Çaşbaş ABŞ

post-img

Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik

İnsan haqqı deyəndə güclü olur. Doğruluğuna əminlik sənə qarşındakının kimliyindən asılı olmayaraq əlavə qüvvət verir. Əksinə, haqqı əyən, hamının gözü qarşısında tərsi avanda çevirən nə yekəlikdə olur-olsun, kiçilir, cılızlaşır.

Bu, xalqının təcavüz acılarını yaşamış övladları ilə Fateh Prezident İlham Əliyevin işğalçının xarabazara çevirdiyi, indi yaralarına məlhəm qoyulan, dirçəlməyə başlayan Cəbrayıldakı görüşündə qəlbinin bütün səmimiyyəti ilə onlara və bütün dünyaya söylədikləridir. Apardığı mübarizənin, gördüyü işin böyük həqiqətinə əmin olanda insan bunca ötkəm, bunca səmimi, bunca haqlı ola bilir: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq”.

Bu, millətini və dövlətini sevən sadiq Öndərin Vətəni və Gələcək qarşısında həm doğruçu hesabatı, həm də təcrübələrə söykənərək etdiyi adil öyüdüdür!

Əslində Azərbaycana qarşı Amerika Birləşmiş Ştatlarından əsən arzuolunmaz küləklərin mahiyyətinə varanda və bizim bu dövlətlə münasibətlərimizdə həmişə gözlədiyimiz etibarlılıq xəttinin müqabilində onların dönüklüklərini müqayisə edəndə elə gərək Prezident İlham Əliyevin hələ yumşaq ifadə etdiyi sözlə biz də ona “nankor” deyəydik.

Artıq 33-cü ildönümünü bayram etməyin astanasında olduğumuz müstəqillik dönəminin çətin və mübarizəli yollarında Azərbaycan dövlətinin sükanı arxasında olmuş unudulmaz ulu öndər Heydər Əliyev də, Fateh Prezident İlham Əliyev də müttəfiqlik, dostluq münasibətləri qurduğumuz dövlətlərin hər biri ilə, ilk növbədə isə Amerika Birləşmiş Ştatları ilə daim mərd, dürüst, təmiz, riyasız siyasət aparmışlar. Hətta bəzən bizim ölçülü-biçili siyasətimiz və etibarlılığımıza rəğmən əks tərəfdən umulmaz addımlar atılsa da, Azərbaycan səbir və təmkin göstərib, “o yanılır yanılır, mən niyə düz yolumdan və məramımdan əl çəkim” deyə doğru yolundan yayınmayıb. Ancaq istər iki insan, istərsə də dövlətlər arasındakı münasibətlərdə sədaqətli davranıb əvəzində dönüklüklərlə tuş gələndə sadəcə təəssüflənmirsən, mütləq nəticə çıxarırsan, xüsusilə qarşı tərəfin yöndəmsiz hərəkətləri dəfələrlə təkrarlananda “mərd”, “dürüst”, “təmiz”, “riyasız” kəlmələrini bu sözlərə inkar şəkilçiləri əvəz edərək işlətməli olursan.

Azərbaycan dövləti də, Azərbaycan xalqı da özünü demokratiya beşiyi, haqq-ədalətin sipəri elan etmiş ABŞ-yə bizdən məsafəcə nə qədər uzaqda yerləşsə də, həmişə yaxın kimi baxıb, bu superdövlətin elan edilənə uyğun olaraq həqiqətin yanında olacağına ümid bəsləyib.

Tarix Amerika prezidenti Avraam Linkolnun hələ XIX yüzilin ortalarında söylədiyini unutmayıb ki, xalqın bir hissəsini daim, bütün xalqı müəyyən müddət aldatmaq mümkündür, ancaq bütöv xalqı həmişə aldatmaq olmaz.

Azərbaycan xalqı erməniçiliyin işğalına uğradığı ilk vaxtlardan ABŞ-yə tərəzinin əyilmiş gözünü düzəldəcək münsif kimi inandı və ümid bəslədi. Səbəbsiz deyil ki, uzun illər boyu Qarabağ düyününü çözməkdə vasitəçi olmaqçün yaradılmış ATƏT-in Minsk qrupunda ABŞ həmsədr idi. Azərbaycan xalqı bunu görürdü, ABŞ-yə ümid bəsləyir və inanırdı, ancaq ona da şahid idi ki, guya münsif olmalı, tərəf saxlamamalı bu dövlət 1992-ci ildə Ermənistan torpaqlarımızı zəbt etmiş olduğu əsnada, o boyda Naxçıvanımızı blokadada saxladığı, oralara nəinki yerdən, göydən də yolumuzu illərcə qapadığı halda təcavüzkar Ermənistanı yox, bizi tam haqsız və heç bir əsas olmadan Ermənistanı blokadada saxlamaqda ittiham edərək sanksiyaya məruz qoyur.

Xalq bunu da görürdü ki, ABŞ-nin Azərbaycana işi düşəndə, 2001-ci ildə yüklərini hava, quru və dəniz yolu ilə ərazimizdən Əfqanıstana tranzitlə daşımalı olduğu vaxtda həmin qondarma sanksiyanı hər il öz qərarı ilə aradan qaldırır, fəqət qatmaqarışıq siyasətin qəliz fəndlərindən bixəbər olsa da, Azərbaycan xalqı bunu da görürdü ki, quyruq qapı arasından çıxandan – Birləşmiş Ştatlar Əfqanıstanda uğursuzluğa düçar olaraq şələ-küləsini yığıb oradan qaçandan sonra bizə qarşı köhnə qəlp sanksiyaları yenə bərpa etdi.

Xalqımız yaxşılığa yamanlıq edənə, ondan kömək görüb sonra arxa çevirənə özünəxas birbaşalıqla “nankor”, “ayağısürüşkən” deyib və bunu ciddi əxlaqi qüsur sayıb. Əxlaqsa elə dəyərdir ki, o həm adamda, həm dövlətdə gərək həmişə var ola! Adamın adam əxlaqı var, dövlətin dövlət əxlaqı.

Azərbaycan 2020-ci ilin noyabrında müasir tarixindəki ən ağır müşkülü həll etdi, otuz ilə yaxın müddətdə Ermənistan və ona havadarlıq edən mənhus qüvvələrin işğalı altında olan torpaqlarını azad etdi, dünyanı heyrətdə qoyan Zəfərini çaldı.

Bu Qələbəsini Azərbaycan onillərcə münsif olmaq vəzifəsi daşımış, elçiləri bu tərəflərə səmərəsiz yerə hey gəlib-getmiş dövlətlərin və beynəlxalq təşkilatların heç bir köməyi olmadan, öz əzmi, öz gücü, öz iradəsi ilə qazandı. O münsif olmalılarsa (onların cərgəsində elə həm də bu ABŞ var) əksinə, haqqın təntənəsinə çalışmaqdansa, illərcə bizi işğalla barışmağa, itirilmiş ərazilərimizin daha geri qayıtmayacağına alışmağa sövq etdilər.

Azərbaycan qadir dövlət olduğunu, bu xalqın ədalətsizlik qarşısında heç vaxt əyilməyəcəyini dünyaya sübut etdi, torpaqlarını düşmən tapdağından xilas etməklə, həm də dünyanın eyni ağrıları yaşayan neçə xalqına ümid bəxş etdi ki, xalq və dövlət vəhdətdə olanda, millət və dövlət mənliyini qorumağı bacaranda ən ali məqsədlərə də yetişir.

Azərbaycan müstəsna Zəfərini çaldı və dünənəcən münsifliyini iddia edən, dildə guya münaqişənin həllini istəyənlər indi başqa hava çalmağa başladılar.

Azərbaycanın, ya digər ölkələrin hansısa məngənələrdə çırpınaraq onlardan nə şəkildəsə asılı olmasına çalışanlar, böyük qardaşlıq sevdasına düşənlər, məqamdan istifadə edərək bölgədə nüfuz dairələrini genişləndirməyə can atan kəmfürsətlərin dar qursağı Azərbaycanın Möhtəşəm Zəfərini götürə bilmədi, nə illah elədilər, bu Qələbəni həzm edə bilmədilər, bilmirlər və ona görə də indi löyün-löyün fitnəkar təşəbbüslərlə ortaya sıçrayırlar.

İndi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyi, dünya dövlətlərinin bu yekdil qərarının Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərində ön mövqeyə çıxması bədxahlarımıza dinclik vermir, onları yeni-yeni rəzalətlərə şitəndirir.

Əl altından görülən çirkin işlər, pərdələr ardında törədilən fitnələr öz yerində, Azərbaycanın ZƏFƏRLƏRİNİ həzm edə bilməmənin daha bir təzahürü də ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət oldu.

Bu, o qədər bəsit quraşdırılmış bir səhnəcikdir ki, o müraciətin necə yaranmasının mənşəyini müəyyənləşdirməkdən ötrü məxsusi hazırlığa malik siyasətçi olmağa ehtiyac yoxdur. Artıq arxada qalmış XX əsrin son çərəyinin, üçüncü onili tamamlanmağa doğru irəliləyən yeni yüzilin dünyanı və insanı dəyişən hadisələri və siyasi fırtınaları çoxdandır ki, cəmiyyəti siyasiləşdirib, ən sıravi insanları da, həyatın içərisində olduqlarından, siyasi gedişatla bağlı bəzən siyasətçilərdən də sərrast mülahizələr yürütməyə öyrədib.

O sözləri ki Prezident İlham Əliyev okeanın o tayından, Blinken dəftərxanasından Azərbaycanazidd lax müraciətin sorağı buralara gəlib yetişən kimi oktyabrın 4-də Cəbrayıl şəhərində onillərin yorucu həsrətlərindən sonra işğaldan qurtulmuş yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin qarşısında söyləyirdi, həmin düşüncələr elə həyatları siyasətdən ibarət o sadə insanların hər birinin düşüncəsindən, ürəyindən keçənlər idi.

Əlbəttə ki, ABŞ Dövlət katibinə guya cuşa gələrək bir yerə yığılmış bir qrup Senat və Nümayəndələr Palatası üzvünün Azərbaycanla bağlı məktub yazıb göndərməsi siyasi məzhəkədir və hazır mətnə imza atmış müti sözəbaxanların bu naməsi, artıq əksəriyyətin əsla şübhə etmədiyi kimi, dövlət katibliyinin özünün özünə başqa imzalarla ünvanladığı müraciətdir.

Məqsədsə Azərbaycana hədə-qorxu gəlmək, təzyiq göstərməyə cəhd etməkdən başqa bir şey deyildir.

Keçməz!

Azərbaycan dövlətdir, onun qüruru və qətiyyəti var, tarixin yaxındakı ən ağır sınağından mətanətlə və hünərlə çıxmış bu dövlətin Qadir Lideri var, sözü və əməli bu dövlət və onun rəhbəri ilə bir olan yenilməz və mütəşəkkil xalqı var!

O bədnam müraciətin iyrəncliyini, həqiqətlə daban-dabana zidd olmasını, hansı murdar girdabdan su içdiyini təsəvvür etməkçün bu yetər ki, həmin mətndə bizə qarşı həyasızca ərazi iddiaları irəli sürülür, artıq mövcud olmayan Dağlıq Qarabağ xortladılaraq mübahisəli torpaqlar adlandırılır, guya Qarabağda azərbaycanlıların ermənilərə qarşı etnik təmizləmə apardığı iddia edilir, indi-indi dinc nəfəs almağa başlayan yurdlarımıza ermənilərin maneəsiz və təhlükəsiz qayıdışına çağırışlar edilir və digər belə-belə sərsəmləmələr.

Erməniçiliyə uymuş altmış ABŞ siyasətçisinin imzaladığı həmin çürük müraciətə bəh-bəh deyib təqdir edən, mahiyyətcə bizə yad, sadəcə adı kağızda azərbaycanlı kimi gedənlərin cəmdəyinə necə tüpürməyi 30 ilə yaxın müddətdə olmazın zillətlər çəkmiş, bir çoxu dünyadan həsrətlə köçmüş, indi sayı çoxdan milyonu aşmış keçmiş qaçqın və məcburi köçkünlərimizin ixtiyarına buraxaq.

Azərbaycan üçün yetərincə həssas olan bu məsələlərlə bağlı indi mövqeyini bəyan edənlər Milli Məclis üzvləri, siyasətçilər, ziyalılar, əməkçi insanlar – zahirən ayrı-ayrı şəxslərdirsə də, əslində bunlar bütöv Azərbaycan xalqının sözüdür. Bu mövzuda Azərbaycan dövləti başçısının söylədiklərinin hamısı da büsbütün xalqın ürəyindən gələnlərdir və hər bir ləyaqətli vətəndaşımız ümummilli mənafe ilə birbaşa bağlı olan bu taleyüklü düşüncələrdə Rəhbəri ilə həmrəydir.

Bizim Amerika xalqına da, böyük dövlətçilik ənənələri olan bu iri dövlətə də sayğımız yüksəkdir. Azərbaycan bu qənaətini və mövqeyini də hər zaman əməli ilə nümayiş etdirib.

Dünyanın örnək kimi baxdığı böyük dövlətin dünya qarşısında elə özü irilikdə məsuliyyəti də var. Ancaq özünü sülh, haqq, demokratiya, azadlıq carçısı elan etmiş ABŞ-nin son illərdə keçirdiyi seçkilərdə baş verənləri izləyəndə, onun dünyanın gah o, gah bu ölkəsində xeyirə deyil, şərə xidmət edən açıq və gizli müdaxilələrini seyr edəndə, nümunə sayılası dövlətin sözdə bir cür, əməldə başqa cür olmasına şahid kəsiləndə istər-istəməz nəhəng dövlətin bu çaşbaş, bu hərdəmxəyal, bu laxlaq siyasətinə məyus olursan.

ABŞ idarəçiliyindəki bir paralarının belə çaşbaş davranışlara bais olan əməlləri əslində həm bu dövlətin özünün, həm də Amerika xalqının əleyhinə işləyir, gendən işığını duyaraq onu seçmişlərdə də çaşqınlıq yaradır, onları tərəddüdlərə salaraq başqa daha uyğun seçimlər haqda düşünməyə vadar edir.

Axı, gündəlik həyatda da, böyük siyasətdə də tərəfdaş, yol və səfər yoldaşı olmağın öz şərtləri var. İnam, etibar illər ərzində qazanılır, lakin ona nail olmaq çətinsə də, itirilməsi xeyli asandır. Gərək macal verməyəsən ki, insanlar və dövlətlərarası münasibətlərin bu incə qatına xal düşə. Bircə zədə dəydimi, daha heç vaxt yaddan çıxmır, nə qədər vaxt ötsə də, hər tini düşəndə xatırlanır, başa qaxılır. O yerdə baxılmır ki, nə boydasan. Qiymət əmələ, hərəkətə, etmiş olduqlarına görə verilir, əsl dost, ya lazım olandan-olana dosta dönməyin üzə çıxır.

Azərbaycan bu baxımdan sədaqətliliyini və sabitliyini, sözünün ağası və imzasının sahibi olmasını dünyaya çoxdan isbat edib, mötəbər tərəfdaşlarından da umduğu bundan artıq deyil.

Zamanın indisində Amerikanı çaşbaşlaşdıran heç də yalnız siyasətdəki vaxtaşırı müşahidə edilən çaş tərpənişləri, qoca prezidentinin adamları tay-dəyişik salmasından tutmuş hərdən hansı səmtə getməyi qatışdırmasınacan olan səhvetmələri deyil.

İllərcə üst-üstə qalaqlanan ən müxtəlif böyüklüklü və ən fərqli səciyyəli çaşmalar xronikləşərək mərəzə çevrilib, artıq ABŞ-nin özünü bütövlükdə çaşbaşa döndərib.

Odur ki, böyük ölçüdə yeni dövr içərisində elə ABŞ özü də yolu onunla davam etdirib-etdirməməyin seçimi barədə fikrə dalmağa başlayanlarla bərabər bu gün seçim qarşısındadır.

Həm də bu, yalnız onun lap astanasında olduğu növbəti prezident seçkiləri deyil.

ABŞ-nin öz-özünə də, dünyada apardığı siyasətə də, ölkələrlə qurduğu münasibətlərə də, dostlara, müttəfiqlərə, sabitqədəmlərə və etibarsızlara yanaşmalarına da yenidən ağıl və təmkinlə baxaraq müdrik seçimlər etməsinə ümdə ehtiyac var.

Bu, Vaxtın hökmüdür!

Bu balaca Yer Kürəmizdəsə VAXTdan qüdrətli Dövlət yoxdur!

 

 





Siyasət