Suyumuz kəsilməsin, ağacımız qurumasın!

post-img

Təbiətin harayı

Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyacını ödəmək üçün potensial baxımından kifayət qədər su ehtiyatları yoxdur. Hazırda Cənubi Qafqazdakı su ehtiyatlarının cəmi 15 faizi Azərbaycandadır. Bu səbəbdən içməli, suvarma və texniki su ilə bağlı problemlər yaranır. Bununla bağlı akademik H.Əliyev adına Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev bildirdi ki, Azərbaycan su ehtiyatı çox az olan ölkələr sırasındadır. “Əsas çaylarımız Kür və Arazdır. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Həmin respublikalarda, o cümlədən Azərbaycanda çayın suyundan kənd təsərrüfatı, sənaye və məişətdə istifadə olunur. 

Ölkəmizdə formalaşan suyun cəmi 2,5 faizi içməli sudur, 70 faizdən çoxu isə suvarmada istifadə olunur. Ən çox suvarılan ərazilər taxıl və pambıq sahələridir. Hər il əkin sahələri genişlənsə də, su ehtiyatı azalır. Təəssüf ki, müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Suyun çox hissəsi torpaq dibli kanallarda itkiyə getdiyindən torpaq sahələrinin şoranlaşmasına səbəb olur. 

Bundan başqa, hər il qonşu ölkələrdən daxil olan yerüstü sular da azalır. Digər tərəfdən qolobal istiləşmə bilavasitə atmosfer yağıntılarının və su ehtiyatlarımızın miqdarının azalmasına gətirib çıxarır. Mütəxəssuslərin qiymətləndirmələrinə görə, bu səbəbdən su ehtiyatlarımız 10–15 faiz azalıb. Nəticədə, Kür, Araz və Samurda vəziyyət ürəkaçan deyil. Məsələn, Kür çayının doluluğu 27 faiz azalıb. Onun səviyyəsi o qədər aşağı düşür (2020-ci il) ki, yay aylarında çayda şirin su ehtiyatı tükənir və Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradır. Ümumiyyətlə, bu məsələ 15 ildən çoxdur ki, aktuallaşıb. Eyni vəziyyət digər çaylarımıza da aiddir: Araz çayında doluluq 34,58 faiz, Samur çayında 21,8 faiz, Qanıx çayında isə 9,17 faizdir. Qafqazın şərq yamacından tökülən xırda çayların suyu yay aylarında Xəzər dənizinə gedib çatmır”.

İ.Quliyevin sözlərinə görə, iqlim dəyişməsi yalnız aran rayonlarına deyil, dağlıq ərazilərə də təsir edir. “Vaxt vardı ki, su ilə bağlı narahatlıqlar Aran bölgələrində müşahidə edilirdi. Artıq indi bizə müraciətlərin bir qismi dağ kəndlərindəndir. Yardımlı, Gədəbəy və Qəbələnin dağ kəndləri bulaqları ilə məşhur idi. Bu gün həmin bulaqların suyu azalıb. Quruyan bulaqlar da az deyil. Yağış suyu və qar azaldığından dağ rayonlarında ekoloji tarazlıq pozulub”. 

İ.Quliyev daha sonra bildirdi ki, Kür və Araz çayları həm də Azərbaycanda şirin suyun əsas təchizatçılarıdır. Sənaye obyektlərinin texniki suya tələbatının təmin olunmasında əsas rol oynayırlar. 

Alimin qənaətinə görə, ölkəmizdə içməli və texniki suyun ən az olduğu ərazi Abşeron yarımadasıdır. Vaxtilə bu ərazidə ovdanlar, quyular olub. Artıq onların suları da şoranlaşıb. Bu gün Abşeron yarımadasına içməli, suvarma və texniki su kənardan gətirilir. Məsələn, Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər, Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayır. Taxtakörpü–Ceyranbatan su kanalının çəkilməsi isə Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi ölçüdə saxlanmasına şərait yaradır. 

Oğuz–Qəbələ–Bakı su kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su Abşeron, Yasamal, Nəsimi və Səbail rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyu yerləşən bəzi kəndləri təmin edir. Kür çayı və Şollardan da Abşeron yarımadasına su gətirilir. Bu mənbələr bu gün yarımadanın suya olan tələbatını təmin edir, amma 10-15 il sonra problem yarana bilər. Çünki əhalinin, sənaye obyektlərinin və turizm potensialının böyük əksəriyyəti Abşeron yarımadasındadır. 

Ən çox su ehtiyatı isə Qarabağdadır. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşırlar.

Su ehtiyatlarından səmərəli istifadə olunmalıdır

 Çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Buna görə də suvarma sistemində sulardan daha düzgün və səmərəli istifadə olunması vacibdir. Bununla bağlı 
İ.Quliyev bildirdi ki, ilk növbədə məhdud su ehtiyatları şəraitində ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir. “Həm təbiətimizi, həm kənt təsərüfatımızı, həm də məişətimizi qorumaq üçün iki yolumuz var. Birincisi, mövcud su ehtiyatları inteqrasiyalı idarə olunmalıdır. Bunun üçün yağıntı suları yığılıb saxlanılmalı və tələbatın çox olduğu yay aylarında səmərəli istifadə olunmalıdır. 

Çıxış yollarından biri də kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmasıdır. Ölkəmizin ərazisində təqribən 140-dan çox su anbarı var. Ən böyük su anbarı Mingəçevirdə yerləşir.  Hazırda Qəbələ – Şəki zonasında yeraltı anbar tikilir. Son illər istifadəyə verilmiş və ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı – Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları suyun idarə olunmasına hesablanıb. Artıq işğaldan azad olunmuş ərazilərdə də bir neçə su anbarı  (Xaçınçay və Köndələnçay su anbarı) istifadəyə verilib. Həkəriçay və Bərgüşadçay üzərində yeni anbarların tikintisi nəzərdə tutulur.

Su ehtiyatlarından səmərəli istifadə etməyin digər yolu qənaət mexanizmidir. Bu məqsədlə yeni texnologiyalardan istifadə edilir. Artıq son zamanlar böyük təsərrüfatlar pilot suvarma, damcılı və çiləmə suvarmadan istifadə edirlər. Bu, haradasa suya 50-60 faiz qənaətə gətirib çıxarır. 

Eyni zamanda, çirkab sularının təmizlənərək yenidən istifadə edilməsi də gündəmdədir. Hovsan təmizləyici qurğularında pilot layihə həyata keçiriləcək. Bizim işğaldan azad olunmuş ərazilərdə “ağıllı layihə”lər icra olunacaq. Emal olunmuş tullantı və yağış suları təmizləndikdən sonra təkrar istifadəyə veriləcək.  Bu məqsədlə Ağdamda təsdiqlənmiş layihəyə uyğun olaraq, həm tullantı, həm də yağış sularını təmizləmə qurğuları tikiləcək. Suyun mənbələrdən götürülməsi və idarə edilməsi SCADA sistemi vasitəsi ilə həyata keçiriləcək.

Su itkisinin qarşısını almaq üçün görülən tədbirlərdən biri də kanalların yenidən qurulmasıdır. Hazırda Şirvan suvarma kanalı yenilənir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti var. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.”

Qarabağ kanalı da yenidən qurulacaq. Onun inşası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma aparılacaq və bunun nəticəsində yeni layihə işlənib hazırlanacaq. Kanalın inşasına gələn ildən başlanılacaq. Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə Xəzər dənizinin suyunun içməli su səviyyəsinə qədər təmizləməsi də diqqət mərkəzindədir. İndi bu layihə üzərində iş aparılır. Layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. 

Beləliklə, bu gün həyata keçirilən qabaqlayıcı tədbirlər gələcəkdə su ilə bağlı ciddi problemlərlə qarşılaşmamaq üçün çox önəmlidir. Unutmayaq ki, su sərvətdir, onu itirmək olmaz. Hər qorunan damcı gələcək nəslimizə ərmağandır.

Pünhan ƏFƏNDİYEV 
XQ

 



Ekologiya