I YAZI
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, iki ölkə arasında sərhədlərin açılması və əlaqələrin qurulması üzrə danışıqların getdiyi indiki dövrdə erməni mətbuatında, eləcə də bu ölkədə nəşr olunan kitab və dərs vəsaitlərində ənənəvi düşmənçilik ideologiyası təbliğ olunur.
Ermənistanda orta və ali məktəblər üçün dərs kitablarında tarixi gerçəklərin saxtalaşdırılması yeni deyildir. Lakin hətta bu ölkənin özündə belə bu şəkildə tədrisin aparılmasına qarşı çıxanlar vardır. Şübhəsiz, Azərbaycan və Türkiyə ilə bağlı uzun illər aparılmış ideoloji baxışın yenidən formalaşdırılması çətindir və ehtimal olunur ki, bu qərəzli siyasi xəttin dəyişdirilməsi dirənişlə qarşılanacaqdır.
Belə hesab edənlər var ki, erməni millətinin bu sayaq zəhərlənməsi son nəticədə dövlətin inkişafına mənfi təsir edir və irqçi düşüncə gələcək nəsillər üçün yaxşı heç nə vəd etmir. Baş nazir Paşinyanın qondarma “erməni soyqırımı” ideologiyası ilə bağlı son vaxtlar dediyi fikirlər bu məsələyə münasibəti dəyişdirəcəkmi? Baş nazir ölkədəki bəzi qüvvələrin sərt etirazına səbəb olsa da, 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırımı” ifadəsi əvəzinə, “böyük fəlakət (meds yeğern)” və “cinayət” sözlərini işlədir.
Erməni siyasətçilərin çoxu, türkoloq alimlər indiyə qədər erməni siyasi fikir və düşüncə sistemində yer almış və ideoloji bir “mübarizə” üsuluna çevrilmiş xətdən imtina etməyin doğru olmadığını və qəbul edilməyəcəyini dilə gətirirlər. Amma məsələlərə irqçi yanaşma ilə haraya qədər getmək olar? Bu gün də ermənicə əsər və kitablarda bu hadisələrə qatı millətçi yanaşma hər addımda rast gəlinməkdədir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı erməni saxtakarlıqları bütün dövrlərdə gündəmdə olmuşdur. Bu böyük şəxsiyyəti aşağılamaq üçün Ermənistanda ağlasığmaz yalanlar uydurulmuş və Atatürkün simasında bir düşmən obrazı, onun kimliyi ilə bağlı “antierməni” obrazı yaradılmışdır. Bu düşmənçiliyin kökündə Atatürkün böyüklüyü və dahiliyini həzm etməmək xəstəliyi yatır.
Atatürkün söylədiyi fikirlərin bir çoxu məkrli məqsədlər naminə qəsdən saxtalaşdırılır, ermənicə dərsliklərdə və tarixi əsərlərdə türk xalqının dahi oğlunun Qurtuluş missiyası həqiqətdən uzaq şəkildə təqdim edilir. Ona qarşı hücumlar sistem halına gətirilmişdir. Müxtəlif dövrlərdə istər ermənilər, istərsə də xarici yazarlar tərəfindən Atatürkə aid edilən fikirlərin məqsədli şəkildə təhrif edilməsinin, bəzilərinin isə ermənilər tərəfindən yanlış şərh edilməsinin davamı kimi bu gün də həmin ənənə davam etdirilir.
Atatürkün həyatı və mübarizəsi ilə bağlı Ermənistanda aparılan araşdırmaların çoxu onun xidmətlərinin dəyərini azaltmaq məqsədi daşıyır. Ona böhtan atmaqdan belə çəkinmirlər. Atatürkün guya yəhudi əsilli bir ailədən olması hər addımda yazılır, hətta Mustafa Kamalın 1911-ci ildə vəfat etməsi və onun adında başqa bir adamın Osmanlı ordusuna zabit təyin edilməsi hekayəsi də uydurulur. Maraqlıdır ki, bu yalanlar erməni mətbuatında tez-tez təkrar olunur.
Baxın, “Panorama” adlı qəzet bu yalanı “fakt” kimi oxucularına çatdırır: “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Xüsusilə, sosial şəbəkələrdə yayılanlara görə, əsl Mustafa Kamal 1911-ci ildə Tripolidə öldürülüb və onun əvəzinə yəhudi iş adamı Mustafa Kamal kimi ictimaiyyətə təqdim edilib. Onların sözlərinə görə, Tripolidə və ondan sonra çəkilmiş fotoşəkillər arasında görünən fərqlər var”.
Eyni mənbə sonradan Mustafa Kamal kimi görünən yəhudi Yosef Kohenin həyatına da “toxunub”. Kohen 1871-ci ildə Almaniyanın Münxen şəhərində yəhudi ailəsində anadan olub. 17 yaşında İngiltərəyə köçüb. Sonra isə o, “öldürülən” Mustafa Kamalın yerinə keçib. Məqalədə əsl Kamal Atatürklə Y.Kohen arasında da “müqayisələr” aparılır. Atatürk mövzusunda “araşdırma” aparan erməni politoloqlarından Ara Papyan 1918-ci ildə ingilislərin Mustafa Kamalı ələ keçirdiklərini iddia edir…Guya Mustafa Kamal hətta 1918-ci ilin oktyabr-noyabr aylarında intihara cəhd edib.
Bu hekayəni danışan şəxs isə güya ABŞ vətəndaşı Elizabet Harrisdir və bu hekayə “The New York Times”a bağlı “The Contemporary History” jurnalının 1922-ci il sayında dərc edilib. Adıçəkilən jurnalda bu mövzuda yazı yoxdur. Bu yalanı yaymaq üçün ermənilər belə bir adamın adından saxta yazı uydurmuşlar. Papyanın Ermənistanda belə lağa qoyulan “çalışmalarında” bəzi tarixi sənədlərlə bağlı fikirləri təəccüb doğurur. Məsələn, Mustafa Kamalın hələ Sevr müqaviləsinin ortada olmadığı 1920-ci illərin əvvəllərində Ermənistana qarşı konkret addımlar atmağa başladığı qeyd olunur. İddia olunur ki, Mustafa Kamal Sevr müqaviləsinin imzalanacağını guya bilirmiş...
“Atatürk erməni köçünü “erməni soyqırımı” kimi necə xarakterizə etdi?” adlı məqalədə Atatürkün 1921-ci ildə amerikalı jurnalist Clancy Straighta müsahibə verdiyi və “erməni soyqırımı” ilə bağlı sualları cavablandırdığı qeyd edilir. Və bu cavablar erməni saytlarında yayılmaqdadır. Lakin Atatürk bu müsahibəsində “erməni soyqırımı”ndan söz belə açmayıb.
Atatürkə görə, 1915-ci ildə rus ordusu hücuma keçərkən çar Rusiyasına xidmət edən “Daşnaksütyun” erməni əhalini üsyana çağırdı. “Düşmənlərin sayı çox idi və hərbi üstünlük əldə etmək üçün geri çəkilməli olduq, çünki iki atəşin ortasında idik”, - deyən Atatürk ölkəyə hücum edildiyini, körpü və yolların dağıdıldığını, türk kəndlərinin yerlə-yeksan olunduğunu bildirib. Atatürk, “Təhqir edilsək də, köçkünlər sağdır və “Antanta” ölkələri yenidən bizə qarşı döyüşmək qərarı almasaydı, əksəriyyəti öz evlərinə qayıdacaqdı”, -demişdir.
Bu müsahibədə də “soyqırımı” sözü qeyd olunmur. Həmin illərdə, ümumən, belə bir anlayış yox idi. Məlum olduğu kimi, ermənilər Osmanlı İmperiyasının I Dünya müharibəsinə girməsini xəyali məqsədlərinə çatmaq, “Böyük Ermənistan” yaratmaq üçün fürsət kimi görürdülər. Onlar erməni əhalisini səfərbər edərək Osmanlı dövlətinin məğlub olmasına kömək edirdilər. Müharibə illərində erməni təşkilatları osmanlıların vuruşduğu bütün cəbhələrdə düşmənə yardım etmək planları hazırlayırdılar. Bu plan Türkiyə dövlətinə hərbi və siyasi baxımdan zərbə demək idi. 1915-ci ilin mayında ermənilər üçün çıxarılan məcburi köç qanunu erməniləri bu plandan çəkindirmədi.
Ermənistanda tarix dərsliklərində Atatürkü istənilən sayda və ölçüdə ləkələyən bu sayaq ifadələr və cümlələr var. Nümunə: 9-cu siniflər üçün tarix dərsliyinin 31-ci səhifəsində Atatürkü təsvir edərkən aşağıdakı cümlələr işlədilir: “Əslən yəhudi olan (?) Mustafa Kamal adlı bu şəxs, “Qərbi Ermənistanı” bolşeviklərin köməyi ilə işğal etdi. 1919-cu ilin ortalarında burada ermənilərin mövcudluğuna son qoyuldu. Qərbi Ermənistan, Kilikiya, Qars, Batum, Ərdəhan türklərin əlinə keçdi”. Gənclərə və uşaqlara belə bir fikir aşılanır ki, adıçəkilən torpaqlar guya Ermənistan imiş… Həm də Mustafa Kamal yəhudi imiş… Halbuki bu ərazilərin Ermənistana heç bir aidiyyatı olmamışdır və Türkiyə öz ərazi bütövlüyünü təmin etmək üçün İstiqlal müharibəsinə qalxmışdı və bu ərazilərdən yadelli işğalçıları təmizləmişdi. Daha sonra iddia edilir: “1920-ci il aprelin 26-da o, (Atatürk) Vladimir Leninə müraciət edərək Ermənistanın işğalını xahiş etdi”. Gülməlidir, Mustafa Kamal orta məktəb şagirdlərinə bax belə təqdim olunur.
Erməni mətbuatında yayılan “Türklərin əcdadı Mustafa Kamal əslində kimdir?” adlı məqalə Türkiyədəki bəzi Atatürk düşmənlərinin sayıqlamaları əsasında yazılıb. Qeyd edilir ki, guya Cümhuriyyət illərində erməni xalqının Türkiyəyə qayıtmasının qarşısını Atatürk almışdır. Halbuki Atatürk, “erməni xalqının təhciri (köçü) ilə bağlı qəbul etmək məcburiyyətində qaldığımız haqlı qərara görə dünya ictimaiyyəti bizə qarşı ittiham irəli sürə bilməz”, -demişdir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri