Moskva–Bakı strateji dialoqunun bərpası Cənubi Qafqazda sülh və sabitlik üçün yeni üfüqlər açır
Dövlətlərarası münasibətlərin siyasi kompasında əqrəb müvəqqəti təlatümlərə baxmayaraq, sonda həmişə strateji maraqların və dəyişməz coğrafi reallıqların göstərdiyi qütbü tapır. Azərbaycan və Rusiya arasında dialoqun yenidən intensivləşməsi və münasibətlərdə müşahidə olunan istiləşmə, məhz həmin qanunauyğunluğun təzahürüdür. Bu, kənar təsirlərin və emosional dalğalanmaların yaratdığı süni maneələrin aradan qaldırılaraq iki qonşu dövlətin ortaq məxrəcə gəlməsinin hər iki tərəfin uduşu və qonşuluq diplomatiyasının məntiqi qələbəsidir. Dövlət başçılarının siyasi iradəsi ilə başlayan həmin normallaşma prosesi Cənubi Qafqazda sülh və sabitliyin gələcəyi üçün alternativsiz əməkdaşlığın konturlarını yenidən cızır.
Münasibətlərin hazırkı mərhələdəki uğurunun əsas açarı prosesin ictimai diskursun səs-küyündən kənarda sakit və işgüzar təmaslar formatında aparılmasıdır. Emosiyaların siyasi məqsədəuyğunluğu kölgədə qoyduğu anlarda ən dayanıqlı münasibətlər belə sınağa çəkilə bilər. Məhz buna görə də iki ölkə arasında aparılmış sakit təmaslar emosiyadan kənar, qarşılıqlı maraqlar və regional reallıqlar nəzərə alınmaqla davam etdirilməlidir. Həmin yanaşma, həm təxribatçı üçüncü qüvvələrin münasibətlərə müdaxilə imkanlarını məhdudlaşdırır, həm də mürəkkəb məsələlərin peşəkar və nəticəyönümlü həllinə şərait yaradır.
Normallaşma prosesinin hərtərəfli və səmimi xarakter alması üçün növbəti vacib addım Rusiya Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşı olan azərbaycanlılara qarşı son vaxtlar intensivləşən təqiblərin tamamilə dayandırılmasıdır. Dövlətlərarası münasibətlərin səmimiliyi, eyni zamanda vətəndaşlara qarşı münasibətdə özünü büruzə verir. Rusiya cəmiyyətinə və iqtisadiyyatına əsrlər boyu töhfələr vermiş, qanunlara riayət edən azərbaycanlıların hədəfə alınması, dostluq və qonşuluq ruhuna zidd olan vəziyyətdir. Yəqin etmək olar ki, prezidentlərin görüşündən sonra Rusiya Federasiyasının aidiyyəti təşkilatları, xüsusilə hüquq mühafizə bloku lazımi impulslar almışdır və həmin mənfi tendensiyaya qısa zamanda son qoyulacaq.
Bütün mürəkkəb dövrlərə və fərqli maraqlara rəğmən Azərbaycan və Rusiya üçün dəyişməz qalan fundamental həqiqət var: biz dostuq və qonşuyuq. Coğrafiyanı və tarixi dəyişmək mümkün olmur. Pozitiv yanaşma hər iki ölkənin milli maraqlarından irəli gələn strateji imperativdir. Münasibətlərin normallaşması bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına xidmət edən mühüm hadisədir.
Yusif Şərifzadə
X.Q