Ağ evin NATO-nun yubiley sammitini sülh danışıqlarında vasitəçiliyin bərpasına çevirmək cəhdi
Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, onun erməni həmkarı Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüşün keçiriləcəyi barədə İrəvan məlumat yaymışdı.
Dünən səhər Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan görüşlə bağlı belə bir məlumat paylaşdı: “Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanın XİN-in bir gün əvvəlki rəsmi məlumatında nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşdüyü, səfər çərçivəsində onun paytaxt Vaşinqtonda keçiriləcək NATO-nun Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi bildirilirdi. Fəqət üçtərəfli görüş barədə rəsmi açıqlama verilməmişdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən media mənsubları üçün düzənlədiyi brifinqdə bildirdi ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında diplomatik nizamlanma prosesi üzərində işi davam etdirir. Qeyd edək ki, əldə olunan ilkin razılaşmaya əsasən, dünən Vaşinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan, Ceyhun Bayramov və ABŞ Dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilməli idi. Amma bu arada Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan yerli mediaya verdiyi açıqlamasında iki ölkənin xarici işlər nazirləri arasında rəsmi görüş və ya sülh danışıqları barədə razılığın əldə olunmadığını bildirdi.
* * *
“Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanması faktına diqqət çəkib. O, sülh sazişinin mətni üzrə əldə edilmiş əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların mövcudluğunu xatırladıb.
Beləliklə, dünən gün ərzində (Bakı ilə Vaşinqton arasında saat fərqi nəzərə alınmaqla –red.) Vaşinqtonda nazirlər arasında və ya Dövlət Departamenti rəsmilərinin iştirakı ilə ikitərəfli danışıqlardan soraq çıxmadı.
Yada salaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini NATO sammitinə dəvəti ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bu yaxınlarda Bakıya səfərindən sonra elan edib. Ermənistan xarici işlər nazirliyi Ararat Mirzoyanın dəvəti dərhal qəbul etdiyini təsdiqlədi, Azərbaycan XİN isə Ceyhun Bayramovun Vaşinqtona səfərini yalnız iyulun 9-da, nazir artıq təyyarəyə mindikdən sonra elan etdi.
Ceyms O`Brayn Bakıya səfərindən sonra keçirdiyi brifinqdə bəyan edib ki, Vaşinqton NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi üzrə danışıqların təşkili üzərində işləyir. Amma həmin işin hər iki tərəfin razılığı ilə baş tutacağı əsas şərtdir. Məlum olduğu kimi, təxminən bir il bundan əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutan sülh danışıqlarından sonra Vaşinqton formatı dayandırılmışdı. Doğrudur, o zaman İrəvan danışıqları Qərb məkanlarında aparmağa üstünlük versə də, Bakı vasitəçisiz, birbaşa danışıqları, neytral üçüncü ölkədə aparılmasını daha effektiv hesab edib.
* * *
Yada salaq ki, Bakı hazırda sülhə əsas maneə kimi Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasını görür. Ermənistan hakimiyyəti yeni konstitusiya üzərində işlədiyini bəyan etsə də, bu işin, aydın məsələdir ki, çox vaxt aparacağı məlumdur. Yaranmış belə qeyri-müəyyən vəziyyətdə tərəflərin ilin sonuna qədər sülh sazişini imzalayacağına ümid varmı? Bu suala kənar ekspertin cavabı maraq doğurduğuna görə, onu oxucularla bölüşürük. Karnegi Fondunun aparıcı analitiki və Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal özəl radiolardan birinə müsahibəsində suala belə cavab verib: “Şans 50-dən 50-yə qədərdir. Məncə, ortada cavabını gözləyən iki böyük sual var. Birincisi, razılaşma əldə oluna bilərmi? İkincisi, bu, nə dərəcədə davamlı olacaq? Düşünürəm ki, bu ehtimal yenə 50–50 olacaq”.
Ekspertin fikrincə, Bakının hazırkı tələbi, yəni konstitusiyanın dəyişdirilməsi İrəvan üçün kifayət qədər çətin məsələdir. “Düşünürəm ki, digər problem ondan ibarətdir ki, sülh sazişindən danışsaq belə, sonra orada olmayan bəzi məsələr ortaya çıxacaq. Məsələn, hazırda, mənim anladığım qədər, Azərbaycanda Zəngəzur dəhlizi adlanan Sünikdən Naxçıvana gedən kommunikasiya marşrutu haqqında mətndə heç nə yoxdur. Bu, yəqin ki, müqavilənin bir hissəsi olmayacaq. Beləliklə, deyə bilərik ki, bu, qarşıda həllini gözləyən çox mürəkkəb bir problemdir. Buna görə də, ola bilsin ki, yaxın gələcəkdə hansısa razılaşma əldə olunsun. Amma hazırda vəziyyət olduqca mürəkkəb olaraq qalır”.
Bəli, Bakı sülhə əsas maneə kimi Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasını görür. Tanınmış ekspert hesab edir ki, hər halda, gələcəkdə hansısa bir sənəd imzalansa, çətin ki, tərəflər bütün məsələləri əhatə edəcək genişmiqyaslı sazişə gəlib çıxsınlar. Bu cür sənədlər böyük həcmli olur, adətən, onun üzərində hər iki tərəfin işçi qrupları uzun müddət işləyirlər.
* * *
Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında onilliklər boyu yığılıb qalmış bir çox tarixi məsələləri tez bir zamanda həll etmək mümkün deyil. Bunu Azərbaycan Prezidenti son çıxışlarının birində birmənalı şəkildə vurğulamışdı. Ona görə də indi tərəflərin imzalaya biləcəyi sənəd özündə ümumi prinsipləri nəzərdə tutan çərçivə sazişi ola bilər.
Bu qənaəti xarici ekspert də bölüşür. Tomas de Vall söhbətin, əslində, məhz çərçivə sazişindən getdiyini vurğulayıb: “Bu, əsasən iki ölkə arasında münasibətlərin tənzimlənməsi şərtlərini müəyyən edən sazişdir. Bu mənada prinsiplər üzrə razılaşmanın çox problemli olacağını düşünmürəm. Bununla belə, məncə, problemlər ümumi prinsiplərdə deyil, dəqiq təfərrüatlarda yarana bilər”.
De Vaalın sözlərinə görə, yaxın vaxtlarda Bakı ilə İrəvan arasında hansısa razılaşma əldə olunacaq, lakin vəziyyət çox çətin olaraq qalır. Onun fikrincə, bu vəziyyətin müsbət çaları odur ki, heç bir tərəf yeni müharibə istəmir.
Sonda ekspert onu da qeyd edib ki, Azərbaycan danışıqlarda vasitəçilərin olmasını istəmir və bu, başadüşüləndir: “Çünki bütün hallarda vasitəçilər öz maraqlarını güdürlər. Ona görə də ideal yol münaqişə tərəflərinin öz aralarında birbaşa razılığa gəlmələridir. Bununla belə, vasitəçilərsiz sülhə nail olmaq da qeyri-real görünür. De Vaal məhz bu səbəbdən hadisələrin aşağıdakı inkişafını ən optimal variant hesab edir: “Bakı və İrəvan əvvəlcə çərçivə sazişi bağlayır, sonra üçüncü tərəflərin dəstəyi ilə detalları hazırlayırlar”.
Dünən günün sonuna yaxın Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib. Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib. Antoni Blinkenin təşəbbüsü ilə baş tutan görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşması məsələləri müzakirə olunub.
Hər halda ən nikbin proqnoz ondan ibarətdir ki, ikitərəfli danışıqlarda müəyyən razılaşma əldə olunacaq, daha sonra beynəlxalq ictimaiyyət ortaq məxrəcə gəlinmiş bütün detalları dəstəkləyəcək və iş bununla tamamlanacaq. Amma Bakı Qafqazın bu uzunömürlü münaqişəsinə son nöqtənin okeanın o tayında deyil, qonşu ölkələrdən birinin ərazisində, hətta şərti sərhəddə qoyulmasını istəyir.
Rizvan HÜSEYNOV,
Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi:
– Son dövrlərdə ABŞ-nin regionumuza marağı artıb. Ötən ay ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Ermənistana və Azərbaycana səfərləri və NATO sammitinə dəvət bundan xəbər verir. ABŞ danışıqlar masasında özünü tərəfləri yaxınlaşdıran güc kimi önə çıxarmaq niyyətindədir. Yəni, ABŞ-nin səyləri nəticəsində tərəflərin sülh müqaviləsini imzalamağa daha yaxın olduğunu göstərmək istəyirlər. Halbuki rəsmi Bakı yalnız vasitəçisiz görüşlərdə müsbət irəliləyiş əldə edildiyini, ATƏT-in keçmiş Minsk qrupu formatı və digər görüşlərin problemin həllini illərlə ləngitdiyini dəfələrlə vurğulayıb.
Ağ ev Azərbaycanın Ermənistandan tələblərində kompromisə getməsinə çalışır. ABŞ-nin fəallaşmasının digər səbəbi Azərbaycanın konstitusiya tələbində Ermənistana güzəştə getməsinə nail olmaqdır. Bunun qarşılığında, O'Braynın ölkəmizə səfəri zamanı dediyi kimi, Ağ ev Orta dəhlizin açılmasına hər cür dəstək verəcəyini bir daha təsdiqləyib. Vaşinqton Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının yer aldığı müddəalarla bağlı dəyişikliklərin sonraya saxlanılmasını istəyir. Amma rəsmi Bakı tamamilə haqlı və qətiyyətli şəkildə bu dəyişikliyin dərhal aparılmasını tələb edir. Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bu tələbi konkret və qəti şəkildə dilə gətirdi.
Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcəyi təqdirdə bu məsələlər müzakirə ediləcək. Azərbaycanın mövqeyi qətidir, Ermənistan isə sözügedən dəyişiklikləri hansı formada aparacağı barədə ABŞ ilə məsləhətləşə bilər.
İmran BƏDİRXANLI
XQ