Murov qartalı

post-img

“Biz qalib gələcəyik!” – “Qarabağ” ordenli şəhidimiz Mehman Şirvanovun son sözü bu olub

Birinci Qarabağ müharibəsi başlayanda Mehmanın cəmi 12 yaşı vardı. Döyüş səhnələrini ancaq kinolarda, televiziya ekranlarında görmüşdü. 20 Yanvar faciəsi, Xocalı qətliamı, Qarabağın, Şərqi Zəngəzurun namərd düşmən tərəfindən işğalı, şəhid analarının fəryadı, qaçqın və məcburi köçkünlərin acı taleyi onun qəlbində kədərli izlər qoymuşdu. Məktəbi bitirəndən sonra hərbçi olacağını, şəhidlərimizin qisasını alacağını, torpaqlarımızı xain, alçaq düşmənin tapdağından azad edəcəyini düşünürdü.

Lənkəran rayonunun Ürgə kəndində 7 övladlı zəhmətkeş bir ailədə böyüyən Mehman 1998-ci ildə orta məktəbi bitirəndə arzusuna sadiq qalaraq sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verib və qəbul olunub. Kursant yoldaşları arasında mərdliyi, cəsurluğu, hərbçi peşəsinə sonsuz marağı, təlim və məşqlərdə fəallığı ilə seçilib.

Mehman 2002-ci ildə ali hərbi təhsilini başa vurub, ardınca 1 il təkmilləşdirmə kursunda biliyini artırıb. İlk xidmətə Sumqayıt şəhərinin ətrafında yerləşən hərbi hissədə zabit kimi başlayıb. Sonra Naxçıvanda xidmətini davam etdirib. Zəngin peşəkar təcrübə qazanıb, mayor rütbəsinə yüksəlib. Mingəçevirdə və Goranboyda da nümunəvi xidmət edib. Məsul vəzifələr tutub. Ona növbədənkənar polkovnik-leytenant rütbəsi verilib.

Türkiyə, Gürcüstan, Avstriya və Rumıniyada təkmilləşdirmə kurslarında, NATO-nun təşkil etdiyi təlimlərdə fəal iştirak edən Mehman Şirvanovun mükəmməl təhsili, peşəkarlığı xarici ölkələrdə yüksək rütbəli zabitlərin diqqətini cəlb edib. Qardaş Türkiyədə işləmək təklifinə razı olmayıb. “Torpaqlarımız düşmən işğalı altındadır, belə vaxtda Vətənimi qoyub heç yerə getmərəm”, – deyib.

Mehman Şirvanov 2016-cı ilin Aprel döyüşlərinin fəal iştirakçısı olub. Hər döyüş başlananda igid komandir öndə gedərək, şəxsi heyəti yağı düşmənlə ölüm-dirim savaşına ruhlandırardı.

General Polad Həşimovla Naxçıvanda xidmət zamanı yaxından tanış olduğuna görə, onun 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olması xəbəri Mehmanı çox sarsıdıb. Milli Qəhrəmanın ruhuna üz tutaraq: “Sənin qanını yerdə qoymarıq, qisasını mütləq alacağıq!”, – deyib.

Sonuncu dəfə avqust ayının axırında evə gələndə qohumları, məktəb yoldaşları, dostları ilə görüşüb. Atası Mirəziz kişi ilə qəbiristanlığa gedib, dünyasını vaxtsız dəyişmiş anasının qəbrini ziyarət edib. Atasından soruşub ki, niyə burada şəhidlər üçün yer ayrılmayıb? Sonra məscidin yanındakı boş sahəni göstərərək deyib ki, buranı şəhidlər üçün saxlayın. Mehman şəhid olacağını sanki bilirdi. Sentyabrın 25-də ürəyini döyüş dostu Nail Daşdəmirova da açıb: “Hiss edirəm, illərlə gözlədiyim o gün yaxındadır. Geriyə dönüş yoxdur, arzum budur ki, Vətən uğrunda savaşda ilk şəhid mən olum”.

Sentyabrın 27-də Vətən müharibəsi başlananda Mehmanın rəhbərlik etdiyi tabor Murov yüksəkliyini götürməli, düşməni oradan təmizləməli idi. Səhər tezdən Mehman şəxsi heyət qarşısında çıxış edərək deyib: “Biz heç vaxt məğlub olmuruq. Biz ya şəhid, qazi, ya da qalib oluruq. Möhkəm durun, biz qalib gələcəyik!”.

Mehmanın taboru ilk hücuma keçənlərdən oldu. Mehman qabaqda, şəxsi heyət arxasınca gedirdi. Ordumuzun güclü həmlələrinə dözməyən düşmən geri çəkilirdi. Düşmən gülləsi gizirlərdən birinin həyatına son qoydu. Cəsur komandir tez özünü ona çatdırdı. Həmin anda namərd düşmənin atdığı mərmi nəticəsində “Murov qartalı” Mehman da qəhrəmancasına həlak oldu. Arxadan köməyə gələn hərbçilərimiz düşmənin texnikasını, xeyli canlı qüvvəsini məhv etdilər. Yüksəkliyi ələ keçirib igid komandirin qisası yerindəcə aldılar.

O, əsl vətənpərvər kimi, torpaq, Vətən yolunda uca şəhidlik məqamına yüksəldi. Bu gün Mehman doğma Ürgə kəndində Vətən müharibəsinin şəhidləri ilə yanaşı uyuyur. Nuray adlı 7 yaşlı yeganə övladı yadigar qalıb.

Polkovnik-leytenant Mehman Şirvanov ömrünün 23 ilini Milli Ordunun sıralarında Vətənə sədaqətlə xidmət edib. Müdafiə Nazirliyi tərəfindən beş dəfə “Qüsursuz xidmətə görə” medalı, Milli Ordumuzun yaradılmasının 90, 95 və 100 illik yubiley medallları, çoxlu fəxri fərman, təşəkkürnamələrlə təltif olunub. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat