Azərbaycan–Moldova aqrar tərəfdaşlığı

post-img

İyulun 30-da Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Azərbaycan Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Vuqar Səlimovun dəvəti ilə İnstitutun Şamaxı rayonunun Mədrəsə kəndində yerləşən eksperimental laboratoriyasını ziyarət edib. Burada Moldova Respublikasının yerli üzüm sortlarının əkilməsi mərasimi baş tutub.

Tədbir çərçivəsində Moldova və Viorica da daxil olmaqla, Floricica, Feteasca Neagra, Legenda, Plavaie və digər 9 üzüm sortunun tingləri 1 hektar ərazidə əkilib. Bu təşəbbüs Azərbaycan və Moldova arasında ixtisaslaşmış institutlar səviyyəsində elmi-texniki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

Moldova sortları məhsuldarlığı və aqrotexniki keyfiyyətləri ilə seçilir. Məlumatlara görə, bu sortlar Azərbaycan şəraitində 1 hektardan 35–40 tonadək məhsul vermək imkanına malikdir. Həmçinin şaxtaya və rütubətə davamlılıq, daşınma və saxlanma qabiliyyəti onların təzə istehlakla yanaşı, şərabçılıq və ixrac üçün də perspektivli olduğunu göstərir.

Bu cür birgə layihələr Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində tərəfdaşlığın inkişafına real töhfələr verir.

XQ

İqtisadiyyat