Boris Navasardyanın etirafları Hayastanı silkələdi

post-img

“Regionda “Afərin”ə layiq olan yeganə lider İlham Əliyevdir...”

Bu günlərdə ermənilərin Noyan Tapan televiziyasında bir videosöhbətə baxdım. Mat qaldım. Bəzi erməni ziyalıları Azərbaycan həqiqətlərini nə yaxşı qiymətləndirirlərmiş? Onlar Rusiya və üç Cənubi Qafqaz dövlətləri arasındakı münasibətləri, baş verən siyasi prosesləri və ayrılıqda hər dövlətin uğurunu və ya səmərəsiz fəaliyyətini avropalılardan yaxşı bilirlərmiş. Bu söhbətə Avropanı da qatmağımız təsadüfi deyil. Çünki avropalıların Cənubi Qafqaz hesablamaları dürüst və ya ədalətli olsaydı, onlar ordusu məhv edilmiş, iqtisadiyyatı çökmüş, dövlətçiliyi laxlamış Ermənistanın deyil, gündən-günə inkişaf edən, səsi dünyanın hər yerində eşidilən Azərbaycanın yanında olardılar. Olmadılar. Öz işləridir, özləri bilərlər... 

Haqqında söz açdığımız videolentdə region həqiqətlərini məhz olduğu kimi dilə gətirən erməni siyasətçisi İrəvan mətbuat klubunun prezidenti Boris Navasardyan idi. O çəkinmədən deyir ki, yaranmış vəziyyətdən çıxmaq üçün Azərbaycanın atdığı addımlar nəinki Ermənistan və Gürcüstanın addımlarından, hətta, Rusiya Federasiyasının cəhdlərindən də uğurlu oldu: “Elə buna görə də “Afərin!” ifadəsi Azərbaycan Prezidentinin ünvanına səsləndirilməlidir”. O əlavə etdi ki, “regionda “Afərin”ə layiq olan yeganə lider ­İlham Əliyevdir...”

İndi kimsə deyə bilər ki, bu fakt, bütün cəbhələrdə idmançılar demiş “böyük hesabla” uduzmuş ermənilərin növbəti qərəzli addımı ola bilər. Elə düşünənlərə Boris Navasardyanın sonrakı fikirlərini də xatırladırıq: “İlham Əliyev ­2020-ci ilin noyabrındakı üçtərəfli bəyanatın mətnini öz istədiyi kimi quranda Ermənistanın bütün imkanlarını əlindən almışdı. O, 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında   müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni imzalayanda isə bu Cənubi Qafqaz ölkəsinin SSRİ-yə qayıdış yolunu birdəfəlik bağlamışdı. İlham ­Əliyev Pribaltika ölkələrindən sonra bu addımı atan ilk dövlət başçısı oldu”. 

Yeri gəlmişkən, bu müsahibə  Boris Navasardyanın obyektiv adam olduğunu sübut edən ilk fakt deyildi. O, ötən il sentyabrın 9-da “1in.am” kanalına verdiyi müsahibədə demişdi ki, bizim iki yolumuz var  və istənilən halda ərazilərimizi itirəcəyik:  “Düşünürəm ki, hakimiyyət orqanlarımız başa düşdülər ki, onların iki açıq seçimi var, bunların heç biri bizim milli maraqlarımıza uyğun deyil. Birincisi Azərbaycanla müharibədir, ikincisi tamamilə Rusiyanın protektoratına çevrilməkdir ki, bu da istənilən halda ərazi itkilərimizin ola biləcəyini göstərir. Və əslində, bu iki az-çox ehtimal olunan alternativ geosiyasi kursu dəyişdi”.  

Erməni ekspert həmin müsahibəsində əlavə edirdi ki, son 10 ildə biz qeyri-ardıcıl siyasətimizin və birtərəfli populist siyasi oriyentasiyamızın təhlükəsizlik zəmanətlərimizin azalmasına səbəb olduğunu gördük və dövlət olaraq daha az agentlik saxlayırıq... Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana inamsızlıq artıb. Çünki biz sabit mövqeyə malik deyilik, bir tərəfdən o biri tərəfə qaçırıq. Bu cür qeyri-müəyyənlik Azərbaycanla danışıqlar prosesində də heç bir ciddi vasitəçi üçün Ermənistanla mühüm işlərin görülə biləcəyinə inandırıcı şərt ola bilməz. 

Bəli, onun 2023-cü ilin sen­tyabrında dilə gətirdiyi xəbərdarlıqlar Ermənistan rəhbərliyini ayılda bilmədi və nəticədə bir sutkalıq antiterror əməliyyatı ilə növbəti dəfə uduzdular. Ona görə də Navasardyan indi Azərbaycan reallıqlarını dilə gətirməkdən başqa yol görmür. Fikrimizcə, bu zaman onun məqsədi Ermənistan rəhbərliyini sülh müqaviləsini daha tez imzalamağa çağırmaqdır. 

Ancaq Azərbaycan Prezidentinin siyasi müdrikliyini təkcə işğalçı ölkənin təmsilçiləri deyil, qardaşlarımız da dilə gətirirlər. Məsələn, ötən ay qardaş özbək xalqının qələm sahiblərindən birinin maraqlı fikirlərini oxumuşdum: “Siyasətçilərin məsuliyyəti  elmlə, mədəniyyətlə, iqtisadiyyatla məşğul olanların məsuliyyəti ilə müqayisə edilə bilməz. Çünki həmin sahələrdəki uğursuz addımların xalq üçün bir o qədər də böyük fəsadları olmur. Siyasətçilərin fəaliyyətindəki uğursuzluq isə nəinki fəsad yaradar, hətta , xalq həlli mümkün olmayan problemlərlə də üzləşə bilər”.  

Əslində, burada qeyri-adi bir arqument yox idi. Amma bu həmkarımızın yazdıqlarında məni məmnun edən xüsusi  bir məqam var idi. O, yazırdı ki, müasir türk dünyasında Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev,  Şavkat Mirziyoyev və Kasım–Jomart Tokayev kimi liderlərin olması bizim qürur mənbəyimizdir. İndi kimsə deyə bilər ki, dörd siyasətçi arasında Azərbaycan Prezidentinin adının ikinci yerdə çəkilməsi elə də fəxr edilməli fakt deyil. Ancaq mənim fikrimcə, özbək qardaşımızın bu sıralaması ilə hər bir azərbaycanlı fəxr edə bilər.  

Dövlət başçımızın siyasi fəaliyyətinə əks cəbhədən olan iki həmkarımızın verdiyi qiymətləndirməni yada saldıq. Zənnimcə, bu arqumentlərimizi bir avropalının  dilindən eşitmək də yerinə düşərdi. Məsələn, mütərəqqi Avropanın aydın təfəkkürlü simaları dəıfələrlə deyiblər ki, Azərbaycan dövləti də, bu ölkənin Prezidenti də, daim zəiflərin yanında olduğuna görə dünya miqyasında hörmət və ehtirama layiqdir.  Son zamanlar bu faktla daha tez-tez rastlaşırıq. Biz zəiflərin yanında olduğumuza görə, Allah da daim bizim yanımızdadır. 

Nəhayət, Avropadan eşitdiyimiz  qiymətləndirmə. Roma papası Fransisk 2016-cı ilin oktyabrında Bakıda olarkən demişdi: “Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə büruzə verir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir”.

...İndi isə Roma papasından çox xristianlıq etmək istəyən Emmanuel Makron və ətrafındakılar bizə hansısa məsələdə dərs vermək istəyirlər. Yazının əvvəlində göstərdiyimiz kimi, erməni cəmiyyəti Azərbaycanın uğurlarını etiraf edir. Makron isə Ermənistanı silahlandırmaqla nəyəsə nail olmağa çalışır. Qoy, çalışsın. Onsuz da son zamanlar, o, uduza-uduza gedir...

İ.QAÇAYOĞLU

 

Siyasət