Şahmatçılarımız Ermənistan komandasını məğlub etdilər

post-img

Dünən Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun görüşləri keçirilib. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçıları ilə qarşılaşıb. Şəhriyar Məmmədyarov birinci taxtada Şant Sarkisyanı məğlub edərək kişilərdən ibarət komandaya 2,5-1,5 hesablı qələbə qazandırıb. Qarşılaşmanın digər üç oyunu heç-heçə başa çatıb.

Qadınların görüşündə Ülviyyə Fətəliyeva Lilit Mkrtçyana, Gülnar Məmmədova isə Mariya Gevorqyana qalib gəlib. Beləliklə, komandamız ümumi hesabda qalib gəlib – 3-1.

Qeyd edək ki, Azərbaycan millisi müxtəlif yarışlarda dəfələrlə Ermənistan yığmasını məğlub edib, lakin bir gündə iki dəfə qalib gəlməsi ilk dəfədir!

Hazırda kişi şahmatçılarımızın 9, qadınların isə 8 xalı var.

Qabil YUSİFOĞLU
XQ

İdman