Səfər duyğuları
Otuz dəfədən çox xarici səfərdə, yüzlərlə şəhərdə olsam da, indiyədək bu hissləri ikicə dəfə yaşamışdım. Birincisində, sərhədi adlayıb Təbrizə doğru gedəndə ürəyim asıldığı yerdə dura bilmirdi. “Təbrizi görməyə tələsirdim” sözləri həmin andakı əhvalımı tam ifadə edə bilməz. İkincisində, Ər-Riyaddakı “Mariott” otelindən çıxaraq, Məkkəyə doğru yol alanda elə bilirdim ki, müqəddəs məkana bir neçə saat gec çatsaq, ürəyim sözümə baxmayacaq. İndi də Şuşanın yolu sanki okeanlardan, səhralardan, Elbrusun zirvəsindən keçirdi. Bir tərəfdən də, may ayına xas olmayan qatı duman vəziyyəti qəlizləşdirirdi.
Duman döngələri, eniş-yoxuşu elə görünməz eləmişdi ki, yolun son 30 kilometrini, sanki, piyada gedirmiş kimi, yavaş-yavaş irəliləyirdik. Yaxşı ki, şəhərə çatanda hava bir qədər açılmışdı. Elə xalqımızı bu torpaqlara qaytaran yol da 30 il idi ki, məkrli qüvvələrin yaratdığı siyasət dumanı içərisində idi.
***
Şuşaya yaşıl köynəklə getmişdim. Qorxurdum, hər tərəf gözümə şəhid qanı rəngində görünə. Gedib gördüm qalanın köynəyi daha yaşıl, libası daha əlvan, əyin-başı 30 il arzuladığı kimidir. Dedim: cah-cəlalın, təmtərağın mübarək, Şuşa! Amma, elə bil ki, şəhid qanını tapdalayacağımdan ehtiyatlanaraq gəzməyə qorxurdum...
***
Bu şəhərdə bir çiçəyə baş əydim. O çiçək Xarıbülbül olmasa belə, mənim istədiyim, arzuladığım qədər gözəl idi. Təəssüf ki, adını bilmədim. 4 il əvvələ qədər mən üzgün olanda o çiçək də küskün idi, yəqin ki. İndi hər ikimizin əhvalı göylərdədir. Şəxsən mən 120-170 qan təzyiqimi Bakıda qoyub getmişdim. Şuşada canımın bu problemindən əsər-
əlamət yox idi. Həkimlərin dediyinə görə, hipertoniyalı adamın yüksək dağa qalxması təhlükəlidir. Sən demə, Şuşanın dağları... o dağlardan deyilmiş. Nə olsun ki, başı dumanlıdır.
***
Qalada qulağıma Cabbar əminin səsi gəldi. “Gülə-gülə”ni oxuyurdu. Sanki torpağa, daşa, təbiətə, gülə-çiçəyə naməhrəm olan murdar yadların bu diyara gəlməsinə etiraz edirmiş kimi deyirdi:
Qarğamışam bənövşələr bitməsin,
Xar gəlibən gül yanında ötməsin...
Xar gəlmişdi, Cabbar əmi. 30 il gülün yanında ötdü və sonra Azərbaycan əsgəri onu “iti qovan kimi qovub gorbagor” elədi. Daha bu tərəflərə baxa bilməyəcək. Rahat yatın hamınız, ruhunuz şad olsun!
Şuşada addımlayanda atamın bu şəhərin işğalının 5 ili tamam olan günlərdə dediyi sözləri xatırladım: “Heydər Əliyev bərk dirəşib. O, Qarabağı qaytara bilər. Hayıf ki, təkdir. Ermənilərə kömək edənlər bizi təkləyirlər. Kaş Qarabağ azad edilə, mən yenə də oralara gedə biləm. (Atam təkcə Şuşada yox, Qarabağın əksər şəhərlərində, həm də, dəfələrlə olmuşdu)”. Amma bu günləri görmədi və Şuşaya gedə bilmədi.
İndi mən yaşıma və səhhətimə görə Şuşaya özüm gəlməmişəm, oğlum Natiq gətirib. Həm də təkcə Şuşaya. Heydər Əliyevin oğlu isə təkcə xalqımızı deyil, dünyadakı bütün dostlarımızı, tərəfdaşlarımızı Şuşaya gətirdi. Həm də təkcə Şuşaya yox, işğaldan azad edilmiş bütün şəhər, kənd, oymaq, obalarımıza.
***
Şuşa haqqında mənə ən müfəssəl məlumatları ötən əsrin 90-cı illərində Əməkdar rəssam, İrəvanda doğulub böyümüş görkəmli ziyalı, Adriatik dənizi sahillərində partizan Mehdi Hüseynzadədən rəssamlıq dərsi almış Cabbar Quliyev danışmışdı. Bu isə o demək idi ki, Şuşa Bakıda, Gəncədə, İrəvanda, Naxçıvanda, Urmiyada, Dərbənddə doğulmasından asılı olmayaraq, bütün azərbaycanlıların mübarək ünvanıdır. Cabbar müəllim Şuşaya olan sevgisini çox dəyərli tablolarında göstərmişdi.
Qalada (tanıdığım şuşalıların əksəriyyəti şəhərin adını çəkmir, özlərinin Qaladan olduqlarını deyirdilər) qapısını açıb içəri keçdiyim ilk ünvan Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı oldu. Orada çox dəyərli fakt və məlumatlarla tanış oldum.
... Xatırladım ki, bir neçə il əvvəl ailə üzvlərimizlə birlikdə Bakıda Azərbaycan Milli Xalça Muzeyini ziyarət edəndə çox qürurverici faktla tanış olmuş və mətbuatda fəxrlə söz açmışdım. Söhbət ondan gedirdi ki, üzərinə Azərbaycan dilində kiril əlifbası ilə
“1 yanvar 1971-ci il, Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi” sözləri yazılmış xalçanı işğalçı ermənilər hər yerdə “Antik Ermənistan – Qarabağ xalçası” adı ilə təqdim edirlərmiş. Mütəxəssislərin “Bağçada güllər” adlandırdığı həmin xalça 2017-ci ilin fevral ayında ABŞ-ın Los-Anceles şəhərində keçirilən hərracda da satışa bu ad ilə çıxarılıbmış. Əslən azərbaycanlı olan Amerika vətəndaşı Elşad Tahirov bu sənət incisini öz şəxsi vəsaiti ilə satın alaraq Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edibmiş”. İndi həmin xalça ilə Şuşada da salamlaşdım. Vətənə qayıdışın mübarək, “Bağçada güllər” xalçası!
Sabiq Ombudsman Elmira Süleymanovanın hədiyyə etdiyi uzun döşəmə xalçası da olduqca diqqətçəkən idi. Mənim üçün ən diqqətçəkən fakt isə ondan ibarət idi ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti bərpa edilmiş obyektlərdən birində “Xatirə” kitabına ürək sözlərimi yazırdım.
Saatlı məscidində də olduq, Yuxarı Gövhər ağa məscidində də (yaşıma görə mənə məscidlərdə foto çəkdirməyə icazə verdilər), Şuşa qalasında da (Qalanın ikinci qatındakı mazğalların önündə və “Gəncə qapısı”nda çəkdirdiyimiz fotolarda duman bizdən qabaqda görünür), Xan qızı bulağından su içdim (5-6 ildir ki, Bakıda çayın ümidinə qalmışam, su içmirəm), Bakıda dəfələrlə söz açdığım yaralı heykəllərlə Şuşada da görüşdüm, İnzibati binanın möhtəşəmliyini alqışladım, sərgi-qalereya binasının memarlıq üslubuna və gözəlliyinə heyran oldum. Amma ən kövrək hissləri “Mən cahan mülkündə mütləq doğru halət görmədim” – deyən ustadın məzarı önündə yaşadım. Təkcə məqbərənin önündə yox, məzarın yanında da şəkil çəkdirdim.
Vaqifin məqbərəsi olan həyətdə – geniş meydandır – bir bülbül gah şairin sağ tərəfindəki güllərin üstünə, gah da soldakı cökə ağacına qonur, gah yox olur, gah da yenidən gəlirdi. Vəhşi ermənilərin xarabaya çevirdiyi binaların həyətində isə nəinki bülbül, heç sərçə, sağsağan da görmədim.
***
Biz Cıdır düzünə gələndə orada 2 gün əvvəl keçirilmiş festival üçün hazırlanan nəhəng səhnənin metal konstruksiyaları, bir də minlərlə dekorativ dibçək gülləri qalmışdı. Cıdır düzündən dağlara, qayalara, dərələrə baxmaq istəyənlər isə ucsuz-bucaqsız “duman gölü”ndən başqa heç nəyi görə bilmirdilər. Orada yaşlı bir qadının yanındakı kişiyə (onlar da turistlər idi) verdiyi sual da mənim üçün maraqlı oldu, kişinin cavabı da.
– Arif Babayev doxsan yaşında “Ay bəri bax!” mahnısını bu səhnədə oxumuşdu?
– Ay qız, o gün Arifi oxudan Şuşanın havası idi. O yaşda adam Bakıda elə oxuya bilər?
***
Cənab Ali Baş Komandanımız işğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımızı qaldıra-qaldıra gedəndə mən bir yazıya sərlövhə vermişdim: “Bayraqların paradı”. İndi Şuşadan ayrılanda yolun kənarındakı yoxuşlarda, kiçik talalarda açılmış çiçəkləri görəndə konkret sərlövhə tapa bilmədim. Anlamadım ki, o mənzərə rənglərin festivalı idi, yoxsa güllərin “Yallı”sı.
“Zəfər yolu”nun bəzi hissələrini dağı, qayanı yararaq çəkiblər. Həmin yerlərdə yolun kənarında, sanki, divar görünür. Havanın dumanlı olmasını axşam düşməsi bilən bir tülkü yola çıxdı və maşının yaxınlaşdığını görəndə “divara” dırmaşmağa cəhd etdi. Üç cəhddən sonra qalxa bilməyəcəyini biləndə yolun kənarı ilə qaçmağa başladı. Ürəyimdə dedim, qaç, tülkü, daha qalxa bilməyəcəksən. Revanşist olmayıb, neyləsəniz də, qalxa bilməyəcəksən. Çıxış yolun qaçmaqdadır.
***
Şuşadan ayrılıb Füzuli tərəfə gedəndə bir yanda viranəyə çevrilmiş və minalanmış 100 hektarlarla köhnə üzümlüklər, digər tərəfdə nizamına oğlumun da mat qaldığı yeni salınmış bağlar, bir yanda Qarabağın bu həndəvərinə həyat gətirəcək Köndələnçay su anbarı, digər yanda Füzuli Beynəlxalq Hava Limanı, bir damı, daşı, darvazası, var-dövləti talan edilmiş Qarabağ evlərinin “ağzı heyrətdən açıq qaımış” adama oxşayan divarları, bir tərəfdə isə dam örtükləri müxtəlif rənglərdə olan yeni binalar görünürdü. Mən o binaların dam örtüklərinin rəngini Bakıda söhbətini yazdığım Qazinin sinəsindəki orden-medalların rənginə bənzətdim. Elə bildim ki, o yerlər döyüşdən qalib çıxmış cüssəli Azərbaycan əsgəri, həmin rəngbərəng dam örtükləri isə onun təltifləridir.
Bizi aparan yol Füzuli şəhərindəki möcüzəli dərəcədə gözəl görünən çoxsaylı yeni yaşayış binalarının yanından keçir. Füzulidə duman olmadığına görə, o binalara rahatlıqla baxa bilirdim. Beşinci mərtəbənin eyvanından yaraşıqlı yeniyetmə bir qız boylanırdı. Ürəyimdə dedim: Bax, boylan, qızım, nəvəm. Bir gün deyəcəksən ki, eyvana çıxdım, gördüm yar gəlir. Deyəcəksən, İnşallah! Ulu öndərimiz Heydər Əliyev sənin baba-nənələrinə demişdi ki, siz Füzuliyə qayıdacaqsınız və orada xoşbəxt həyat yaşayacaqsınız. Qayıtmısınız, Allaha şükürlər olsun! Xoşbəxt həyatınız isə hələ qabaqdadır.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Bakı – Füzuli – Şuşa – Bakı
13-14 may 2024-cü il