İrəvanın siyasi elitası fürsəti əldən vermir
Ermənistanda sülhdən yayınmağın ən müxtəlif forma və vasitələri nəzərdən keçirilir. İndiyədək də ölkənin siyasi industriyası mövcud istiqamətdə səylər göstərib. Ancaq heç vaxt istəyinə nail ola bilməyib. Görünür, onun üçün köhnə-yeni metodlar “əhəmiyyətini” yenə saxlamaqdadır.
Bəli, əvvəllər də erməni siyasi dairələri Azərbaycanla Türkiyə arasında nifaq salmağa çalışırdılar. Belə düşünmək olar ki, eyni davranışlarını təkrarlamaqda israrlıdırlar. Əlqərəz, onlar bildirirlər ki, sən demə, Türkiyə Azərbaycan–Ermənistan sülh sazişinin imzalanmasında maraqlıdır, amma Bakı buna razı deyil.
Eyni zamanda, o da bildirilir ki, Türkiyə Qərb deməkdir və ölkə Qərbin maraqlarından çıxış edir. Azərbaycan isə bu maraqlara meydan oxuyan tərəfdir. Nəticə etibarilə mövcud durum, guya, Bakı ilə Ankara arasında ziddiyyət doğuracaq.
Qeyd edək ki, Ermənistanda haqqında söz açdığımız siyasi təxribata baş vuranlar iki qütbə bölünürlər. Onlardan birincisi ölkənin revanşist-şovinist kəsimidir. Digər tərəfdən, baş nazir Nikol Paşinyan administrasiyası da Bakı ilə Ankara arasında gərginliyin formalaşmasında maraqlıdır. Birincilər Azərbaycanın sülhdən yayınması ritorikası fonunda Bakının Türkiyənin də sıralarında yer aldığı Qərbə qarşı çıxdığını qabartsalar da, ölkəmizin sərbəst şəkildə bu xətti seçdiyi üzərində dayanırlar. Təxminən belə: Azərbaycan dünyaya meydan oxuyur. Paşinyan iqtidarını təmsil edənlər və onun tərəfdarları isə bildirirlər ki, Bakının Qərbə əks mövqeyini şərtləndirən güc Rusiyadır. Yəni, guya ki, ölkəmiz Moskvaya arxalanıb Qərbin, o cümlədən Türkiyənin ziddinə gedir.
Göründüyü kimi, erməni siyasilər son dərəcə hiyləgər yoldadırlar, necə deyərlər, suyu bulandırmaqla məşğuldurlar. Onlar yaxşı başa düşürlər ki, Ankara və Bakı strateji məsələlərdə birlikdə addım atırlar. Üstəlik, hazırda bu birliyi şərtləndirən amil həm də Cənubi Qafqaz regionunun mənafeyidir. Həm Türkiyə, həm Azərbaycan, həm də Rusiya bu mənafelərə kənar təsirləri arzulamırlar. Üstəlik İran amili də var ki, rəsmi Tehran da prinsipcə bölgədə Qərbi görmək istəmir. Amma Qərbi regiona gətirməyə can atan, daha doğrusu, Qərbin regionda möhkəmlənmək siyasətində alətə çevrilən Ermənistandır. Ölkə çalışır ki, alətə çevrilmənin mükafatı kimi onun ortaya atdığı avantürist siyasət dəstəklənsin.
Bəli, Ermənistan Azərbaycanla sülhdən yayınır və bu yayınmada Bakı ilə Ankara arasında ziddiyyət yaratmaq xətti də onun üçün aktual səciyyə daşımaqdadır. Əslində, rəsmi İrəvan 44 günlük müharibə başa çatan ilk gündən eyni siyasi trayektoriyada hərəkət edib. Ancaq əvvəldə də bildirdiyimiz kimi, bu yolların heç biri fayda verməyib. Rəsmi İrəvan həmişə uduzan tərəf olub. Heç şübhəsiz, yenə elə olacaq.
Bəli, Ermənistan hakimiyyəti sülhdən yayınmaqla, Azərbaycanın şərtlərini yerinə yetirməkdən boyun qaçırmaqla özü üçün vəziyyəti bir qədər də çətinləşdirir. Deməli, sülh sazişindəki mümkün faydalardan da məhrum duruma düşür.
Ə.RÜSTƏMOV
XQ