Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlərdə çıxışları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri də bunun bariz ifadəsidir.
Xatırladaq ki, dövlət başçısı Münxendə keçirdiyi bir sıra mühüm görüşlərdə dünyada təhlükəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabartmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, bir standartın tətbiqinin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında mövcud ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha göstərərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini bildirib.
Münxen Təhlükəsizlik Konfransı bir çox cəhətdən Azərbaycan üçün əlamətdar olub. İlk növbədə, beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Digər tərəfdən, Azərbaycan Prezidenti iqtisadi görüşlər keçirməklə ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirib. Həmçinin diqqəti Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı roluna yönəldib.
Prezident İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin fevralın 17-də Münxen görüşü də mühüm önəmi ilə diqqət çəkib. Həmin görüşdə dövlətimizin başçısı Azərbaycanın COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri Azərbaycanın, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev C.Kerri ilə söhbətində iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusuna çevriləcəyini, Azərbaycanın da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcəyini bildirib. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına 4 il sədrlik edən dövlət kimi çox yaxşı təcrübə qazandığını, eyni zamanda, respublikamızın digər müxtəlif platformalarda fəal şəkildə iştirak etdiyini, bununla da qlobal həmrəyliyə nail olunmasına dəstək verdiyini xatırladıb.
Con Kerri isə söhbət zamanı iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu, hazırda “yaşıl keçid”lə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə edildiyini, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin bu görüşü deməyə əsas verir ki, növbəti iqlim konfransının– COP29-un cari ilin noyabrında Bakıda keçirilməsi dünyada heç bir təəccüb doğurmur. Çünki Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə üzrə üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfdaşı olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə əhəmiyyətli töhfə verir.
Onu da qeyd edək ki, Azərbaycanın 2030-cu ilədək 5 mili sosial-iqtisadi inkişaf prioritetlərindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu prioritetə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşdırmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə işlərə başlanılıb. Azərbaycan istixana qazlarının emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub.
Prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn və Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms arasında keçirilən görüşlərdə də ölkəmizdə COP29-un reallaşdırılmasının daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsi işinə xidmət etdiyi bildirilib.
XQ