Türk dünyasının nüfuzlu lideri

post-img

III MƏQALƏ

TDT təşəkkülün yeni mərhələsində

Qəbələdə keçirilən XII Zirvə görüşü türk dövlətlərinin siyasi birliyinin perspektivi baxımından prinsipial əhəmiyyət daşıyır. Müzakirə edilən məsələlərin məzmunu və əldə olunan razılıqlar göstərir ki, TDT faktiki olaraq təşkilatlanmanın yeni pilləsinə qədəm qoymuşdur. Təşkilatın 2009-cu ildən başlayaraq baş verən transformasiyaları üçün xarakterik olan və müəyyən mənada artıq ənənəyə çevrilməkdə olan bir neçə əlamət Qəbələ Zirvəsində də müşahidə edildi.

Birincisi, Azərbaycan TDT-nin gücləndirilməsi kursuna tam sadiq qalaraq, maraqlı təşəbbüslərlə çıxış etdi.

İkincisi, təşkilatın digər üzvləri öncəki mərhələlərdə aparıcılıq təşkil edən sivil, siyasi, iqtisadi, mədəni, maliyyə və informasiya istiqamətləri üzrə əlaqələri daha da gücləndirmək xəttini gözlədilər.

Üçüncüsü, XXI əsrin geosiyasi dəyişmə dinamikasına uyğun olaraq TDT üzvləri çevik yeniləşmə kursunu növbəti dəfə nümayiş etdirdilər. Onun iki əsas əlaməti vardı. Onlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin ortaq hərbi və müdafiə sistemini yaratmaq zərurəti ilə bağlıdır. Digəri Türkiyə Prezidenti R.T.Ərdoğanın obrazlı ifadə etdiyi “laqeyd bir beynəlxalq sistemlə üz-üzəyik” tezisidir. Burada “laqeydlik” (və ya biganəlik) beynəlxalq miqyasda nizamsız, haqsız və humanitarlığı çox zəif olan bir tendensiyanın getdikcə güclənməsini ifadə edir.

TDT-nin gücləndirilməsi, sivil özünütəşkil mahiyyətinin saxlanması və beynəlxalq miqyasda baş verən geosiyasi proseslərə Türk dünyasının maraqları işığında çevik reaksiyasının verilməsi istiqamətləri Qəbələdə yeni təşəbbüslərin xarakterini müəyyən etmişdir. Bu aspekt üzərində bir qədər geniş dayanmaq gərəkdir.

Prezident İlham Əliyevin liderlik nüfuzu və TDT

Azərbaycan dövlət başçısının liderlik nüfuzu artıq TDT üçün siyasi kriteriyalardan birinə çevrilmişdir. Faktiki olaraq, Azərbaycan Respublikası türk dövləti kimi və İlham Əliyev siyasi lider olaraq təşkilatın aparıcı faktoru rolunu oynayırlar. Buna üç aspektdə izah vermək olar.

Birincisi, Azərbaycan coğrafi mövqeyinə və ənənəvi geosiyasi roluna görə Türk dünyasını birləşdirə biləcək faktordur. Türkiyə ilə Mərkəzi Asiyanı coğrafi ərazi və geosiyasi güc kimi Bakı inteqrasiya edə bilər. Türkiyədən Mərkəzi Asiyaya “yol” sözün bütün anlamlarında Bakıdan keçir. Eynilə, Mərkəzi Asiyadan “yol” Türkiyəyə Azərbaycandan keçir.

Bu metaforanın müxtəlif real əyani ifadəsini çoxlu sayda layihələrdə və Prezident İlham Əliyevin təşəbbüs etdiyi əməkdaşlıq platformalarında görə bilirik. Daha dərində olan bir fəlsəfi məqam da mövcuddur.

İkincisi, ilk dəfə Azərbaycan siyasi xadimi Heydər Əliyev “bir millət, iki dövlət” kəlamı ilə eyni mədəniyyətə, lakin müstəqil dövlətlərə malik etnosun hansı mənada siyasi birlik yarada biləcəklərinin fundamental şərtlərini müəyyən etmişdir. İndi bu məna sərhədi bütün türk dövlətlərinə qədər genişlənir. Prezident İlham Əliyevin siyasi varis olaraq bu çox əhəmiyyətli fəlsəfi anlamı olan prosesi inkişaf etdirməsi tamamilə təbiidir!

Üçüncüsü, TDT-ni müxtəlif sferalarda Qərblə Şərq arasında mühüm geosiyasi məkana çevirməyi hədəfləyən əsas layihələrin müəllifi Azərbaycandır. Bu sırada son zamanlar Orta Dəhliz kontekstində Zəngəzur məsələsinin qlobal güclərin maraq dairəsinə gətirilməsi də Azərbaycan Prezidentinin liderlik fəaliyyəti ilə birbaşa bağlıdır.

Qəbələ Zirvəsində TDT-yə üzv dövlət başçılarının söylədikləri fikirlər bu üç tezisi təsdiq edir.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstan rəhbərlərinin irəli sürdükləri təşəbbüslər mahiyyətcə Azərbaycan tərəfinin təşəbbüsləri ilə həm səsləşirdi, həm də ona yardımçı olurdular. Məsələn, enerji təhlükəsizliyi ilə bağlı V.Orbanın fikirləri, R.T.Ərdoğanın türk dövlətlərinin bir-birini dəstəkləməsi ilə əlaqədar (xüsusilə, Şimali Kipri) ifadə etdiyi fikirlər, Qazaxıstan tərəfinin kibertəhlükəsizlik, ortaq maliyyə sisteminin yaradılması kimi məsələni aktuallaşdırması (Prezident İlham Əliyev: “Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür”), Özbəkistan, Qırğızıstan və Türkmənistan rəhbərlərinin əməkdaşlığı inkişaf etdirmək üçün irəli sürdükləri fikirlər vurğuladığımız tezisləri təsdiq edirlər.

Bunların fonunda Prezident İlham Əliyevin Qəbələdə irəli sürdüyü təşəbbüs üzərində dayana bilərik.

TDT ciddi geosiyasi mərkəz kimi

Prezident İlham Əliyev Qəbələdəki çıxışında vurğulamışdır: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

Təşkilatın qlobal geosiyasi arenada ciddi geosiyasi mərkəzlərdən biri olması ideyasını Prezident İlham Əliyev Naxçıvan Zirvə görüşündən bu yana həmişə önə çəkmişdir. Bu istiqamətdə ardıcıl olaraq təkliflər vermiş və təşəbbüslər irəli sürmüşdür. Onların fonunda Qəbələdə ifadə edilən fikir onu göstərir ki, TDT artıq ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmanın yeni mərhələsinə qədəm qoymuşdur.

Bir tərəfdən, dünya miqyasında geosiyasi proseslər daha həssas mərhələyə keçmişdir, digər tərəfdən isə həmin proseslərin Türk dünyasına təsiri artmışdır. Buna reaksiya kimi TDT-nin özünü ciddi geosiyasi güc kimi formalaşdırması təbii və məntiqidir. Prezident İlham Əliyevin Qəbələdən verdiyi bu mesaj olduqca əhəmiyyətlidir və bir sıra dairələri özünə gətirməlidir.

Bundan başqa, Azərbaycan dövlət başçısının TDT-nin vurğulanan istiqamətdə perspektivini əks etdirən arqumentləri əsaslı görünür.

7 fundamental arqument

Azərbaycan lideri fikirlərinə davam edərək vurğulamışdır: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”.

Belə alınır ki, daxili siyasi sabitlik, daxili iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial kimi çox mühüm 7 arqument TDT-nin qlobal miqyasda ciddi aktor olmasının möhkəm bazasını təşkil edirlər.

Bu arqumentlərin ayrı-ayrılıqda geosiyasi və siyasi-nəzəri təhlili çox vacibdir. Məsələnin Prezident İlham Əliyev tərəfindən qoyuluşunun olduqca əhəmiyyətli cəhətini mütləq vurğulamaq gərəkdir.

Sülhün qorunması və təhlükəsizlik

Azərbaycan Prezidenti fikirlərinə davam edərək ayrıca vurğulamışdır: “Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Bu müddəalar faktiki olaraq yuxarıda qeyd edilən tezislərin ümumi siyasi-nəzəri təməlini təşkil edirlər. Birincisi, Naxçıvan Sazişi TDT-nin təməl sənədidir. İkincisi, orada sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer almışdır. Üçüncüsü, təşkilat həmişə dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda fəaliyyət göstərməlidir. Dördüncüsü, 2024-cü ildə Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsində əks olunan müddəalarla Qəbələ Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusu arasında ciddi məna, məzmun və məqsəd bağlantısı vardır.

Bütün bunların əsasında Prezident İlham Əliyev iki mühüm ümumiləşdirici tezis irəli sürür. Birincisi, “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”. İkincisi, “Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”.

Nəhayət, ifadə edilən fikirlərin məntiqi yekunu kimi Azərbaycan lideri vacib bir tezisi irəli sürür.

Birgə hərbi təlimlər

Prezident İlham Əliyev Qəbələdə indi tarixi adlandırılan bir fikri təklif etmişdir. Dövlət başçısı demişdir: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.

Bu tarixi təklifdə iki mühüm cəhətin sintezini görürük. Onlardan biri əsaslandırıcı rolunu oynayır. Konkret olaraq, türk dövlətləri arasında hazırda hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq mühiti yaranmışdır. Bu, möhkəm bünövrədir və TDT çərçivəsində daha da inkişaf etdirilməsi zəruridir.

Digər cəhət buradan avtomatik olaraq məntiq əsasında alınır. Yəni strateji məqsəd hər bir türk ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü təmin edilməsindən ibarətdir.

Sonuncu tezisin ümumi konteksti bütövlükdə TDT nümunəsində türk dövlətlərinin siyasi birliyinin fəlsəfəsinin təməlini təşkil edir. Azərbaycan lideri ifadə edir ki, TDT-yə üzv olan hər bir türk ölkəsi müstəqil dövlətçiliyini daim saxlamalıdır və bu kontekstdə onların hər birinin ərazi bütövlüyünün təmini mütləq yerinə yetirilməlidir.

Bir sıra qərəzli dairələr üçün bu çox vacib və aktual mesajdır. Çünki onlar TDT-də kimlərinsə “böyük qardaş” rolunu üzərinə götürəcəyi kimi xülyalara qapılırlar. İlham Əliyev isə vurğulayır: türk xalqları eyni millətin təmsilçiləridirlər və onların hər biri əbədiyyən müstəqil dövlətə və toxunulmaz əraziyə sahib olacaqlar!

Türk dövlətləri müasir mərhələdə dünyada ilk dəfə xalq birliyini uğurlu və perspektivli siyasi birlik modelinə proyeksiya etmək təcrübəsini formalaşdırırlar. Bu xüsusiyyət TDT-ni başqa bütün təşkilatlardan prinsipial olaraq fərqləndirir.

Burada biz ümumi fəlsəfi və siyasi-nəzəri səviyyədə “bir millət, iki dövlət” tarixi kəlamından “bir millət, çoxlu dövlət” formuluna uğurlu ideya və konseptual keçidi görürük.

Qarşıda bizi daha geniş əhatədə bu kimi aktual məsələləri elmi təhlil etmək məsuliyyəti gözləyir!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət