Azərbaycan Prezidenti İlham Əliyev Sergey Şoyqu ilə dəfələrlə söhbət edib. Əvvəllər onu Bakıda Rusiya Müdafiə Nazirliyinin rəhbəri qismində qəbul ediblər və danışıqların hər biri dolğun və konstruktiv olub. Sergey Şoyqunun yeni statusu və Vladimir Putinin ona verdiyi xüsusi səlahiyyətlər müzakirə edilən məsələlərin əhatə dairəsini xeyli genişləndirib. Bu kontekstdə postsovet məkanında, Avrasiyanın cənub hissəsində və qlobal miqyasda gərginliyin artması fonunda yaranan vəziyyətin Rusiya və Azərbaycan kimi tarixi dostluq əlaqələri olan strateji tərəfdaşlardan təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin milli maraqların və dövlət suverenliyinin müdafiəsi üzrə ən geniş spektrdə əlaqələndirilmiş yeni qərarların işlənib hazırlanmasını tələb etdiyini qeyd etmək lazımdır.
Bu fikirləri rusiyalı politoloq, “PolitRus” ekspert-analitika mərkəzinin rəhbəri Vitali Arkov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycana səfərini və Prezident İlham Əliyevin onu qəbul etməsini şərh edərkən bildirib.
Ekspert Sergey Şoyqunun Tehrana səfərindən sonra Bakıda keçirilən yüksəksəviyyəli görüşdə dövlətimizin başçısı ilə əsas həlqəsi Azərbaycan olan və artıq iştirakçı ölkələrin tərəqqisinin ciddi hərəkətvericisinə çevrilən multimodal “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını müzakirə etməsini tamamilə məntiqli adlandırıb.
“Tamamilə aydındır ki, getdikcə daha çox dövlət və ərazi “Şimal–Cənub” nəqliyyat dəhlizi ilə əlaqə qurmağa çalışır. Biz BRICS, ŞƏT və Aİİ tərəfindən böyük marağın olduğunu müşahidə edirik. Azərbaycan Qlobal Cənubun əsas dünya proseslərinə təsirinin artması ilə eyni vaxtda siyasi, iqtisadi və ekoloji (COP29-a ev sahibliyi edən ölkə kimi) avanqardda xüsusi yer tutur”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
V.Arkov ehtimal edir ki, Tehrana səfərin yekunlarına dair Bakıda keçirilən görüşdə təkcə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində deyil, həm də xüsusi əhəmiyyət kəsb edən digər sahələrdə üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Onun sözlərinə görə, bu məsələ Moskva ilə İrəvan arasında münasibətlərdə artan problemlər nəticəsində gündəmə gəlib. Belə ki, Ermənistan əvvəllər Rusiya ilə İran arasında ictimaiyyətə açıqlanmayan təmaslarda yaxından iştirak edib, lakin sonradan rəsmi şəkildə qərbyönlü xarici siyasət kursu götürüb və əlbəttə ki, öz ərazisini ABŞ və Fransanın bölgədəki çirkin maraqlarının forpostuna çevirməyə imkan verib”.
“Demək olar ki, Ermənistanın tezliklə Rusiya ilə birlikdə tarixən əsaslandırılmış yola qayıdacağı dəqiqdir. Lakin İrəvanın qeyri-sabitliyi və etibarsızlığı nəticəsində Moskva və Tehran seçimini əldə olunmuş razılaşmalara ciddi əməl edən və beynəlxalq statusda bərabərhüquqlu tərəfdaş olan Bakının xeyrinə əvvəlcədən müəyyən ediblər”, - deyə rusiyalı politoloq sözlərinə yekun vurub.