Son illərdə ekoloji davamlılıq yalnız idealistlərin və elm adamlarının deyil, həm də bankların, investorların və dövlət qurumlarının gündəminin mərkəzinə çevrilib. Yaşıl kreditlər isə məhz bu dönüşün maliyyə aləti kimi önə çıxır. Ətraf mühitə müsbət təsir göstərən, karbon emissiyasını azaltmağa və enerji səmərəliliyini artırmağa yönəlmiş layihələrin maliyyələşdirilməsini təmin edir.
Yaşıl kreditlərin spektri genişdir. Bərpa olunan enerji mənbələri – günəş, külək, hidro və biokütlə, binalarda istilik izolyasiyasının yaxşılaşdırılması, enerjiyə qənaət edən texnikaların tətbiqi, elektrik avtomobillərinin alınması, tullantıların idarə olunması, geri dönüşüm və s. Hər bir layihə ictimai və ekoloji dəyər yaradır. Daha təmiz hava, azalan istixana qazları və enerji sərfiyyatında qənaət.
Yaşıl kredit əldə etmək istəyən layihələrin qarşısında duran əsas şərtlər də aydındır. Müraciət edən şəxs və ya müəssisə layihənin ekoloji təsirini — məsələn, karbon emissiyasının nə qədər azaldılacağını ölçülə bilən formada təqdim etməli, bank və ya maliyyə təşkilatının xüsusi meyarlarına cavab verməli və layihənin həyata keçirilməsinin gözlənilən nəticələri haqqında detallı hesabat verməlidir. Bu şəffaflıq həm kredit verən, həm də cəmiyyət üçün riskləri azaldır və investisiyanın nə dərəcədə məqsədəuyğun olduğunu sübut edir.
Üstünlüklər isə göz qabağındadır: yaşıl kreditlər adətən aşağı faiz dərəcələri ilə təmin olunur, dövlət və beynəlxalq təşkilatlardan subsidiyalar, texniki və məsləhət dəstəyi alınması mümkündür. Bunun nəticəsində həm ekoloji təsirin yaxşılaşdırılması, həm də iqtisadi qənaət eyni anda reallaşa bilər. Məsələn, enerji səmərəli binalar uzun müddətdə xərclərin əhəmiyyətli dərəcədə azalmasını təmin edir. Ümumiyyətlə, 1980-ci illərdə ABŞ banklarının ekoloji zərərlərə görə məhkəmələrlə üzləşməsi və cərimələnməsi bu sahədə dönüş nöqtəsi hesab olunur. Məhz o vaxtdan etibarən maliyyə institutları yalnız gəlirə deyil, həm də ətraf mühitə olan təsirə görə qiymətləndirilir.
“Ökobank” və “South Shore” kimi ilk yaşıl banklar bu yeni yanaşmanın canlı nümunələrinə çevrildi. Onlar maliyyələşdirdikləri layihələrdə ekologiyanı və sosial məsuliyyəti önə çəkərək, yalnız kredit verməklə kifayətlənməyib, eyni zamanda yerli cəmiyyətlərin rifahına və təbii resursların qorunmasına yatırım etdilər. Bu bankların fəallığı göstərdi ki, maliyyə kapitalı ictimai və ekoloji fayda üçün də güclü alət ola bilər. Yaşıl bankçılıq bank investisiyalarını ekoloji davamlılıq və sosial məsuliyyət prinsipləri əsasında istiqamətləndirən yanaşmadır. Bu, həm banklar üçün yeni biznes imkanları, həm də cəmiyyət üçün real dəyər deməkdir. Bu çərçivədə təqdim olunan “yaşıl kreditlər” də xüsusi əhəmiyyət daşıyır. Onlar ekologiyaya və cəmiyyətə fayda verən layihələrin reallaşması üçün nəzərdə tutulmuş maliyyə resurslarıdır. Belə kreditlər sayəsində iqtisadiyyat daha təmiz, daha səmərəli və daha ədalətli istiqamətə doğru hərəkət edir.
Azərbaycanda da yaşıl kreditlərə maraq sürətlə artır. Müstəqil maliyyə institutlarımızdan biri – Mərkəzi Bank tərəfindən hazırlanan və təsdiqlənən Yaşıl Taksonomiya bu sahədə vacib addımdır. İqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin və onların texniki təsnifat meyarlarının müəyyənləşdirilməsi maliyyə bazarında standartlaşmanı və şəffaflığı gücləndirir. Bu, yerli bankların və investorların yaşıl layihələri daha rahat qiymətləndirməsinə və maliyyələşdirməsinə imkan yaradır.
Maraqlı və eyni zamanda düşündürücü statistika da vəziyyətin necə inkişaf etdiyini aydın göstərir. Bu ilin I yarısında Azərbaycan bankları tərəfindən verilən 12 min 756 ədəd yaşıl kreditdən 12 min 285-i, yəni əksər hissəsi heyvandarlıq və akvakultura sahəsinin payına düşüb. Məbləğ olaraq isə ümumi 289,9 milyon manat məbləğin 91 milyon manatı bu sahəyə yönəlib. “Yaşıl nəqliyyat”a 284 ədəd (112,1 milyon manat), enerji səmərəliliyinə 89 ədəd (37,5 milyon manat), bərpaolunan enerjiyə 5 ədəd (18,6 milyon manat), suyun dayanıqlı idarə olunmasına 31 ədəd (14,6 milyon manat), çirklənmənin qarşısının alınmasına 4 ədəd (1,2 milyon manat) və dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasına 58 ədəd (14,7 milyon manat) yaşıl kredit verilib. Bu ilkin nəticələr bank sektorunun “yaşıl maliyyə” fəaliyyətinin başlanğıc mərhələsini əks etdirir.
Bu rəqəmlər iki əsas mesaj verir. Bir tərəfdən, yaşıl kreditlər artıq real iqtisadiyyata daxil olur və fermerdən tutmuş sahibkara qədər müxtəlif seqmentləri əhatə edir. Digər tərəfdən isə maliyyələşmənin sahələr üzrə paylanmasında tarazlığın olmadığını görürük: heyvandarlıq və akvakultura böyük həcmdə resurs alarkən, bərpa olunan enerji və enerji səmərəliliyi kimi uzunmüddətli iqlim faydası verən sahələr hələ daha məhdud maliyyə dəstəyi alır. Bu, həm bankların risk qiymətləndirmə meyarları, həm də bazar tələbatı ilə bağlı strateji suallar doğurur.
Qlobal təcrübə isə göstərir ki, yaşıl maliyyələşmənin effektiv olması üçün yalnız kredit mexanizmləri kifayət etmir — ona uyğun olaraq siyasət alətləri, vergi təşviqləri, texniki kömək və layihələrin monitorinqi də eyni dərəcədə vacibdir. Avropa İttifaqı ölkələri, Çin, ABŞ, Yaponiya və Kanada kimi liderlər bu kombinasiya üzərində qurulan sistemlər vasitəsilə yüksələn yaşıl investisiya həcmlərinə nail olublar.
Uğurlu yaşıl transformasiya üçün isə bir neçə amil vacib qalır: peşəkar layihə idarəçiliyi, şəffaf monitorinq, nəticələrin ölçülməsi və cəmiyyətin maarifləndirilməsi. Bank xətləri açmaq başlanğıcdır. Lakin bu xətlərdən maliyyələşən layihələr ölçüləbilən və davamlı faydalar verməlidir. Əks halda, yaşıl etiket yalnız kağız üzərində qalacaq.
Nəticə etibarilə, yaşıl kreditlər həm ölkələr, həm şirkətlər, həm də fərdlər üçün həm mənfəət, həm də dəyər yaradan alətdir. Azərbaycanda Yaşıl Taksonomiyanın tətbiqi və artan maraq bu prosesin başlanğıcıdır. Yaşıl Taksonomiya Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanıb və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank tərəfindən təsdiqlənib. Növbəti və ən vacib addım isə həmin marağı siyasətə, institutlara və icra mexanizmlərinə çevirərək layihələri kütləvi şəkildə həyata keçirməkdir.
Sonda qeyd edək ki, “yaşıl kredit” ideyasına hazırda çox güclü maliyyə dəstəyi gərəkdir. Ölkəmizdə “yaşıl enerji” resurslarının işlənilməsi və ixracına paralel bu sahəyə də getdikcə daha geniş diqqət ayrılması gözlənilir.
Nurlan ABDALOV
XQ