Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin 1-ci ildönümü, gözlənildiyi kimi, Ermənistanda da müəyyən reaksiyalarla müşayiət olundu. Əsasən Nikol Paşinyan iqtidarına qarşı müxalifətdə dayanan siyasi qüvvələr, Qarabağdakı keçmiş separatçı rejimin Ermənistan paytaxtına sığınmış qalıqları, eləcə də radikal revanşist mövqeyi ilə seçilən deputatlar, siyasətçilər, politoloqlar ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə nəticələnmiş tədbirləri özlərinə sərf edən formada şərh etməyə çalışıblar. Bundan əlavə, separatçı tör-töküntülər məlum hadisələrin ildönümünü müxtəlif tədbirlərlə qeyd ediblər. Onlar dünən səhər ölkəmizə qarşı işğalçı müharibədə həlak olmuş şəxslərin dəfn edildikləri İrəvandakı Yerablur qəbiristanlığında olublar.
Qarabağın dağlıq hissəsində və işğal olunmuş ətraf yeddi rayonumuzda 32 il (1991-2023) mövcud olmuş separatçı rejimin sonuncu “qlavar”ı Samvel Şahramanyan burada jurnalistlərə yenə də sərsəm açıqlamalar verib. Hadisələrin əsl mahiyyətini təhrif etməyə uğursuz cəhd göstərib və Paşinyan iqtidarını suçlayıb. “Sputnik Ermənistan” agentliyinin “Dağlıq Qarabağın lideri” kimi təqdim etdiyi Şahramanyan sosial şəbəkələrdə və media resurslarında “Artsax xalqı”na qarşı informasiya təzyiqi və terror barədə danışıb. O, Qarabağ sakinlərinin Ermənistanda dövlət çevrilişi planlaşdıran cinayətkar qruplaşmada iştirak etməsi ilə bağlı məlumatlara münasibət bildirib və bunu informasiya terrorizminin tərkib hissəsi adlandırıb. Qeyd edib ki, vətəndaşları əsassız ittihamlardan qoruyacaq qanunvericilik tədbirləri tətbiq etməklə Ermənistanın informasiya məkanını tənzimləmək lazımdır. Şahramanyan Hayastan parlamentini təkcə ölkə vətəndaşlarını deyil, həm də burada yaşayan hər kəsi qorumaq üçün belə qanunlar qəbul etməyə çağırıb.
Baş separatçı onu da deyib ki, “Artsax” sakinləri Ermənistanda tez-tez ağır cinayətlərdə, o cümlədən maliyyə cinayətlərində ittiham olunurlar. Əlavə edib ki, əgər bu ittihamların əsası varsa, hüquq-mühafizə orqanları onlara hüquqi qiymət verməlidir.
Qeyd edək ki, Şahramanyan bu sözləri deyərkən Ermənistan milli təhlükəsizlik xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısının alınmasına dair Hayastan istintaq komitəsinin bugünlərdə yaydığı məlumata istinad edib. Komitədən bildirilib ki, Qarabağdan Ermənistana gələn iki nəfərin daxil olduğu, ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədi ilə plan hazırlayıb: “Araşdırma zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 3 ay ərzində hər ay 220 min rubl ödənilməklə onların Rusiya ərazisində təlim keçmələrinə, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqları ölkədəki müəyyən şəxslər arasında yaymalı olduqlarına dair razılıq əldə olunub. Bir müddət sonra onlar Rusiyanın Rostov şəhərinə gələrək, buradakı “Arbat” hərbi bazasında təlimlərə cəlb edilib, müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”.
İstintaq onu da müəyyən edib ki, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı saxlanılıb. İstintaq komitəsindən 4 nəfər barəsində axtarış elan edildiyi də açıqlanıb.
İndi Şahramanyan bu həbsləri informasiya terroru, dezinformasiya, əsassız ittihamlar və sair adlandırmaqla, bir növ özünü sığortalamağa çalışır. Başa düşür ki, təqsirləndirilən şəxslər təhqiqat zamanı Şahramanyanın da bu işdə əlinin olduğunu açıqlayarlar. Necə deyərlər, sonda kələfin bir ucu mütləq gəlib ona çatacaq. Ona görə də qabaqdangəlmişlik edərək, indidən prosesi siyasiləşdirməyə çalışır.
Ermənistan parlamentinin sədri Alen Simonyanın bugünlərdə verdiyi “Ermənistanla Dağlıq Qarabağ arasında parlament əməkdaşlığı komissiyasının mövcudluğunun artıq heç bir mənası yoxdur, çünki “Arsax” tərəfi öz səlahiyyətlərini itirib” bəyanatına gəlincə, Şahramanyan bunu təəssüf hissi ilə qarşıladıqlarını deyib. Qeyd edib ki, bu cür bəyanatlar, eləcə də “Artsax xalqı”nın qonaq olması və “Artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı bəyanatlar dərin yaralar, ağrılar və məyusluq yaradır.
Rejimin sonuncu “qlavar”ı narazılığını bu sözlərlə ifadə edib: “Mən Ermənistan hökumətinin bütün üzvlərinin və xalqının bu cür düşünməsinə ciddi şübhə edirəm. Mənim bu insanlara sözüm yoxdur, onlar bu hökuməti seçmiş Ermənistan vətəndaşları qarşısında cavab verməlidirlər”.
Parlamentdəki “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan isə ölkəmizi Qarabağda “erməni izlərini yox etməkdə” (?) suçlayıb. Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşelərinin Kəlbəcər rayonuna səfərini hay xislətinə uyğun şəkildə şərh edən Qalstyan iddia edib ki, “Artsaxın erməni izini yox etmək siyasəti” (?) yeni formada təzahür edir. Guya, Azərbaycan diplomatik korpusu öz siyasətinin və təbliğatının iştirakçısına çevirməyi bacarır. Diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət etməsi erməni deputata lap yer eləyib. O, qədim alban abidəsi olan monastır kompleksini “işğal altında olan Dadivank” adlandırıb. Eyni zamanda, dünya ölkələrinin Qarabağ həqiqətlərini getdikcə daha aydın dərk etmələri deputatı hiddətləndirib: “Xatırladım ki, Rossella Fabianinin müəllifi olduğu Vatikanda nəşr olunan “L'Osservatore Romano” dövri jurnalında bugünlərdə “Azərbaycanda xristianlığın mənşəyi: Alban apostol kilsəsinin izi ilə” adlı məqalə dərc olunub. XIII əsrə aid Dadivank və Qandzasar monastır kompleksləri qeyd-şərtsiz Azərbaycan ərazisində alban mədəniyyətinin və alban kilsəsinin ən böyük təzahürləri, Azərbaycan xristianlığın beşiyi kimi təqdim edilib”.
O, baş verənlərə görə, N.Paşinyan iqtidarını ittiham edib: “Biz ona görə belə faciəvi hallarla üzləşmişik ki, faktiki olaraq, dövlətçiliyin yoxluğu şəraitində yaşayırıq. Liderlər millətlə dövləti, vətənlə dövləti qarşı-qarşıya qoyublar. Onlar Ermənistanı metodik şəkildə mənəviyyatından məhrum edir, yalan ismarıcların köməyi ilə bizi unutqan, vətəndən, kimlikdən məhrum, idarə etmək asan, cüzi tələbləri olan kütləyə çevirirlər”.
Ancaq N.Paşinyan hökumətinin üzvləri də separatçıların və revanşistlərin ünvanladıqları ittihamları cavabsız qoymurlar. Sentyabrın 19-da jurnalistlərə açıqlama verən ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Ermənistanın sabiq prezidentlərinin Qarabağ üzrə fəaliyyət göstərmələrinin yeganə səbəbi onların hakimiyyəti ələ keçirmək şanslarını artırmaq üçün 100 mindən çox etirazçıya malik olmaq istəyi ilə bağlı idi.
Nazirin sözlərinə görə, Qarabağ onun sonuncu “prezidentinin” imzası ilə təslim olub, Şahramanyanın imzası ilə bütün “dövlət orqanları” da buraxılıb. O əlavə edib ki, bütün bunlar bu adam Qarabağın başçısı olduqdan 10-15 gün sonra baş verib.
Papoyan deyib: “2023-cü ilin sentyabrında Qarabağda saray çevrilişi baş verərkən Ermənistanın ikinci və üçüncü prezidentləri və onların komandaları bunu nəinki alqışladılar, hətta sevincindən göyə hoppandılar. Bizə dedilər: görün indi Qarabağda hansı siyasət həyata keçiriləcək. Biz də gördük. Cəmi 10 gün ərzində ikinci və üçüncü prezidentlərin komandaları Dağlıq Qarabağın bütün institutlarını “uğurla” ləğv etdilər, bundan sonra Dağlıq Qarabağ da ləğv olundu. Bu qüvvələr Ermənistan hakimiyyətinə təzyiq göstərərək “niyə Dağlıq Qarabağ əhalisinin tezliklə oranı tərk etməsi üçün hər şeyi etmirsiniz?” deyirdilər. Keçmiş prezidentlərin 20 ildən çox apardıqları danışıqlar yalnız Dağlıq Qarabağın və ətraf ərazilərin nə vaxt və necə təslim ediləcəyi ilə bağlı olub”.
Göründüyü kimi, Qarabağda ötən ilin bu günlərində keçirilən antiterror tədbirləri ilə bağlı Ermənistanda qarşılıqlı ittihamlar, bir-birini müxtəlif məsələlərdə təqsirləndirmək geniş vüsət alıb. Heç şübhəsiz ki, bu ittihamlar qarşıdakı illərdə də davam edəcək. Bu, artıq ermənilərin, necə deyərlər, alın yazısına çevrilib. Ancaq bu alın yazısını onlar separatçılıq və işğalçılıq siyasəti yürütməklə özləri yazıblar.
Səxavət HƏMİD
XQ