Separatçının “arsaxlaması” növbəti sarsaqlamasıdır
Qarabağdakı separatçı rejimdə təhlükəsizlik şurası kimi oyuncaq qurumun katibi olmuş, Xocalı cəlladı, Birinci Qarabağ müharibəsində əli yüzlərlə günahsız azərbaycanlının qanına batmış, meyit alveri ilə varlanmış Vitali Balasanyan “zühur edib”. Daha doğrusu, jurnalistlər onu İrəvanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyana dəstək üçün gəldiyi Surb Anna kilsəsinin həyətində yaxalayıblar.
Media təmsilçilərinin mikrofonlarını görən Balasanyan, necə deyərlər, gözünü yumub, ağzını açıb başlayıb “artsaxlamağa”, daha doğrusu, sarsaxlamağa. Axırda da ən böyük arzusunu dilə gətirib. Əslində, o, istəyini arzu şəklində ifadə etməyib. Amma belə nəticəyə gəlmək olar ki, keçmiş separatçı xiffət çəkir. Nəyin xiffətini? Bu barədə sonda söz açacağıq.
Beləliklə, V.Balasanyan sir-sifətini ciddiləşdirərək siyasətçi obrazına girib. O, heç “s” hərfini düz-əməlli anlamadığı siyasətin ayrı-ayrı cəhətlərinə diqqət yetirdiyini bildirərək deyib ki, 2018-ci ildən sonrakı hadisələrin xronologiyasına nəzər salınsa, Qarabağı kimin təslim etdiyi başa düşüləcək. 2018-ci ildən sonra Ermənistanda hakimiyyətə hazırkı baş nazir Nikol Paşinyan gəlmişdi. Balasanyan Qarabağdan danışır, ancaq qorxusundan müqəssir qismində Paşinyana köklənə bilmir. Yaxşı anlayır ki, iqtidar komandası cəmiyyətdə heç bir nüfuz sahibi olmayan, antipatiya bəslənilən keçmiş separatçı rejimin istənilən təmsilçisinin ağzını böyük şövqlə yuma bilər. Balasanyanın ağzı isə özü kimi çox balacadır. Yəni yummaq heç bir çətinlik törətməz.
V.Balasanyan onu da deyib ki, guya, 2018-ci ildən sonrakı müsahibələrinə diqqət yetirilsə, erməni varlığının hansı siyasət yeritdiyini, Qarabağın itirilməsinin və hazırda Ermənistanın çətin duruma düşməsinin səbəblərini görmək mümkün olacaq. Aydındır ki, o, bu fikri dilə gətirərkən, canını tapşırmış, özünün də təmsil olunduğu rejimin daxilindəki konfliktləri nəzərdə tutur. Axı həmin vaxt Vito ləqəbli bu cani separatçıbaşı Arayik Arutyunyanın “şaykası” tərəfindən gözdən salınmışdı, onunla hesablaşan yox idi. İndi bu xəstə məxluq özünün yaşadığı lokal intriqaları böyük siyasət kimi qələmə vermək istəyir. Guya ki, əvvəlki müsahibələrində nə isə deyibmiş.
Balasanyan Qarabağın itirilməsini “cinayət” adlandırıb. Bildirib ki, bu cinayət əməlinə görə hər kəs cavab verəcək. “Vəzifə tutanların hamısı, o cümlədən mən”, – deyən Xocalı cəlladı söhbətinin başından böyük daha bir hissəsinə keçid alaraq, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı üzərində dayanıb. O bəyanatın ki, onu pozan Ermənistan tərəfi olmuşdu. Sən demə, sənədi imzalayanlar sazişin icrasına cavabdeh imişlər. Guya, bilmirdik və sən demə, cavabdehlik Qarabağ ermənilərinin bölgədəki varlıqlarını qorumaları məqsədi daşıyırmış. Ona görə Balasanyan bir sıra müddəalarının pozulmasına əhəmiyyət vermədiyini deyərək, sənədin hələ də qüvvədə qaldığını dilə gətirib, isteriyaya qapılmağı da yaddan çıxarmayıb: “Onlar (üçtərəfli Bəyanatı imzalayanlar – red.) “Artsax xalqı”nın qayıtmasını təmin etməyə borcludurlar”.
Məlumdur ki, baş nazir N.Paşinyan 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağı tərk etmiş ermənilərin bölgəyə qayıtmalarına nikbin yanaşmayıb. Hərçənd, başlanğıcda rəsmi İrəvan məsələni Azərbaycanla danışıqların predmetinə çevirməkdə israrlı idi. Lakin bu ambisiyanın mümkünsüzlüyü meydana çıxanda Nikol bildirmişdi ki, Qarabağ ermənilərinin hazırkı şərtlər altında öz evlərinə dönmələri yolverilməzdir. Daha doğrusu, baş nazir bölgənin erməni əhalisinin dilindən danışmış, indiki durumda onların geri qayıtmaq arzularının olmadığını demişdi. Balasanyanın Paşinyanın mövqeyinə münasibəti isə gülməlidir. “Ayının min oyunu bir armudun başında” olduğu kimi, Vito da söhbəti üçtərəfli Bəyanatın üzərinə gətirir və deyir ki, N.Paşinyan sənədi imzalayan şəxs kimi, onun öz qüvvəsini saxlamasına, yenidən bərpasına cavabdehdir.
O da məlumdur ki, işğal illərində Qarabağın erməni əhalisi Ermənistan tərəfindən ayrılmış büdcə hesabına ayaqda qalıb. Separatçı rejim həmin büdcədən çox az miqdarda sadə ermənilərə ayırıb, qalanlarını isə özü mənimsəyib. Mənimsəyənlər içərisində V.Balasanyan da olub. Rəsmi İrəvana isə Qarabağ ermənilərinin Ermənistan ərazisində təminatı üçün elə də böyük məbləğ lazım deyil. Hərçənd, Paşinyan və komandası hay-küy qaldıraraq, xaricdən ölkəyə vəsait də cəlb edib və etməkdədir. Balasanyan isə hökumətdən Qarabağın erməni əhalisinə təzminatla bağlı heç nə deyilmədiyini bildirib. Ardınca vətənşüvənliyini işə salaraq çərənləyib ki, Qarabağ erməniləri Paşinyan iqtidarından ev yox, öz evlərini istəyirlər. Yəni, tərk edib qoyduqları evlərini. Balasanyana görə, bunun üçün üçtərəfli Bəyanat icra olunmalıdır.
Hazırda rus sülhməramlıları Qarabağı tərk edirlər. V.Balasanyan isə bildirir ki, onların səlahiyyət müddəti 2025-ci ildə bitir, həmin vaxtadək geri dönüşlə bağlı iş aparılmalıdır. Adam, həqiqətən, xəstədir. Ancaq jurnalistin sualı bu xəstəni sanki qəflət yuxusundan ayıldır. Sual, təxminən, belədir: Siz Qarabağdan necə və hansı yolla çıxıb Ermənistana gələ bilmisiniz? Vitonun cavabı biabırçıdır: “Sakitcə, gördüm ki, heç kəs yoxdur, mən də gəldim. Qoy, bu sirr olaraq qalsın. Aidiyyatı dövlət qurumları müraciət edəndə, necə gəldiyimi deyəcəm. Orada işarələrin olduğunu görəcəklər”.
Əlbəttə, V.Balasanyan kimi qorxaq, gücü dinc əhaliyə çatan birinin hansı yolla Qarabağı tərk etdiyini təsəvvürə gətirmək çox da çətin deyil. Ola bilər qadın paltarında qaçıb... Ondan hər şey çıxar. Başlıca məqam belə bir məxluqun bölgəyə yenidən dönmək istəməsidir. Elə bu yerdə söhbətimizin əvvəlinə qayıdaq və Vitonun nəyin xiffətini çəkdiyi ilə bağlı ehtimalımızı irəli sürək. Nəzərə alsaq ki, Balasanyan Qarabağ cəlladıdır, Xocalı qatilidir, əslində, onun qalmalı olduğu yer Bakı həbsxanasıdır. Ömrünün qalan hissəsini həbsxanada Arayik Arutyunyanla, Bako Saakyanla, Ruben Vardanyanla və digər separatçılarla hücrə yoldaşı kimi keçirmək fikrinə düşübsə, o zaman Həkəri sərhəd buraxılış məntəqəsinə ayaq basması kifayətdir. Buna görə jurnalistlər qarşısına çıxıb yarımçıq bildiyi siyasətə baş vurmasına ehtiyac yoxdur.
Ə.RÜSTƏMOV
XQ