Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması Naxçıvana yolun açılmasından birbaşa asılıdır
Son vaxtlar bu şərti İrəvana Bakıdan çox Ankara xatırladır. Məhz torpaqlarımızı işğal etməsi səbəbindən Türkiyənin otuz bir il bundan əvvəl (1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra – red.) Ermənistanla dondurduğu sərhəd-gömrük-keçid məntəqələrini, hava yollarını açması İrəvanın Bakı ilə sülhə gəlməsindən asılıdır.
Zəngəzur dəhlizi isə sülh danışıqlarının vacib sayılan şərtlərindən biridir və bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Zəngəzur dəhlizi, sadəcə, vətəndaşlarımızın Naxçıvana sərbəst gediş–gəlişini və yüklərin daşınmasını təmin etməyəcək, eyni zamanda, Azərbaycanla Türkiyə arasında canlı və qısaməsafəli əlaqəni bərpa edəcək. Bu, həm də təkcə iki qardaş ölkəni deyil, Türk dünyasını birləşdirəcək, Turana açılan transmilli qovşaq deməkdir. Əslində, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda öz əksini tapmış bu layihəyə qarşı çıxanları narahat edən əsas məqam bölgədə işartıları görünən yeni güc mərkəzinin – Türk Birliyinin yaranması ehtimalıdır.
“Diqqətinizə çatdırmaq istərdim ki, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu sözləri aprelin 19-dan əvvəl demişdi. Söhbətin Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan getdiyini nəzərə çatdıran M.Zaxarova kompromisləri inkişaf etdirməkdən ötrü yaxşı qurulmuş mexanizmi xatırladıb: “Bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”. İşçi qrup bu bəyanatdan az sonra öz işini bərpa elədi, amma artıq üçtərəfli deyil, ikitərəfli formatda. Azərbaycan və Ermənistanın məhz bu formatda apardığı sərhəd danışıqlarının nəticələri isə hamıya məlumdur. Moskvanın İrəvanla son davranışları isə Zəngəzurda müştərək sərhəd – gömrük xidmətinin təşkil edilməsi ilə bağlı razılaşmanın əldə olunması ehtimalına inamı artırır.
“Tavuşun ardınca Sünik (Zəngəzur–red.) gəlir. Növbəti addımda Azərbaycan Ermənistan ərazisindən Naxçıvana dəhliz verilməsi məsələsini irəli sürəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə bəyan edirlər ki, Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır”. Bunları isə erməni şərhçi Avetis Babacanyan “Hraparak” qəzetində dərc olunmuş məqaləsində yazıb. Rəsmi İrəvana müxalif mövqedən çıxış edən erməni şərhçinin düşüncəsinə görə “müharibə təhlükəsi” ilə Ermənistandan hər şeyi almaq olar: “Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan xalqı inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir. Misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcək ki, Sünik tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək. Hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunu niyə etmədiyimizə peşman olacağıq...”.
Bütün bunların sentyabr ayına qədər baş verəcəyini yazan hay ekspert Azərbaycan, Türkiyə və Ermənistanın tələsdiyini, fəqət Ermənistanın Türkiyə ilə sərhədindəki Rusiya qoşunlarının Paşinyanın planlarına mane olduğunu ərz edir: “Rusiya qoşunları Ermənistan–Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Sünikdə hərbi mövcudluğu davam edir. Daha əvvəl məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib”.
Bu cür avantürist mülahizələrlə müşayiət olunan məqalədə A.Babacanyan qeyri–ixtiyarı bir həqiqəti etiraf edib. Əgər Zəngəzur dəhlizi üç il bundan əvvəl açılsaydı, bundan ən çox qazanan elə Ermənistan olacaqdı.
* * *
Revanşist-daşnak zehniyətli erməni ekspertlərdən fərqli olaraq, Ermənistanın siyasi rəhbərliyi Zəngəzur dəhlizi açılmadan sülhün mümkünsüzlüyü prinsipini artıq qəbul etmiş kimi görünür. Çünki rəsmi İrəvan bunun sülhün əsas şərti, alternativsiz layihə olduğunu yaxşı başa düşür. Zəngəzur dəhlizini və sülhü Siam əkizləri kimi bir-birindən ayırmağın heç cür mümkün olmayacağını dünyanın nizamını pozmağa çalışan, bölgədə öz maraqlarını güdən “böyük güclər” də həzm etməyə məhkumdur. “Böyük güclər”dən söz düşmüşkən, Zəngəzur dəhlizinin bir hissəsinə çevriləcəyi İpək Yolundan yeni keçid marşrutu kimi faydalanmaq Şərqdə, ilk növbədə, Çin, Qərbdə isə Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Axı, mövcud reallığa qlobal iqtisadi kontekstdən yanaşsaq görərik ki, hazırda dünya üzrə əsas yük daşımaları məhz Şərqdən Qərbə, Asiyadan Avropaya yönəlir.
Dəhlizin işə düşməsi, həmçinin Cənubi Qafqazın geosiyasi, iqtisadi və mədəni dinamikasına özünün inteqrativ təsirini göstərəcək. Bu zaman bölgə və bölgəətrafı ölkələr üçün geniş və faydalı ticarət və qarşılıqlı əlaqə imkanları yaranacaq və onların beynəlxalq platformalarda mövqeləri kifayət dərəcədə möhkəmlənəcək. Onu da qeyd etmək lazımdır ki, bu strateji layihə təkcə Azərbaycan, Türkiyə və Ermənistan üçün deyil, eləcə də regionun digər dövlətləri üçün də siyasi, iqtisadi və təhlükəsizlik dividendləri qazanmaq üçün böyük potensiala malikdir.
P.S. Azərbaycana Naxçıvanla onu birləşdirəcək yol lazımdır. Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın blokadada olduğu 90-cı illərin əvvəllərində o zaman muxtar respublikanın Ali Məclisinin sədri işləyən Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı sayəsində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü inşa edildi. 1992-ci il mayın 28-də istifadəyə verilən, Araz çayı üzərində uzunluğu 286 metr olan tağlı körpü bu gün Zəngəzur dəhlizi üçün “svetafor”un yaşıl işığı rolunu oynayır.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
– Azərbaycan rəsmiləri Zəngəzur dəhlizinin bölgə ölkələri, o cümlədən Ermənistanın özü üçün cəlbedici olduğunu aylardır əsaslandırırlar. Növbəti belə əsaslandırmanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda səsləndirib. İki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası bölgədə etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alətə çevrilə bilər. Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi Zəngəzur dəhlizinin Ermənistanın regionda iqtisadi təcridinə son qoya biləcəyini önə çəkib. Həm də xatırladıb ki, Zəngəzur dəhlizi Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirə bilər.
Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin iqtisadi faydalarını anlamamış deyil. Sadəcə olaraq, düşünür ki, nəqliyyat yolunu Ermənistan üçün daha münasib şərtlər daxilində fəaliyyətinə imkan yarada bilər.
Rəsmi Bakı Ermənistanın bu nəqliyyat dəhlizinə nəzarət etməsinə razı deyil, İrəvan isə bu səlahiyyətin Moskvada qalmasına qarşı çıxır. Buna baxmayaraq, rəsmi Bakının İrəvana mesajı bundan ibarətdir ki, digər ölkələrin dəhlizdən keçən yüklərini yoxlaya bilər. Ancaq bunun üçün ilk növbədə çərçivə sazişi imzalanmalı və dəhliz açılmalıdır. Bu, bölgədə inam atmosferi yaratmaqla bərabər Ermənistanın üçüncü dövlətlər vasitəsilə özünü Azərbaycandan qorumaq xofundan qurtara bilər.
İmran BƏDİRXANLI
XQ