Türkiyədən gələn səslər...

post-img

Eyni kökdən olan xalqlarımızın birliyi uzun illərin qadağa və yasaqları ilə üzləşsə də qardaşlıq bağlarımızı qırmaq, tariximizi  unutdurmaq mümkün olmadı. Hələ müstəqilliyimizə illərin qaldığı vaxtlarda da bu ruh ürəklərdə yaşadı,  yaddaşlarda elə daşlaşdı ki, onu heç vaxt  silmək mümkün olmadı. Əksinə, tariximizdə və ədəbi nümunələrdə geniş vüsət alan həsrət və ayrılıq notları elə bir riqqətlə yükləndi ki, bunu yazanlar fatehlər oldular. O illərdə tanıdığımız İbrahim Bozyel məşhur bir hüquq adamından çox, daha  ünlü bir ədəbiyyat adamı kimi tanındı. 1998-ci ilin bir may günündə çalışdığı İstanbuldan məmləkəti İqdıra gedərkən yol qəzasında həyatını itirdi,  yaddaşlarda isə xalqlarımızın birliyinə verdiyi töhfələri ilə, bir az da dəqiq desək naşiri olduğu “Qardaş qələmlər”, “Türk ədəbiyyatı və Azərbaycan” kimi dərgiləri, “Qanayan Azərbaycan (Kanayan Azerbaycan), “Qərənfillər ağlamasın” (Karanfiller Ağlamasın) və s. əsərlərin müəllif, Türkiyə Yazıçılar Birliyinin üzvü və “Azərbaycan Türk Mədəniyyətini Tanıtma Dərnəyi”nin rəhbəri kimi qaldı. Ruhu şad olsun.  

Bir zamanlar rejimin yasaqları uçbatından  təqib qorxusu ilə atılan bu addımlar indi xalqlarımızı birliyi yolunda atılan ilk adımlardandır. Zaman-zaman ədəbiyyatın bu sahədəki fəaliyyəti  bu gün də aktuallığını itirmir. Uzun illərdən sonra talelərinə sahib olmuş türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində əməkdaşlıq imkanlarını daha da genişləndirir, eyni zamanda müasir dünyada  yeni bir qüdrətli birlik qururlar. Bu baxımdan birliyimizə töhfələr verən və Türkiyədən ünvanıma  gələn iki nəşrlə oxucularımızı da tanış etmək istədim.   

 “Heca daşları” (Hace taşları) dərgisi

           Bu günlərdə 111-ci sayı çoxsaylı oxuculara təqdim edilən “Heca daşları” Türk dünyasının demək olar ki, bütün xalqlarının klassik və müasir nəzm nümunələrinin yayldlğı almanaxdır. Azərbaycan şairlərinin də geniş yer aldığı elektron dərgi Türkiyənin Qəhrəmanşaraş şəhərində nəşrə hazırlanır və artıq bir neçə ildir ki, Türk dünyasının yazarlarını daha geniş bir məkanda tanıtmaqdadır. Naşiri Teyyub Atmaca 1962-cı ildə  Qəhrəmanmaraşda (Kahramanmaraş)  doğulub. Osmaniyə Ticarət Liseyini bitirdikdən sonra Osmaniyyə Universitetində Biznesin idarə edilməsi fakültəsini bitirib. “Güneysu” mədəniyyət, incəsənət və ədəbiyyat jurnalının yaradıcılarından olub və uzun müddət bu jurnalın baş redaktoru vəzifəsini yerinə yetirib. Şeir və esseləri “Ardıc”, “Ay vaxtı”, “Bir nöqtə”, “Dolunay”, “Ədəbiyyat mühiti”, “Güneysu”, “Qar çiçək”, “Kardelen”, “Qardaş qələmlər”, “Milli Kültür”, “Mina”, “Palandöken”, “Türk Dili, Türk Ədəbiyyatı”, “Yeddi İqlim”, “İtirilmiş arzular”, “Səyyah” və s. jurnallarda dərc olunub. Qəhramanmaraşda yaşayan yazar hazırda Onikişubat Bələdiyyəsində məmur vəzifəsində çalışır.

Əskişəhərdə “Kırağı” jurnalınını, Osmaniyədə Mustafa Özçəliklə birlikdə “Ardıç” mədəniyyət və  ədəbiyyat dərgisini nəşr etdirib.  Bu gün elektron şəkildə yayımlanan “Hace Taşları” və “Açıkkara” (yumor məzmunlu) adlı jurnalları nəşr edir. Osman Qazi Turaç, Ali Qalip Katırcı, Hasan Basri Meses, Toygar Yontar, Mehmet Hartlap, Müsamettin Turp və Kısmet Keven təxəllüsü ilə yumoristik  məqalələrin müəllifidir. 

Sərbəst üslubda yazdığı şeirləri ilə yanaşı, daha çox heca vəzninin tələblərinə əməl etməkdə və şerlərini də bu vəzndə yazmaqdadır. Onun şeir dünyasında  və  yazılarında   türkcülüyün xüsusi önəmi var. Aydın və yığcam ifadə nümunələrinə önəm verən Atmaca Anadolunu və Anadolu xalqının qəhrəmanlığını və həssaslığını təsvir edən əsərlərində aşıqlıq ənənəsinin ifadə üslublarından və xalq poeziyasından  məharətlə faydalanır.  Heca vəznində orijinal əsərlər yaradan azsaylı şairlərdən olan Atmaca  müxtəlif illərdə nəşr edilən “Sözün izində”, “Yaralı durna”, “Yanmış  məktublar”, “Uzun incə bir türkü”, ”Sarı kitab”, “Eskişəhərin yaşlanmayan üzləri”, “İçimdə yanan mahnı səndə sönər”, “Aşıqlar məclisi”, “Səssiz danışan gözümü dinlə”  kimi 15-dən çox kitabın müəllifidir. 

Naşiri olduğu “Heca daşları” almanaxında Nizami, Füzuli, Nəsimi, Vaqif kimi klassik şairlərimizlə yanaşı müasir Azərbaycan ədəbiyyatının Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bəhmənli və adlarını çəkmədiyimiz şairlərin çoxsaylı ədəbi nümunələrini görməkdəyik. Nəşrin bu günlərdə işıq üzü görən sayında (https://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari111sayiOn5mayis2024.pdf) uzun illərdir Türkiyənin Qaziantep Universitetində çalışan  azərbaycan əsilli professor İlqar Cəmiloğlu İmamverdiyevin “Mənasız mənalı həyat” şeiri yer alır.    

“Bulaq başı” (Pınarbaşı) almanaxı

Bu nəşrin ilk sayı bu ilin fevralında Qəhrəmanmaraş vilayətinin Elbistan şəhərində işıq üzü görüb. Yayın rəhbəri şəhər  milli təhsil idarəsinin müdiri Fatih Çətin  və redakroru Yakup Gumus olan “Bulaq başı” (Pınarbaşı)  mədəniyyət,  incəsənət və ədəbiyyat jurnalıdır. Şərqi Anadolunun  qərbində yerləşən Elbistan kökləri keçmişə gedib çıxan və bir çox sivilizasiyaların beşiyi olmuş bir şəhərdir. Keçmiş  sivilizasiyalardan miras qalmış dəyərlər, istər coğrafi gözəllikləri, istərsə də insani, mədəni və iqtisadi aspektləri baxımından böyük potensiala malik olan Elbistanda nəşr həyatına başlayan dərginin ilk sayı  türk şeir, nəsr və fikir dünyasında müstəsna adı olan və   Elbistanda doğulmuş Əli Akbaşa həsr edilib (file:///C:/Users/Admin/Downloads/%C5%9Fubat%202024-Ali%20Akba%C5%9F.pdf). 

Əli Akbaş ədəbiyyata mənəvi bağlılığı ilə seçilən, müasir türk ədəbiyyatının önəmli yazarlarındandır.  Ömrünü və yaradıçılığını Türk-İslam dünyasına həsr etmiş  Əli Akbaş mübariz döyüşçü ruhu ilə seçildiyi kimi, həm də ürəyi Türk dünyasına və həyata sevgi dolu gözəl bir insandır. Nəşrin gələçək saylarında türk dünyasının ünlü sənət adamlarının təqdimatı,  əsərlərinin geniş yer alaçağı vurğulanır. 

Türk mədəni sərvətinin seçilən simalarından olan Yusuf  Hacip “Ölkəni qılıncla ala bilərsən, amma qələmlə idarə edərsən” devizi ilə yola çıxan “Bulaq başı” jurnalının yaradıcı heyyətinə biz də uğurlar arzulayır,  əsərləri ilə Türk dünyasının birliyinə ruh verən şair və yazıçıları birləşdirən bir amala xidmət edən, kökümüzdən qidalanan sənətə, ədəbiyyata yeni səs, rəng və harmoniya gətirən bir nəşr olmağı arzu edirik. 

Namiq Qədimoğlu

XQ

 

 

 

 





Mədəniyyət