Deyəsən, Ağ ev bölgədə Kremllə yeni münaqişə ocağı yaradır
Əgər yayılan xəbərlər təsdiqini taparsa, onda Vaşinqtonun İrəvanla hərbi-texniki əməkdaşlığın yeni fazasına keçdiyi barədə danışmaq olar. Yoxsa, Pentaqonun Ermənistanın İranla sərhədinə – Zəngəzur dəhlizi yaxınlığına özünün hərbi kontingentini yeritməsinə nə ehtiyac vardı? ABŞ onsuz da Rusiyanın bu transmilli nəqliyyat qovşağına nəzarəti ələ keçirməsinə yol verməyəcəyi ilə bağlı mövqeyini, üstüörtülü şəkildə olsa da, bildirmişdi.
Deməli, “Caliber.az”ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Birləşmiş Ştatların Silahlı Qüvvələrinə məxsus iki “Boeing C-17” hərbi yük təyyarəsi şəxsi heyət və xüsusi avadanlıqla birlikdə Zvartnots hava limanına eniş edib. Ardınca sayt onu da yazıb ki, təyyarələrdən birində İran ərazisindən havaya qalxan raketlərin, eləcə də təyyarələrin uçuş istiqamətini izləyən xüsusi cihazlar olub. Ehtimal edilir ki, məqsəd İran ərazisindən İsrailə mümkün hava hücumu riskinin qarşısını almaqdır. Xəbərdə o da qeyd olunur ki, okeanın o tayından gətirilən qurğular Ermənistanın məhz İranla sərhədində yerləşdiriləcək. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə Ermənistanın İranla sərhədini Rusiya sərhədçilərinin qoruması ilə bağlıdır. Yəni, ərazidə mövcud sərhəd qoruma xidməti olduğu halda, rəsmi İrəvan belə bir avantürist addımı atmağa qadirdirmi?
Əgər yayılan məlumatlara inansaq, ABŞ texnki cihazlarla yanaşı, özünün 30-50 nəfərlik hərbi heyətini də bölgəyə göndərib. Bu zaman sərhədə nəzarəti tam ələ keçirmək üçün səriştəsinə inanmadığı yerli erməni hərbçilərindən deyil, onların formasında olan öz sərhədçilərindən yararlanmaq istədiyi versiyası irəli sürülüb. Uniforma dəyişməsi isə Rusiya və İranın diqqətini sərhəddə yerləşdiriləcək şəxsi heyətdən yayındırmaq məqsədi daşıdığı bildirilir. Hətta seçimin ABŞ ordusunda xidmət edən erməni əsilli hərbçilər, eləcə də postsovet ölkələrindən ora köçmüş qafqazlılar arasından edildiyinə diqqət çəkilir. Bu kontingentin artıq Ermənistanın Zəngəzurdakı hərbi hissəsində yerləşdirildiyi xəbər verilir.
Açığı, bu informasiyanın İrəvanın düşünülmüş şəkildə, maraqlı tərəflərin reaksiyasını öyrənməkdən ötrü dövriyyəyə buraxdığı feyk-xəbər olması versiyası da özünün mövcudluq statusunu qoruyub saxlamaqdadır.
* * *
Yayılan informasiyadan öyrənirik ki, Bakının iştirak etmədiyi üçtərəli (ABŞ–Aİ–Ermənistan) Brüssel görüşündə imzalanmış sənədin hərbi-texniki əməkdaşlığın da nəzərdə tutulduğu məxfi hissəsinə uyğun şəkildə, okeanın o tayından Ermənistan ordusu üçün ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, eləcə də zirehli texnika gətirilib. Bundan başqa, yayılan xəbərlərdə Ermənistan xüsusi təyinatlıları üçün NATO-da istifadə olunan mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatlarının çatdırıldığı da yer alıb. “Caliber.az”-ın məlumata görə, bundan əvvəl ABŞ hərbçiləri erməni xüsusi təyinatlılarına həmin sursatlardan istifadə üzrə təlimlər keçiblər. Ermənistan tərəfi isə bu silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. Məlumatda ABŞ-dən Ermənistana gətirilən silah-sursatın yerli relyefə və hərbi şəraitə uyğunlaşdırıldığı da yer alıb. Maraqlıdır, görəsən həmin “uyğunlaşdırma” prosesində Ermənistanın Azərbaycanla şərti sərhədi boyu düzülmüş Aİ-nin mülki missiyasının bizim mövqelərimizlə bağlı topladığı kəşfiyyat məlumatlarından hansı formada istifadə olunub? Ümumiyyətlə, sülh danışıqlarının fəal dəstəkləyicisi rolunda qaldığını bəyan edən Ağ ev Administrasiyası Azərbaycanın sülh sazşinin imzalanması üçün irəli sürdüyü şərtlərlə razılaşmadığı üçünmü Zəngəzura “qoşun” yeridir? Axı, Bakı bu dəhlizin Azərbaycan üçün həyati əhəmiyyət kəsb etdiyini Dövlət Departamentinin başçısı Antoni Blinkenin nəzərinə dəfələrlə çatdırıb. Sülhə nail olmağa qoymayan digər amil Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır.
“Söhbət Ermənistan konstitusiyasının Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək”. Bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində səsləndirib. Onun sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın əsas hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini həll etməyə razılaşıb: “Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Amma bunun tərəflərin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”. Göründüyü kimi, Bakı və İrəvanın vasitəçisiz, birbaşa dialoq formatında razılaşdığı məsələnin həlli variantı kənar aktorların mənafeyi ilə üst-üstə düşməyib. Axı, ABŞ üçün tərəflər arasında sülh sazişinin imzalanmasından daha vacib və strateji sual Zəngəzur dəhlizinin kimin nəzarəti altında fəaliyyət göstərəcəyi məsələsidir. Fəqət, Ağ evin bu platformada Rusiya ilə kəllə-kəlləyə gəlməyə qərar verməsi inandırıcı görünmür.
* * *
İrəvan isə belə hərbi-siyasi vurnuxmalara vaxt itirməkdənsə keşiş Baqrat Qalstanyanın sentyabr ayına vəd etdiyi “qaynar payız”a necə hazırlaşmaq barədə düşünsün. Onun bunun əvəzinə sülh danışıqlarında aradığı bütün əyri yollar eyni ünvana aparıb çıxaracaq. Bü ünvanın adı – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Əks-təqdirdə, özünü Şərq və Qərb, ABŞ və Rusiya arasında “istismar müddəti bitmiş” siyasi poliqona çevriən Ermənistanın yaxın gələcək üçün ən yaxşı perspektivi Ukraynanın taleyini yaşaması olacaq.
O ki qaldı Vaşinqtonun Cənubi Qafqazda “çoxbaşlı” oyunlarına, onun bölgədə, hətta Zəngəzurda yerləşmək planlarına və guya, vaxt udmaq niyyətinə, bunların hamısı arxada qalmış mərhələdir.
P.S. ABŞ Administrasiyası Yaxın Şərqdəki hərbi mövcudluğunu kreyser və esmineslərin, həmçinin əlavə təyyarələrin yerləşdirilməsi yolu ilə gücləndirir. Müdafiə naziri Lloyd Ostin deyib ki, ABŞ Yaxın Şərqdə mövcudluğunu saxlamaq üçün “Avram Linkoln” gəmisini iyulun sonunda “Teodor Ruzvelt”lə əvəz edib. O, həmçinin bölgəyə HHM sistemli kreyser və esmineslər, Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərildiyini bildirib. Yəni, indi biz ABŞ-nin Yaxın Şərq “ssenarisinə” Zəngəzur dəhlizi məsələsini də daxil etməsi versiyasına inanaq?
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Ermənistan hakimiyyəti son vaxtlar mütəmadi şəkildə Rusiyaya göstərir ki, ondan tamamilə uzaqlaşmaq və Avropa, ABŞ ilə yaxın olmaq istəyir. İrəvan Vaşinqtonla hərbi-texniki əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir. Aydın məsələdir ki, Ağ evin əsas məqsədi rusları Zəngəzurdan sıxışdırmaqdır. Yəni, Rusiya sərhədçilərinin bu dəhlizi qorumalarına imkan verməmək, həmin kontingenti amerikalı əsgərlərlə əvəzləmək. Bəlkə də, orada müəyyən sayda şəxsi heyətə malik hərbi baza yaratmaq planı var.
Belə bir plan, hətta, reallaşarsa onun Ermənistana hansı faydanı verəcəyini deməyə çətinlik çəkirəm. Axı, İrəvanın sərhəddə rusları amerikalılarla əvəz etməyi bacaracağını birmənalı söyləmək qeyri-mümkündür. Bunlar ciddi sualları ortaya gətirən məqamlardır. Paşinyan iqtidarının bunu asanlıqla edə biləcəyinə şübhəm var. Sadəcə, bölgədə Rusiya ilə ABŞ arasında yeni qarşıdurma meydanı yarana bilər.
Azərbaycan bütün hallarda, – istər ruslar olsun, istər amerikalılar – Zəngəzur dəhlizindən istifadə etməlidir. Gec-tez bu dəhliz açılmalıdır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya açılmalıdır. Buna mütləq nail olacağıq. İrəvandakılar da bunu başa düşməli və nəticə çıxarmalıdırlar.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı:
– Rəsmi mənbələrdən təsdiqlənməmiş məlumata şərh vermək doğru olmasa da, məsələ ilə bağlı bəzi mülahizələrimizi bölüşə bilərik. ABŞ-dən göndərilən bir ovuc hərbçinin ya erməni əsilli olmasının, ya da vaxtilə MDB-dən çıxmış və indi Pentaqonun ordusunda xidmət edən adamlardan olmasının heç bir fərqi yoxdur. Bir dəstə adamın bölgədə hərbi balansı dəyişmək iqtidarında olmaması birmənalıdır. ABŞ-dən hansısa snayper tüfəngləri, xüsusi cihazların göndərilməsinə gəldikdə isə bunların da Azərbaycan üçün ciddi təhlükə yarada biləcəyindən danışmaq yersiz olar.
Əslində, mediada yazılanlar özünün təsdiqini tapmış fakta çevriləcəyi təqdirdə, bu, daha çox həm Rusiyada, həm də İranda qıcıq yaratmalıdır. Axı, Ermənistanın İranla sərhədini Rusiya sərhədçiləri qoruyurlar. Yəni, bu məsələ ilk növbədə Rusiyanın sərhəddəki hərbi bazasının rəhbərliyini narahat etməlidir. Sonra da İranı ciddi şəkildə narahat etməlidir. İndi onlar zəhmət çəkib səslərini çıxarsınlar. Azərbaycan tərəfinin boynuna düşən vəzifə bunu fakt olaraq təsdiqləyərək lazımi səviyyədə təqdim etməkdir. Amma, dediyim kimi, baş vermiş hadisəyə əsas reaksiya Moskvadan və Tehrandan gəlməlidir.
İmran BƏDİRXANLI
XQ