III MƏQALƏ
Avrasiyanın enerji xəritəsi və çoxtərəfli beynəlxalq əlaqələr
Bu mövzuya aid I və II məqalələrdə gətirilən faktlar və aparılan təhlil göstərir ki, 2000-ci ildə Azərbaycanın multilaterallıqla bağlı mövqeyi həm ciddi sınaqdan keçmiş, həm də daha çətin və mürəkkəb sınaqlarla qarşılaşma mərhələsinə qədəm qoymuşdur. Bu, dünya miqyasında maraqlı hadisədir (səbəbini Asiya – Sakit okean regionunda multilaterallığın bir özəlliyi ilə əlaqədə izah edəcəyik). Ayrıca Avrasiya və daha konkret olaraq, postsovet məkanında qiymətli təcrübədir. Bu təcrübənin siyasi-nəzəri ilə yanaşı, fəlsəfi miqyasda da mənası mövcuddur. Məsələ ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyasının mərhələləri ilə multilaterallığın transformasiyasının geosiyasi kontekstdə əlaqəsi dərin və mürəkkəbdir. Enerji strategiyasının I mərhələsindən (“dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət” mərhələsi) II mərhələsinə (“nəhəng qaz yataqlarının istismarı” mərhələsi) keçidlə multilaterallığın transformasiyasının daxili məntiqi arasında maraqlı bağlantı vardır.
Həmin məntiqi əlaqənin isə üç aspekti son dərəcə diqqətçəkəndir.
Birincisi, enerji strategiyasının ilk mərhələsinin nəticələrindən biri kimi, neftin iki strateji boru kəməri vasitəsilə Qərbə ixracı (biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır – Bakı – Tbilisi – Ceyhan, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər – Bakı – Supsa) və bir xətt üzrə Rusiya istiqamətində ixracı. Bununla Azərbaycan neft ixracının şaxələndirmə modelini qurmuş oldu.
İkincisi, neft ixracının şaxələndirmə modeli əsasında Avrasiyanın enerji xəritəsi dəyişdirildi.
Üçüncüsü, Azərbaycanın enerji ixracının şaxələndirmə modelini yaratması ilə Avrasiya məkanında multilaterallığın regional təşkilatlanma formatları əsasında yeni məzmun alması parallelik təşkil etmişdir.
Bizim Azərbaycanın enerji ixracını şaxələndirməsi, Avrasiyanın enerji xəritəsini dəyişməsi və çoxtərəfli beynəlxalq əlaqələrin regional təşkilatlanma formatı kontekstində yeni məzmun alması arasında axtardığımız məntiqi bağlılığı sübut edən arqumentlər mövcuddurmu? Zaman xronologiyasına baxaq.
Azərbaycanın da iştirak etdiyi müxtəlif platformalar üzrə regional təşkilatlanma təqribən keçən əsrin 90-cı illərinin ikinci yarısından vüsət almağa başladı. Burada İslam Konfransı Təşkilatı (1969-cu il), MDB (1991-ci il) və Qara Dəniz Əməkdaşlıq Təşkilatına (1992-ci il) istisna hal kimi baxmaq lazımdır. Çünki Azərbaycan İslam Konfransı Təşkilatının yaranması dövründə müstəqil dövlət deyildi, indi onun fəal üzvlərindən biridir. MDB-nin yaradılmasında (ilk olaraq Belovejskdə Rusiya, Ukrayna və Belarusiya bu təşkilatın əsasını qoymuşlar) Azərbaycan iştirak etməmişdir, lakin 1993-cü ilin sentyabrında təşkilatçı dövlətlərdən biri kimi ona üzvlüyü təsdiq (ratifikasiya) etmişdir.
Bundan fərqli olaraq, Azərbaycan 1992-ci ildə İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı Zirvə Bəyannaməsini imzalayan 11 ölkədən biridir. 1999-cu ildə təşkilat kimi təsdiqini tapmışdır. Onun başlıca məqsədi Qara Dəniz hövzəsində sülh, əməkdaşlıq, sabitlik və çiçəklənməyə nail olmaqdan ibarətdir.
Bunlarla yanaşı, artıq XX əsrin 90-cı illərinin ikinci yarısından intensiv olaraq bir sıra əməkdaşlıq platformaları təşəbbüsləri başlayır ki, yekun halında onlar Cənubi Qafqaz da daxil olmaqla, qlobal miqyasda çoxtərəfli əməkdaşlıq formatlarının meydana gəlməsini ifadə edirlər. Ancaq onlar, əsasən, region dövlətlərinin təşəbbüsü deyildilər. Burada GUAM (1997-ci il) bir qədər fərqləndirilməlidir. Onu Demokratiya və İqtisadi İnkişaf Təşkilatı kimi də təqdim edirlər. Azərbaycan da bu təşkilatın təsisçiləri sırasındadır. İdeya isə Qərbdən verilmişdi. Təşkilatın başlıca məqsədi Qərbə inteqrasiya ilə bağlı idi. Ona MDB-yə daxil olan dövlətlərin qrup halında müstəqil inkişaf modellərindən biri kimi baxırdılar. GUAM-a Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan üzvdürlər.
Deməli, 1991–2000-ci illər ərzində Cənubi Qafqazda regional təşkilatlanma üçün xarakterik xüsusiyyət əməkdaşlıq ideyalarının, əsasən, kənardan qaynaqlanması ilə bağlıdır. Həmin keyfiyyətdə MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını və GUAM-ı göstərmək olar. Ancaq bu təşkilatların heç biri nə regional, nə də qlobal miqyasda ciddi geosiyasi dəyişiklik etmək iqtidarında deyildir. Bu aspektdə İslam Konfransı Təşkilatını nəzərə almırıq, çünki o, regional deyildir və çox əvvəl postsovet məkanından uzaqda yaradılmışdır.
Lakin məhz vurğulanan kontekstdə Cənubi Qafqazda yeni və konkret istiqamət üzrə çoxtərəfli beynəlxalq əməkdaşlıq modelləri təklif edən dövlət özünü göstərməyə başlamışdı. Həmin dövlət Azərbaycan Respublikası idi. Bakının əməkdaşlıq təşəbbüsləri, əsasən, enerji strategiyası çərçivəsində geniş bir geosiyasi məkanı əhatə edən və milli təhlükəsizliklə sıx bağlı olan neft layihələri ilə əlaqədar idi. Dünyanın böyük dövlətləri ayrı-ayrı regionlarda müxtəlif əməkdaşlıq layihələri üzərində baş sındırdıqları bir zamanda (onların bəziləri üzərində irəlidə dayanacağıq) Azərbaycan tədricən öz real projelərini həyata keçirirdi. Özü də Azərbaycan onları beynəlxalq hüquq və iştirakçı dövlətlərin maraqlarını gözləməyi sinxronlaşdıraraq həyata keçirirdi. Enerji strategiyasının XXI əsrə qədərki I birinci mərhələsinin əsas özəlliyi bundan ibarətdir.
Beləliklə, Azərbaycan 2000-ci ildə – birincisi, böyük şirkətləri Xəzər hövzəsində işləməyə dəvət etdi və buna nail oldu. İkincisi, tarixi baxımdan çox qısa bir zamanda neftin çoxşaxəli ixrac moldelini qurdu (Şimal və Şərq istiqamətləri üzrə). Faktiki olaraq, enerji ixracının diversifikasiyası postsovet məkanında ilk dəfə Cənubi Qafqazda reallaşdı. Eyni zamanda Azərbaycan həmin nəql alteranitvliyini üzvi surətdə iştrakçı dövlətlərin milli təhlükəsizliyi ilə əlaqələndirə bildi.
Onun bariz nümunələrindən biri Ulu öndər Heydər Əliyevin Gürcüstanın neft layihələrində iştirakına nail olmaqla, eyni zamanda bu qonşu dövlətin milli təhlükəsizliyini təmin etməsindən ibarətdir. Tarixi faktdır ki, hətta qarşı tərəf bundan süni istifadə edib Azərbaycandan daha çox pay qoparmağın izinə düşəndə Heydər Əliyev hər şeyi gözəl başa düşdüyünü, lakin region dövlətlərinin milli təhlükəsizliyini daha üstün tutaraq güzəştə getdiyini açıq bəyan etdi. Bu, tarixi bir qərar idi. Vaxtında strateji məqamları nəzərə alaraq Ulu öndər bu qərarı vermişdir. Əgər fərqli bir seçim olsaydı, bəlkə də, indi Gürcüstanın müstəqilliyindən danışa bilməzdik. Onu da nəzərə alaq ki, bunlardan əlavə Azərbaycan Gürcüstanı dəfələrlə ciddi enerji böhranlarından xilas etmiş, onun ayaqda qalmasını təmin edən əsas tərəfdaş olmuşdur. Bu, Azərbaycan multilateralizminin uğurunu, dinamizmini, həm də konstruktivliyini ifadə edir.
Eyni zamanda artıq XXI əsrin başlanğıcına Cənubi Qafqazda bir dövlətin – Azərbaycan Respublikasının regional əməkdaşlıq və təhlükəsizlik məsuliyyətini tam olaraq öz üzərinə götürdüyü aydınlaşırdı. Bu da multilaterallığın Cənubi Qafqaz üçün ikinci bir mühüm əlamətidir ki, yaradıcısı Azərbaycan Respublikasıdır.
Cənubi Qafqazda regional təşkilatlanma və multilaterallıq
Beləliklə, keçən əsrin sonlarından başlayaraq, müxtəlif regional təşkilatlanma daha da intensivləşdi. Heydər Əliyev həmin mərhələyə Azərbaycanı həm bir neçə təşkilatın fəal üzvü (İslam Konfransı Təşkilatı, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və əsası 1997-ci ildə qoyulan GUAM) və eyni zamanda özünün real əməkdaşlıq formatları ilə çatdırmışdı. Bu iki prosesin qarşılıqlı əlaqəsi birinci mərhələdə Azərbacyan multilaterallığının məzmununu müəyyən edirdi. Burada geosiyasi aspektdə bir həssas məqam vardı.
Məsələ ondan ibarət idi ki, həmin mərhələdə regional təşkilatlanma təşəbbüslərində ABŞ, Rusiya, Avropa İttifaqı və Çin arasında ciddi rəqabət özünü göstərirdi. Bu, özünü onların hər birinin sərt şəkildə öz modelini həyata keçirmək cəhdlərində göstərirdi.
Aİ XX əsr 90-cı illərin ikinci yarısından müxtəlif adlar altında Cənubi Qafqazda təsirini təmin etməyə çalışırdı. Onlar, əsasən, regional miqyas üçün nəzərdə tutulmuş müxtəlif təşkilatlar vasitəsilə edilirdi – TRASEKA, Şərq Tərəfdaşlığı, “Mehriban Qonşuluq Siyasəti”, “Üç Dəniz Sistemi”, müxtəlif yardım proqramları və s.
ABŞ da həm bu proseslərə dəstək verir, həm də özü təşəbbüslər edirdi. Hətta ABŞ Uzaq Şərq, Mərkəzi Asiya və Qafqazı da əhatə edən geniş formatlar irəli sürür (məsələn, “Quad+AUKUS” multilateral formatı – izahını bir qədər sonra verəcəyik).
Çin öz növbəsində Mərkəzi Asiya vasitəsilə Qafqazı da əhatə edən müxtəlif layihələr təşəbbüskarıdır (o sırada Yeni İpək yolu haqqında hər kəs bilir).
Rusiya bir sıra təşəbbüslərin müəllifidir (MDB-dən tutmuş KTMT-dək).
Göründüyü kimi, kənar təşəbbüslər mənzərəsi kifayət qədər mürəkkəbdir. Kənardan olan təşəbbüslərin üstünlük təşkil etdiyi geosiyasi dinamikada multilaterallıq region üçün nə dərəcə ədalətli və etibarlı ola bilər? Bu suala birmənalı müsbət cavab vermək çox çətindir. Əksinə, burada Asiya – Sakit okean regionundakı kimi, müxtəlif “oyunları” görmək olardı. Azərbaycan bu aspektdə təşəbbüsü bütün kənar oyunçuların əlindən ala bildi. Azərbaycan multilaterallığının transformasiyasının növbəti mühüm məqamı bundan ibarətdir: Cənubi Qafqazın bir ölkəsi multilaterallığın bütün regiona faydalı ola bilən modelinin təşəbbüskarıdır!
Bunların əsasında XXI əsrin başlanğıcında Azərbaycanın multilaterallıq modelinin bir sıra başlıca əlamətlərini – birincisi, Azərbaycan enerji əməkdaşlığını çox sayda dövlətin milli təhlükəsizliyinin təmini faktoru ilə üzvü surətdə birləşdirdi. İkincisi, Azərbaycan regional təhlükəsizliyin məsuliyyətini tam olaraq öz üzərinə götürdü. Üçüncüsü, Azərbaycan regionun əsas multilaterallıq modeli yaradan dövləti oldu və bu keyfiyyətdə həmin formatın təşəbbüskarı rolunu kənar oyunçuların əlindən ala bildi.
XXI əsrin başlanğıcında multilaterallığın bu transformasiyasının iki başlıca parametri olduqca əhəmiyyətlidir. Onlardan biri vurğulanan transformasiyanın Azərbaycan Respublikasının enerji strategiyasının II mərhələsinin başlaması ilə təqribən eyni zamana düşməsidir. Digəri isə multilaterallığın regional təşkilatlanma formatları vasitəsilə özünü təsdiq etməsidir.
Hər iki faktor prosesi çox mürəkkəbləşdirir və meydana faktiki olaraq yeni liderlik tələbini çıxarır. Bunun fonunda Azərbaycan multilateral modelinin fəlsəfi və siyasi-nəzəri özəlliklərinin dərki müxtəlif regionlarla müqayisədə çox maraqlı görünür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru