İpək yolu incəsənətində Türk xalqlarının da böyük payı var

post-img

ABŞ-nin Uilyam Paterson Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fulbright təqaüdçüsü He Çjan Azərbaycan Milli İncəsənət Muzeyində “İpək yolu incəsənəti” adlı mühazirə ilə çıxış edib. Böyük İpək Yolu üzərində yerləşmiş qədim dövlətlərin mədəniyyətinə həsr olunmuş məruzədə ellinizm mədəniyyəti dövründə formalaşmış Qərb və Şərq üslublarının sintezi, qədim xalqların yaratdığı tanınmış sənət nümunələri və mədəni yüksəliş dönəmlərində Çin incəsənətinin qonşu ölkələrə təsiri kimi məqamlar əksini tapıb.

Mühazirədən sonra Çin əsilli ABŞ professoru “Xalq qəzeti”nə eksklüziv müsahibə verib.

– Əsrlər boyu Çin mədəniyyəti İpək yolu üzərində yerləşən ölkələrin incəsənəti ilə sıx təmasda inkişaf edib. Bu qarşılıqlı əlaqə tarixdə də silinməz izlər buraxıb.

– Əvvəlcə onu qeyd edim ki, “İpək yolu” terminini XIX əsrin sonlarında alman tədqiqatçısı Ferdinand fon Richtofen işlədib. Bəli, Çin, Yaponiya, Monqolustan, Hindistan, Azərbaycan və başqa Mərkəzi Asiya ölkələrinin bir-birilərinin mədəniyyətinə, incəsənətinə təsiri olduqca güclü olub. Əsrlər boyu Çin mədəniyyəti Türk mədəniyyətinə böyük təsir göstərib. Bu əlaqələr, xüsusilə monqolların məğlubiyyətindən sonra güclü olub və eramızın XIII əsrində öz yüksəliş nöqtəsinə çatıb. Bu proses Çində Ming sülaləsi dövrünə təsadüf edib və nəticədə, sənət əsərlərindəki Çin motivləri və rənglər Türk xalqları sənətində müxtəlif üslub, material və əşyaların üzərində nəfis şəkildə işlədilməyə başlayıb. Keramika, çini qablar, plitələr, xalçalar və dekorativ memarlıq xüsusiyyətləri bunlara misaldır. Həmin dövrdə daha məşhur olan əjdaha motivləri, qartal, simurq, tovuz quşu, lotus çiçəyi və bulud təsvirləri bura daxildir.

– İpək yolu sənətinin yaranmasında türk xalqlarının da böyük payı var. Bəs bu sənət növü Çin incəsənətində hansı məna daşıyır?

– Bu sənət növü xalqlar arasında dinə olan inamı, sədaqəti göstərmək üçün yaransa da, bu gün mütəxəssis olaraq biz onu Çin incəsənəti və tarixinin mədəni mövzusu kimi araşdırırıq. Dini motivlər hər dövrdə sənət və sənətkarlar üçün ilham mənbəyi olmuşdur. “İpək yolu” sənətinin çox hissəsi də dini mənşəlidir. Çində qədim dövrlərdən bu günə qədər istehsal olunan bir çox sənət nümunələri insanlarda böyük maraq doğurur. Bunun başlıca səbəbi həmin əsərlərdə İpək yolu ölkələrinin incəsənət və memarlıq üslubuna məxsus naxışların, təsvirlərin əks olunmasıdır.

Müxtəlif dövrləri özündə əks etdirən hekayə və rəvayətlərlə bağlı lövhələr, Çinin şimal-qərbindəki məbədlərdə və mağaralardakı divar rəsmləri, nəhəng heykəllər, çap nümunələri və s. həmin təsviri sənətdə geniş əksini tapıb. İpək yolu sənəti Çində ellinistik sənət mədəniyyətinin əsasını qoyub. Bura isə rəngli çiçəklərin təsviri ilə hazırlanmış şüşə çərçivələr, zərgərlik nümunələri, Hun sülaləsi dövründə tunc materialdan hazırlanmış nəfis güzgülər, həndəsi fiqurlarla işlənmiş incəsənət növləri və s. aiddir.

– Çin incəsənəti Türk xalqları və ellinizm mədəniyyətindən başqa hansı coğrafi məkanlarla təmasda olub?

– Buddist mədəniyyəti və dini də Çin sənətinə bir neçə yeniliklər gətirib. Məsələn, Çin mədəniyyətində Buddanın təsviri Buddist mədəniyyətinin Çin sənətində qoyduğu dərin izlərin təzahürüdür. Çin sənətində Tang dövrü mədəniyyəti də məşhur olub. Təsviri sənət toxuculuqda da üstünlük təşkil edib. Parçaların üzərində dairə içərisində üzbəüz dayanmış iki heyvan fiquru təsvir olunurdu.

Tang dövrünə aid olan bu toxuculuq növü həm də müxtəlif rəngli boyalardan istifadə edərək parçada naxış yaradan bir texnika hesab olunur. Hindistanda yaranan bu mədəniyyət əvvəl İranda, sonra isə Çinin qərbində məşhurlaşıb.

– Bakı ilə bağlı təəssuratlarınız da oxucularımız üçün maraqlıdır.

– Şəhərinizi çox bəyəndim. Olduqca mədəni bir meqapolisdir. Burada muzeylər, musiqi zalları, göz oxşayan parklar diqqətimdən yayınmadı. Bakı Şərq və Qərb mədəniyyətinin ən yüksək şəkildə vəhdətini təcəssüm etdirir. Ən çox bəyəndiyim məkanlardan biri də “Xalça Muzeyi” oldu. Burada o qədər qədim və gözəl naxışlı xalça növləri var ki. Bir anlıq tarixi keçmişə səyahət edirsən. Çox istərdim ki, Bakı turistlərin mədəni mərkəzinə çevrilsin. COP29-a hazırlıq şəhərinizi daha da gözəlləşdirib. Düşünürəm ki, konfrans günlərində bütün dünya Bakını görəcək və sevəcək.

F.SALMANOVA,
Elşən AĞALAROV(foto),
XQ



Müsahibə