Türkiyə-Azərbaycan qardaşlığı vahid güc mərkəzinə çevrilib

post-img

Azərbaycan və Türkiyə qədər keçmişi və gələcəyi bir-birinə bağlı olan başqa bir dövlətlərarası münasibətə rast gəlmək mümkünsüzdür. İki qardaş dövləti eyni söykök, dil, din birliyindən də üstün tellər bağlayır. Xalq Cümhuriyyətinin qurulmasında türk əsgərlərinin savaşı, Türkiyə Cümhuriyyətinin qurtuluş savaşında azərbaycanlıların canı və qanı ilə iştirakı dünya tarixində bənzəri olmayan   hadisədir. Bu münasibət böyük Atatürkün və Ümummilli  lider Heydər Əliyevin dillər əzbərinə çevrilən fikirlərində ən yüksək şəkildə ifadə olunub. 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibəti hazırkı dövrdə özünün zirvə nöqtəsindədir.
Bu gün cənab Ərdoğan və Prezident İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir.

İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzinə çevrilməsi ilə inkişaf etdirilən bu ittifaq adıçəkilən liderlərin dəqiq və milli maraqlara hesablanan siyasəti ilə daha böyük uğurlar vəd edir. Bu baxımdan İlham Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri xüsusi diqqət kəsb edirdi. 
Liderlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun  imzalanması Türk dünyasının daha da inkişafı üçün mühüm hadisə olacağı şübhəsizdir və alqışa layiq mütərəqqi bir addımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi adıçəkilən universitetinin yaradılması, adicə bir  təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. 

Bununla yanaşı, birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qaldı.
Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən ölkəmizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Prezident növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda  müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu. Bu, həm də İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsindən yaranmış siyasi situasiyadır. Azərbaycan lideri bu vəziyyətdə ölkəmizin Türk dünyasının birliyi üçün aparılan prosesdə dominantlığını təmin edir.

Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda  dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə cənab Ərdoğan Azərbaycan - Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi. 

Beləliklə, dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan - Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər Ərdoğan- Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. 

Bu birlik, qardaşlıq Ulu öndərin “bir millət, iki dövlət” şüarının gerçək siyasi təsdiqi və türk soyuna düşmən kəsilən şər qüvvələrin qarşısında sipərdir!

Rəşad Mahmudov, 
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru



Siyasət