Həmsöhbətimiz Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyevdir
Anar Mirzəyev 1982-ci il oktyabr ayının 25-də İsmayıllı rayonunda anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra 2004-cü ildən motoatıcı ixtisası üzrə zabit kimi hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. Qulluq borcunu şərəflə yerinə yetirib. 3-cü, 2-ci və 1-ci dərəcəli “Qüsursuz xidmətə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və digər medallarla təltif olunub. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. İkinci dərəcəli müharibə əlilidir. Döyüşlər zamanı dəfələrlə yaralanan polkovnik müalicədən sonra dərhal döyüş xəttinə qayıdıb. Qəhrəmanla Böyük Zəfərimizin 5 illiyi ilə əlaqədar söhbət etdik, xatirələrini dinlədik.
– Cənab polkovnik, möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsi yaddaşınızda necə qalıb?
– Atəşkəs olsa da, dinc durmayan, tez-tez silahlı təxribatlar törədən düşmənə tutarlı cavab vermək üçün Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözləyirdik. Nəhayət, 2020-ci il sentyabrın 27-də Füzuli rayonu ərazisində döyüşə başladıq. Müharibənin ən ağır anları əsasən ilk günlər oldu. Düşmən 30 ilə yaxın zəbt etdiyi həmin yerlərdə çox güclü mühəndis-istehkam işləri görmüşdü. Bizim əsas üstünlüyümüz isə sonsuz vətən sevgimizin, yüksək döyüş rəşadətimizin və təcrübəmizin olması idi. Şəxsi heyətə deyirdik ki, müharibədə qələbə qazanmaq xalqımızın haqqıdır, bizim isə müqəddəs borcumuz bir vətənpərvər əsgər olaraq bunu həyata keçirməkdir. Buna görə də sona qədər vuruşaraq işğal altında olan torpaqlarımızı azad etməliyik.
– Gərgin gedən döyüşlərdə 3 dəfə yaralanmısınız. Bunlar hansı şəraitdə oldu?
– 2020-ci il sentyabrın 30-da döyüşlərin çox ağır bir anında ilk dəfə yaralandım. Düşmənin mərmisi yanımıza düşdü və qəlpənin biri boğazıma dəydi. Bir anlıq hiss etdim ki, artıq həyatımın sonudur, mən də şəhid oluram... Döyüşlərin son dərəcə qızğın vaxtı olduğundan şəxsi heyətə dayaq olmaq üçün tələsik boğazıma sarğı qoyulan kimi ayağa qalxaraq gülə-gülə dedim ki, narahat olmayın, heç vaxt düşmən gülləsi bizi yıxa bilməz. Sona qədər qəhrəmancasına döyüşərək Şuşaya getməliyik.
– Zabit və əsgərlərin hamısı Şuşaya can atırdı...
– Əvvəlcədən bilirdik ki, hər bir əsgər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə rəşadəti və qanı ilə cavab verməyə hazırdır. Yaralı halda müraciətimə şəxsi heyətin alqış sədaları məni çox sevindirdi və hər birimizin qələbə əzmini yüksəltdi. Füzulidə yerləşən hospitalda gecə saat 1-də rentgen olunduqdan sonra dedilər ki, qəlpə düz nəfəs borusunun yanından keçərək şah damarın üstündə dayanıb. Həkim narahat oldu ki, qəlpəni çıxartmağa ehtiyat edirəm, şah damar zədələnsə, bunun qarşısını ala bilmərik. Sızıldaya-sızıldaya xahiş etdim ki, nəzərə alın, təcili şəxsi heyətin yanına qayıtmalıyam, döyüş təzə başlayır.
– Bəs yaralı vəziyyətdə necə döyüşə bildiniz?
– Bizim bir məqsədimiz və bir yolumuz var idi: Vətəni düşməndən azad etmək, bu yolda şəhid olmaq. Çətinliklə də olsa, döyüşə atıldım. İşğal altında olan Füzuli rayonunun xeyli hissəsini azad etdikdən sonra Xocavənd istiqamətində irəliləyirdik. Qırmızı Bazar istiqamətində döyüşə girməli idik. Düşmən isə məğlub olduğunu gördüyü üçün özünü itirdiyindən hətta zirehli texnikaya atılan raketləri tək hədəf olan əsgərə atırdı...
Birdən güclü uğultu hiss etdim. Elə bildim ki, raket başımı bədənimdən ayırdı. Yerdən qalxan kimi yıxıldım. Mərmi qəlpəsi ayağımın bir hissəsini aparmışdı. Gözlərim tutulmuşdu, elə hiss etdim ki, artıq ayağım yoxdur. Bir müddət komada qaldım. Ayılanda hospitalda həkimlərin əhatəsində olduğumu gördüm. Birdən-birə düşündüm ki, bəlkə, ermənilərin əlindəyəm, çünki səs eşitsəm də, nə deyildiyini anlaya bilmirdim. Sonra gördüm ki, Bakıda hərbi hospitaldayam. Ayılan kimi əlim və ayağım barədə düşündüm və soruşdum. Həkim dedi ki, ayağın yerindədir... əlimə gəlincə isə bir az fasilə verdi. Dedim ki, ayağımın və əlimin olması mənim üçün o qədər də maraqlı deyil, təki Vətən sağ olsun. Dedilər ki, qolun yerindədir, yaxşı olacaq, sağalacaq, amma barmaqların qırılıb. Qolumu da amputasiya etmək istəyiblər. Birinci gecə ilk əməliyyat 18 saat davam edib. Artıq nəbzin itmişdi və qayıtdıqdan sonra qolunu kəsməyiblər. Sağ olsun həkimlərimiz, çətinliklə də olsa məni həyata qaytara biliblər.
– “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülməyinizi harada eşitdiniz və ilk reaksiyanız necə oldu?
– Hospitalda reanimasiyadan çıxdıqdan sonra yavaş-yavaş özümə gəlirdim. Sarğı otağı palata ilə üzbəüz olduğundan, bir dəfə həkimdən xahiş etdim ki, istəyirəm sarğıya özüm gedim. Birtəhər razılaşdı. Tibb işçilərinin müşayiətilə divardan tuta-tuta getdim. Palataya qayıdanda gördüm ki, orada xeyli həkim və tibb işçisi toplaşıb. Məni görən kimi alqışladılar. Əvvəlcə fikirləşdim ki, yəqin yeriyə bildiyimə görə sevinirlər. Sonra dedilər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə sizə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Sözün düzü, ilk andaca çox qürurlandım və fəxr etdim ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazanan qalib xalqın qəhrəmanı olmuşam.
– Döyüş yoldaşlarınızla görüşürsünüzmü?
– Bəli, birmənalı olaraq. Özü də öncə şəhidlərimizi böyük ehtiramla yad edirik. Müharibə dövründə yaşadığımız ağrıları, qazandığımız uğurları fəxrlə xatırlayırıq. Şəhidlərimizin ailələrini, övladlarını və valideynlərini yad edirik. Bununla da onların daim əziz tutduğumuz ruhlarına ehtiramımızı ifadə edirik. Şəhidlərimizin xatirəsini uca tutmaqla ailələrinə mənəvi dayaq olmağa çalışırıq.
– Şəhid ailələrinə, qazilərə göstərilən qayğı barədə nə deyərdiniz?
– Birmənalı şəkildə deyə bilərəm ki, dövlət başçısı tərəfindən hər bir şəhid ailəsinə və qazilərə hərtərəfli qayğı göstərilir, onların bütün problemləri yerindəcə həll olunur. Bu istiqamətdə görülən məqsədyönlü tədbirlər məmnunluq hissi ilə qarşılanır. Mütəmadi ziyarət etdiyim şəhid ailələri bu minnətdarlığı hər dəfə vurğuladıqda xüsusi fəxarət hissi keçirirəm. Hər birimiz dövlətimizin bu humanist siyasətindən son dərəcə razıyıq.
Biz də Həmkarlar İttifaqı Təşkilatının və mənim təşəbbüsümlə hər zaman şəhid ailələrinə mənəvi dayaq olmağa çalışırıq. Görüşlərdə şəhidlərimizin döyüş rəşadəti barədə övladlarına ətraflı geniş məlumat verərək onları sevindiririk. Bu səbəbdən də hər dəfə döyüş yoldaşlarımızla söhbətlərimizdə bu barədə ətraflı danışır və şəhidlərin qəhrəmanlığını uca tutmağa çalışırıq. Çünki mənəvi borcumuz olaraq hər bir şəhidimizin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqla xalqımızın qəhrəmanlıq ruhunu əbədi qorumalıyıq.
Söhbəti yazdı:
Mikayıl NƏRİMANOĞLU
XQ-nin bölgə müxbiri