Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

11 oktyabr

• Müdafiə Nazirliyinin məlumatında Ermənistanın Gəncənin dinc sakinlərini növbəti dəfə hədəfə aldığı, gecə saatlarında şəhərə atılan raketlərdən bir neçəsinin yaşayış binalarına düşdüyü, ölənlər və yaralananların olduğu bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb edilib.

• Baş Prokurorluğun məlumatına görə, işğalçının gecə saat 2 radələrində Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli yaşayış binasına və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Məlumata əsasən, düşmən ölkə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan olunan humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.

• Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, düşmənin raket atəşi nəticəsində Gəncədə dağılan binada axtarış-xilasetmə işləri yekunlaşıb. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb.

• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

• Müdafiə Nazirliyinin yaydığı digər bir məlumatda bildirilir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 T-72 tankı, 6 D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 digər avtomobil texnikası, 3 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 “Qvozdika” özüyeriyən haubitsası, 8 hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb.

• Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometr uzaqdakı Mingəçevirə atdığı raketlər ordumuzun hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

• İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma cəhd göstərən düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusu məhv edib.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.

Mustafa KAMAL
XQ







Siyasət