Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafı məqsədilə bir sıra prioritet istiqamət müəyyənləşdirib. Bunlardan biri də muxtar respublikanın zəngin enerji resurslarından səmərəli istifadə və “yaşıl enerji zonası” üzrə layihələrin icrasıdır. Dövlət başçısının 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, Naxçıvanda yeni istilik elektrik stansiyası da tikiləcək. Naxçıvanın mövcud alternativ və bərpaolunan enerji resursları bu layihələrin icrasına, eləcə də enerji ixracı imkanlarının təmin edilməsinə geniş imkanlar açır.
Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, muxtar respublikanın energetika sistemi yenilənir və daha da təkmilləşdirilir, bərpaolunan enerji istehsalı və ixracı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvan hərtərəfli inkişaf edəcək, muxtar respublikanın enerji təhlükəsizliyi təmin ediləcək, bu diyar Avrasiyanın mühüm enerji qovşağına çevriləcək.
Görüşdə Naxçıvan Muxtar Respublikasında “Yaşıl enerji zonası” konsepsiyası təqdim olunub. Konsepsiya əsasında Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, muxtar respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işlər diqqətə çatdırılıb.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri