Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Rusiyaya qarşı Avropa sanksiyalarının 13-cü paketinə veto qoymağı planlaşdırmır. Onun sözlərinə görə, müzakirə mərhələsində Macarıstanın maraqlarına zidd olan bütün məqamlar aradan qaldırılıb.
“13-cü sanksiyalar paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün oldu. Ona görə də hesab edirik ki, bu baxımdan vetodan istifadə etmək mənasız olardı. Eyni zamanda, hesab edirəm ki, Avropa İttifaqı səhv qərar qəbul edir”, - deyə cənab Siyarto Brüsseldə jurnalistlərlə görüşündə bildirib (TASS-a istinadən).
Macarıstan nazirliyinin rəhbəri vurğulayıb ki, o, təkcə indiki sanksiyalar paketini deyil, həm də əvvəlki - 12-ci sanksiyaların tətbiqini yanlış qərar hesab edir. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatına yönəlmiş sanksiyalar Avropaya daha böyük ziyan vurub. O qeyd edib ki, Rusiyanın enerji resursları hələ də Avropa İttifaqına, lakin üçüncü ölkələr vasitəsilə və daha yüksək qiymətlərlə verilir.
S.ELAY
XQ