İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib.
Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, bu iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.
Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatının qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Nazirliyin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.
TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.
Nazir çıxışının yekununda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.
Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.
Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.
İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim olunub.
XQ