Ermənipərəst sinxronluqda başlıca məqsəd

post-img

Yaxud Fransa hakimiyyəti və mediasının anti-Azərbaycan motivlərinə nəzər

Görünür, Fransa mediası ölkə hakimiy­yətinin anti-Azərbaycan kampaniyası­na xüsusi “rəng çalarları” qatmaqda is­rarlıdır. Hər halda, məsələyə başqa cür ad qoymaq mümkün deyil. Yada salaq ki, bir neçə gün əvvəl Fransanın nüfuz­lu “La Point” jurnalı Ermənistan-Azər­baycan sərhədindəki vəziyyətlə bağlı “Qaçılmaz müharibə” başlıqlı reportaj hazırlamışdı. Reportajda aşkar təxribat yolu tutularaq Qarabağın Azərbaycan Ordusu tərəfindən, guya, işğal olundu­ğu bildirilmişdi. Eləcə də yüz mindən çox Qarabağ ermənisinin öz doğma torpağını məcburən tərk etməsi kimi cəfəng məntiq irəli sürülmüşdü. 

Bəli, aydındır ki, “Le Point” qərəzli, saxta sentimentallığa əsaslanmış məqaləsi ilə təkcə ermənipərəstlik etmir, jurnal, eyni zamanda, Fransanın hakimiyyət dairələrinin anti-Azərbay­can sifarişlərini yerinə yetirir. Əslində, hazırda fransız mediası ilə hakimiyyəti arasında sırf ermənipərəstlik xüsusunda sinxromlaşdırılmış, koordinasiyalı birgə fəaliyyət mövcuddur. Bu fik­ri ona görə bildiririk ki, “Le Point” jurnalı tək deyil. 

Məsələn, Fransanın “Fiqaro” jurnalının di­rektor müavini Jan-Kristof Buisson özünün “X” sosial şəbəkəsindəki hesabında yazdıqları ilə “Le Point”dakı həmkarlarının düşüncələrini təkrarlamaqdadır. Əgər ikinci Azərbaycanın Er­mənistanın cənub sərhədlərinə doğru hücuma hazırlaşdığını bildirirdisə, “Fiqaro”nun direktor müavini daha da “irəli” gedib. O yazıb ki, guya, ölkəmiz Ermənistanın paytaxtı İrəvanı ələ keçir­məyə hazırlaşır. 

Həqiqətən də, ortada Fransa dövləti və me­diası adına son dərəcə rəzil bir mənzərə var. Əlbəttə, hər iki qütb məsələyə rəzillik prizma­sından baxmaya bilər. Çünki qlobal maraq və mənafelər olduğu halda, onlar söz azadlığına da, insan hüquqlarına da, elə beynəlxalq hüquq normalarının özünə də asanlıqla tüpürməyi ba­carırlar. Bu öz yerində.  

Başlıca məqam ondan ibarətdir ki, istər fransız mediası, istərsə də Fransa siyasiləri anti-Azərbaycan ritorikasını diri tutmaqla, iki məqasədə nail olmağı düşünürlər. Birin­ci məqsəd dünya miqyasında ölkəmizə qarşı antipatiya formalaşdırmaqdır. Paris çalışır ki, beynəlxalq aləm total şəkildə ölkəmizlə mübarizəyə səfərbər olsun. İkinci məqsəd isə Ermənistanın özünü Azərbaycanla yeni mü­haribəyə hazırlaşdırmaqdır. Hesab edirik ki, hazırda ikinci məqsəd daha “vacibdir”. 

Fransa dairələri çox yaxşı anlayırlar ki, 44 günlük müharibədən sonra Ermənistanda Azərbaycanla bağlı qorxu var. Yəni, müha­ribənin nəticələri həmin vaxtadək erməni cəmiyyətindəki stereotipləri sındırıb. Axı ermənilər özlərini döyüşkən, mübariz xalq, azərbaycanlıları ticarətçilər kimi qələmə verirdilər. İndi Fransa çalışır ki, ermənilərə onların, guya, qəhrəman olduqlarını aşılasın. Məsələn, “Le Point”un reportajında fikirlə­rinə istinad etdiyi Gevorq adlı 61 yaşlı mü­haribə veteranı belə deyir: “Qorxu ölüb, Er­mənistan isə diridir”. Sözügedən reportajdakı daha bir məqama diqqət yetirək. Orada Ermə­nistandakı Qarabağ erməniləri ilə söhbət əksi­ni tapır və bildirilir: “Bu adamların qəzəb və müqavimətlərini görmək üçün erməni dilini bilmək lazım deyil”.

Göründüyü kimi, Fransanın Ermənista­nı Azərbaycanla müharibəyə təhrik etmək məqsədindəki başlıca motiv erməni cəmiy­yətindəki qorxunu aradan qaldırmaqdır. Buna görə də Gevork kimi saxta müharibə qəh­rəmanı obrazı uydurulur və beləliklə, Paris İrəvanı illüziya bataqlığına çəkir. İllüziya ya­ratmanın ideoloji tərəfini təmin edən fransız mediasıdırsa, siyasi baxımdan bu işə Fransa­nın hakimiyyət orqanları ilə yanaşı, ölkənin Senatı da girişib. 

Bəli, Fransa Senatı Ermənistanın əra­zi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edirsə, deməli, Paris “La Point”un və “Fiqa­ro”nun xəttini davam etdirir, yaxud əskinə. Yəni, yuxarıda da bildirdiyimiz kimi, Azər­baycanın Ermənistan üzərinə hücumu mən­tiqi formalaşdırılır, bununla bağlı erməni cəmiyyətindəki qorxunun təbii müqavimətlə əvəzlənməsinə çalışılır. Mövcud durumda sö­zügedən qətnamə, bir növ, Bakının potensial təcavüz planına münasibətdə beynəlxalq im­munitet qismində meydana çıxır. Ölkə iqti­darı isə sanki katalizator funksiyasını yerinə yetirir. Ermənistan hakimiyyətinə gəldikdə, o, avantürizmindən əl çəkmir. İrəvan Parisin direktivlərini yerinə yetirməklə, qeyri-kons­truktiv mövqe tutmaqda, Azərbaycanla sülh prosesini əngəlləyir və mövcud istiqamətdəki barışmazlıq xətti yeni müharibə perspektivi doğurur. 

Nəzərə alaq ki, Azərbaycanın Ermənista­na hücum məntiqi, bir qayda olaraq, Azərbay­can tərəfindən səslənmiş bəyanatlardan sonra dövriyyəyə girir. Yəni, Bakı reallıqları vurğu­layır, prinsipial və haqlı baxışlarını ortaya qo­yur, obyektiv tələblərini səsləndirir. Nəticədə İrəvanda bütün bunların işğal xəbərdarlığı olduğu deyilir. 

Diqqət yetirək, “Fiqaro” jurnalının direk­tor müavini Jan-Kristof Buisson Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində­ki motivləri əsas götürür. Söhbət dövlətimi­zin başçısının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bir gün sonra, dəqiq desək, mayın 29-da İrəvanın Er­mənistana paytaxt olaraq verilməsi kimi tarixi faktı diqqətə çatdırmasından gedir. J.Buisson bu fikri Ermənistanın paytaxtını ələ keçirmək niyyəti adlandırır. Halbuki, məsələnin qoyu­luşu yanlışdır, aşkar təxribat və manipulyasi­yadır. Təxribat və manipulyasiyada isə belə demək mümkünsə, qorxu yaratmaq məqsədi təxminən budur: baxın, Azərbaycan gəlib si­zin paytaxtınızı ələ keçirəcək. Yəni, müharibə edin ki, Bakı istəyinə çatmasın. Deməli, “La Point”un reportajındakı Gevorkun “qorxuya qalib gəlmək” əzminin də, habelə “Qarabağ ermənilərinin gözlərindəki qəzəb və hiddə­tin” də məramı aydındır. 

Qeyd edək ki, Fransa Ermənistana yalnız ideoloji dəstək vermir, eyni zamanda, ölkəni silahlandırır da. Əvvəllər erməni cəmiyyə­tində belə fikir formalaşmışdı ki, Parisin qət­namələri mənasız kağız parçasından başqa bir şey deyil. O da bildirilirdi ki, Fransa NATO ölkəsidir və o, heç bir halda Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatının üzvü olan Ermənistanı si­lah-sursatla təchiz etməyəcək. Hazırda rəsmi Paris bu deyimi heçə endirmiş durumdadır. Çünki Fransa-Ermənistan hərbi əməkdaşlığı artıq real fazaya daxil olub. Görünür, fran­sızlar Cənubi Qafqazla bağlı ambisiyalarını əməli iş müstəvisinə daşımağa qol çırmayıb­lar. Hazırda görünən budur ki, istər Fransa Se­natının qətnaməsi, istərsə də ölkə mediasının canfəşanlığı İrəvanın silah-sursatla təminatı­na bəraət qazandırmağa yönəlib. Yəni, onlar göstərmək istəyirlər ki, İrəvana hərbi yardım ermənilərin “Bakının zülmündən xilası üçün­dür”. Azərbaycanın Ermənistana hücum edə­cəyinə dair fikrin qabardılmasındakı başlıca niyyət də məhz budur. 

Sonda onu da deyək ki, Fransa Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasına yol verməməkdə israrlıdır. Nəzərə alaq ki, ha­zırda regionda qərarlaşacaq sülh Fransanın qlobal maraqlarını təmin edilməmiş saxlayan perspektiv vəd edir. Bu səbəbdən Ermənista­nın Azərbaycana qarşı yeni müharibəyə baş­layacağını ehtimal etmək mümkündür. Əlbət­tə, əsas məsələ həmin müharibədən sonrakı vəziyyətin necə olmasıdır. Nə demək olar, mümkündür ki, uzaqgörən, təəssübkeş fran­sız dairələri müstəqil Ermənistan dövlətçili­yinin yoxluğu məntiqini hesablayıblar. Bəlkə, ermənilər və erməni diasporu Fransanın özü­nü də bezdirdiyindən, ölkə hakimiyyəti bu məsələnin tamamilə sıradan çıxmasına, yəni Ermənistanın məhvinə çalışır. Hesab edirik ki, bu məqamı, ilk növbədə, erməni cəmiyyəti düşünməlidir. Düşünməli və nəticə çıxarma­lıdır. Çünki, necə deyərlər, olan Ermənistana olacaq. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət