Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə paytaxtın Binəqədi rayonunun Abay Kunanbayev küçəsində 1100-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaların yerləşdiyi daha bir abad həyət sakinlərin istifadəsinə verilib.
Leyla Əliyeva sakinlərə yeni həyətdə xoş günlər, mənalı istirahət arzulayıb, uşaqlara hədiyyələr təqdim edib. O, “IDEA” könüllüləri ilə birlikdə həyətdə təşkil edilən ağacəkmə aksiyasında da iştirak edib,
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahatlığı nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların əyləncəsi üçün əlverişli şərait yaradılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanla məşğul olması üçün həyətdə süni örtüklü futbol meydançası, müxtəlif idman qurğuları var. Söhbətgahlar, çoxsaylı oturacaqlar da sakinlərin istirahəti üçündür.
Ətrafda quş yuvaları və pişik evləri yaradılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb. Binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Mövcud yaşıllıqlara qulluq göstərilib, yeni yaşıllıq zolağı salınıb, sarmaşıqlardan “yaşıl sədlər” yaradılıb.
2017-ci ildən “Bizim həyət” layihəsi çərçivəsində 153 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
***
Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həmin gün Leyla Əliyevanın iştirakı ilə Nərimanov rayonunda Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə də ağacəkmə aksiyası keçirilib.
“IDEA” könüllülərinin iştirakı ilə 7 hektarlıq yaşıllıq zonasının bir hissəsində 200 Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. İctimai birlik belə ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları birgə fəaliyyətə səsləyir. Sakinlər qanunsuz ağac kəsilməsi ilə rastlaşdıqda şikayət və təkliflərini 1113 qaynar xətt vasitəsilə “IDEA” İctimai Birliyinə çatdıra bilərlər.
XQ