Görkəmli şərqşünasın xatirəsi yad edildi

post-img

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun kollektivi və respublika elmi ictimaiyyətinin nümayəndələri oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 86-cı ildönümündə Fəxri xiyabanda alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmində böyük ənənələr qoyduğunu, AMEA-nın Şərqşünaslıq İnstitutunda ədəbiyyatşünaslıq istiqamətinin ən böyük nümayəndəsi olduğunu, bu istiqaməti elmi məktəbə çevirdiyini deyib. O bildirib ki, sovetlər dövründə dövlət siyasətinin xaricdə olan mühacirlərə mürtəce, burjua kimi baxdığı bir zamanda professor Aida İmanquliyeva mühacirət ədəbiyyatını tədqiq edib, Azərbaycanda ərəb mühacirət ədəbiyyatı haqqında mükəmməl əsərlər yaradıb.

Akademik hazırda Aida İmanquliyevanın ənənələrinin davam etdirildiyini, mühacirət ədəbiyyatı haqqında müxtəlif institutlarda tədqiqatlar aparıldığını, Şərqşünaslıq İnstitutunun bu sahədə çox böyük işlər gördüyünü qeyd edib. Bildirib ki, vaxtilə 1980–1990-cı illərdə Aida xanımın açdığı yol bu gün elmin reallığına çevrilib. Alimin yeni davamçıları, ardıcılları yetişib. Bu gün Aida xanım elmi-mənəvi həyatını yaşamaqda davam edir.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında Aida İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirib. Aida xanımın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən institut rəhbəri alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını vurğulayıb.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, qurumun İdarə Heyətinin üzvü Zərifə Quliyeva, “Odlar yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığına böyük töhfələr verdiyini söyləyib, görkəmli alimin həyatdan vaxtsız getməsinin təkcə şərqşünaslığın deyil, bütövlükdə, ölkə elminin böyük itkisi olduğunu qeyd ediblər.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət