik qoşunla Bicapur Sultanlığını ələ keçirməyə göndərir. Moğol ordusunun elit bölmələrinə Dilir xan, Qasım xan və Ruhullah xan komandanlıq edib.
Bicapur qalası isə İsgəndər Adilşah və onun sərkərdəsi Sarza xan tərəfindən qorunub. Moğollar bir neçə gün davam edən döyüşdə əks tərəfdəki məşhur Məlik-i Meydan topunun sayəsində Bicapur qalasını ala bilmirlər. Məlik-i Meydan topunun bir mərmisinin diametri 69 sm olub. Moğollar bu qanlı döyüşdə 500 adam itirib.
Moğollar Bicapur qalasının əhatəsində qazılan 10 fut dərinlikdəki xəndəkdən də keçə bilmir, həm də 50 fut hündürlüyü, 25 fut eni olan incə qranit və əhəng məhlulu divarları aşmaq demək olar ki, mümkün deyildi.
Uduzduğu xəbərini alan Övrəngzib digər oğlu Şah Aləmi və məşhur sərkərdə Abdullah xan Bahadur Firuz Cəngi və Qaziəddin xan Firuz Cunqu Bicapura göndərir. Sonra isə Övrəngzib özü təxminən 100 min nəfərlik ordu ilə oraya gedir və 8 gün davam edən hücumlardan sonra qalannı 5 qapısı zədələnir və istehkam divarlarının əhəmiyyətli bir hissəsini yıxılır və Moğollar qalanı işğal edir.
Amansız döyüşdə İsgəndər Adilşah ağır yaralanır və aldığı yaralardan 1686-cı il sentyabrın 12-də vəfat edir. İsgəndər Adilşahın ölümü Adilşahilər sülaləsinin süqutuna səbəb olur. Sultan Övrəngzib öz yaxın adamı olan Seyid Miyanı Bicapura ilk hakim təyin edir.
Məhəmməd Əzəm imperiyanın VII hökmdarı olur
Övrəngzib 1707-ci il martın 3-də 88 yaşında vəfat etdikdən sonra Məhəmməd Əzəm Şah 1707-ci il martın 14-də Əhmədnaqarda Baburilər İmperiyasının taxtına oturub.
Şahzadə Məhəmməd Əzəm Moğol taxtına oturmazdan əvvəl 1678-ci ildən 1706-ci ilə qədər Berarın, Malvanın və Benqalın, Qucaratın və Dekanın hakimi olub.
Övrəngzib vəfat edən zaman digər övladları Kam Baxş Qucaratın, Məhəmməd Müəzzəm Kabilin hakimi idi. Kam Baxş atası ölən kimi öz adına sikkə zərb etdirsə də, Məhəmməd Əzəm atası tərəfindən varis elan edilmişdi və qanuni olaraq özünü hökmdar elan edir.
Məhəmməd Əzəm taxta çıxdıqdan sonra ögey qardaşları başda olmaqla bir neçə sülalə üzvləri tərəfindən qəbul edilməyib. Əsas mübarizə də Məhəmməd Əzəmlə böyük ögey qardaşı Məhəmməd Müəzzəm arasında gedib.
Odur ki, Məhəmməd Müəzzəm və Kam Baxş Məhəmməd Əzəm Şahı aradan götürmək üçün yollar axtarırlar. Belə bir fürsət onların əlinə düşür və 1707-ci il iyunun 7-də Cacau döyüşündə Şahzadə Məhəmməd Muəzzəm Əzəm Şahı və onun üç oğlu-Bidar Bəxti, Cavan Baxt və İskəndər Şanı məğlub edir və qısa müddətdə onlar öldürülür.
Məhəmməd Müəzzəm I Bahadır şah adı ilə taxta çıxıb
1707-ci il iyunun 20-dən 1712-ci il fevralın 27-dək şahlıq edib.
Bahadur şahın dövründə yerli hökmdarlar və əfqanlar mərkəzi hakimiyyətə qarşı çıxırlar. Əfqanlar şəhərlərə hücuma keçir, əhalinin var-yoxunu qarət edirdilər. Yaranan gərgin vəziyyətdən istifadə edən ingilislər və hollandlar gərginliyin daha da artırılmasına çalışırdılar.
Daxili çəkişmələr və üsyanlara dözə bilməyən Bahadur şah 1712-ci il fevralın 27-də 68 yaşında vəfat edib.
***
Əzəm şah ata tərəfdən Teymurilər soyunun, ana tərəfdən isə o dövrdə dünyanın məşhur sülalələrindən olan Səfəvilərin qanına sahib olması ilə fəxr edirdi. Kiçik qardaşı Şahzadə Məhəmməd Əkbərin vəfatından sonra o, atasının əsilzadə qanını daşıyan yeganə oğlu idi.
Venesiya yazıçı və səyyahı, Baburilər İmperiyası haqqında materiallar yazan Nikkolao Manucciyə görə, Məhəmməd Əzəm Səfəvi şahlıq qanına və Baburi əcdadlarına sahib olması ilə çox fəxr edirmiş. Onun ürəyində ana babası Bədiüzzaman Mirzə Səfəvi (Şahnəvaz xan) Səfəvinin də xüsusi yeri vardı.
Şahzadə Məhəmməd Əzəm birinci dəfə 1668-ci il mayın 13-də Ahom kralı Svargadeo Cayadhvayın qızı, Şahzadə Ramani Qabharu ilə evlənib və xanımın adı türkləşdirilərək Rəhmət Banu Bəyim qoyulub. Bu, siyasi evlilik idi və nikah diplomatiyasına əsaslanırdı.
1669-cu il yanvarın 3-də Əzəm əmisi Dara Şükuhun qızı Cahanzeb Banu Bəyimlə ailə qurur. Cahanzeb qısa vaxtda Məhəmməd Əzəmin əsas arvadı statusu qazanır. Onların ilk oğlanları 1670-ci il avqustun 4-də doğulub və babası Övrəngzib uşağa Bidar Bəxt adı qoyub. Cahanzeb qılıqlı qadın olduğundan qayınatasının da sevimli gəlini idi. Övrəngzib Məhəmməd Əzəmi və nəvəsi Bidar Bəxti daha çox sevirmiş. Bidar Bəxt böyüdükdən sonra özünü uğurlu və cəsur sərkərdə kimi sübut edib.
Şahzadə Məhəmməd Əzəmin üçüncü evliliyi də nikah diplomatiyasına əsaslanıb. 1681-ci ildə Məhəmməd Əzəm Adilşahilər sülaləsindən olan II Əli Adilşahın qızı Şəhər Banu Bəyim və ya Padşah Bəyimlə evlənib. 1705-ci ildə ikinci arvadı Cahanzebin vəfat etməsi Əzəmə pis təsir edib, ölümünə qədər onu yaddan çıxarmayıb.
Əzəm şahın daha bir evliliyi də nikah diplomatiyasına əsaslanıb. Bu dəfə atası Övrəngzibin dayısı Şaysta xanın qızı Pəri Bibi və ya Duxt Rəhmət Banu ilə evlənib. Bu evlilik Pəri Bibinin 1678-ci ildə qəflətən Dhakada vəfat etdiyinə görə baş tutmayıb. Əzəm şah Pəri Bibinin xatirəsi üçün Dhakada Övrəngabadda (indiki Lalbağ Fort) məqbərə ucaltdırıb.
Məhəmməd Əzəmin üç doğma bacısı olub: Şahzadə Zebun Nisə, Zinatun Nisə, Zubdatun Nisə və kiçik qardaşı Məhəmməd Əkbər.
Məhəmməd Əzəm şahın on övladl olub:
Sultan Məhəmməd Bidar Bəxt
(16 avqust 1670-19 iyul 1707), Atası Əzəm şahla birlikdə qətlə yetirilib.
Şahzadə Vala Cah Bahadur (5 avqust1683-8 iyun 1707), atası ilə birgə öldürülüb.
Şahzadə Cavan Bəxt Bahadur (1671-1707)
Şahzadə İsgəndər Şan Bahadur (1 avqust 1675-13 aprel1677)
Şahzadə Zih Cah Bahadur (1684-1707)
Şahzadə Vala Şan Bahadur (3 avqust 1684-1707)
Şahzadə Məhəmməd Əli Mirzə (169- 28 may 1734)
Şahzadə Gitti Ara Bəyim (1685—1724)
Şahzadə İffət Ara Bəyim Sahibə
Şahzadə Nəcibun Nisə Bəyim Sahibə
Məhəmməd Əzəm Şah qısa müddət, 1707-ci il martın 14-dən 1707-ci il iyunun 20-dək hakimiyyətdə olub, cəmi 67 gün şahlıq edib. Qardaşları tərəfindən öldürülən zaman Məhəmməd Əzəm şahın 53 yaşı olub.
Məhəmməd Əzəm şah ikinci arvadı Cahanzebin yanında məşhur Sufi dərvişi və şeyxi olan Şeyx Zaynuddin Şirazinin dərgahında dəfn edilib. Bu dərgah Övrəngabad yaxınlığındakı Xuldabad məntəqəsində, Övrəngzibin məqbərəsinin qərbindədir.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd