Ermənilər Fransanın arxasında nə qədər gizlənəcəklər?!

post-img

Artıq rusiyalı politoloqlar da Azərbaycana qarşı təzyiqlərə cavab verirlər 

Fransa artıq təkcə Azərbaycanı deyil, bütün ətrafını bezdirib. Hətta rusiyalı politoloqlar da zaman-zaman bu ölkənin populist siyasi bəyanatlarından və yersiz addımlarından təngə gəliblər. Yanvarın 17-də Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə Bakıda olduğu kimi, Moskvada da etirazla qarşılanıb. 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzi­nin aparıcı elmi işçisi Sergey Markedonov özünün “Teleqram” kanalında Fransa Senatı­nın Azərbaycanla bağlı qətnaməsini pisləyib. O, “Fransanın Qafqaz geosiyasi optikası” başlıqlı yazısında bildirib ki, yanvarın 17-də Senat (Fransa parlamentinin yuxarı palatası) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Vurğulayıb ki, sənədin müəllifləri Ermənista­nın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, həm də öz hökumətlərini və Avropa İttifaqın­dakı (Aİ) tərəfdaş ölkələri Bakıya qarşı sank­siyaların tətbiqinə çağırıblar.

Markedonov bu qətnamənin təkcə Azər­baycan üçün deyil, elə Rusiyanın özü üçün də gözlənilməz olmadığını yazıb: “Bu təşəbbüs, təbii ki, sürpriz olmadı. Birincisi, bu gün Bakı ilə Paris arasında münasibətlər SSRİ-nin da­ğılmasından sonrakı bütün dövr ərzində bəlkə də ən aşağı nöqtədədir. İkincisi, Fransa “er­mənipərəstliyi” ilə tanınır”.

Rusiyalı politoloq durumun səbəblərini də izah edir. Bildirir ki, Fransanın ərazisində böyük erməni diasporu yaşayır, onların sayı 350-500 min nəfərdir. Bu, Rusiya və ABŞ-dan sonra dünyada üçüncü, Aİ-də isə ən böyük er­məni diasporudur. Ən böyük icmalar Paris, Lion və Marseldə qeydə alınıb. İrəvanın ma­raqlarının məşhur lobbiçisi Valeri Boyer, hət­ta, Marsel merinin müavini olub. Markedo­nov, eyni zamanda, Fransanın erməni mənşəli tanınmış vətəndaşlarının da adlarını xatırladır. Erməni tarixi ilə bağlı Fransada meydana çıx­mış kino, ədəbiyyat və incəsənət nümunələ­rini isə Markedonov “hekayələr” (XX əsrin əvvəllərindəki “faciə” də daxil olmaqla) ad­landırır və bu hekayələrin ölkədə geniş şəkil­də təqdir olunduğunu diqqətə çatdırır. 

Göründüyü kimi, rusiyalı politoloq tama­milə haqlıdır. Hesab edirik ki, ermənilərin, təxminən, yarım əsrdən bəri əlindən tutub gəzdirdikləri qondarma “erməni soyqırımı” iddialarının gülüş və ironiya obyekti olduğu artıq bütün dünyaya, elə ABŞ-ın özünə də yaxşı məlumdur. Bu iddialar hər yerdə he­kayə, nağıl kimi qəbul edilir. Sadəcə, bəzi ölkələr arqumentlərində bu erməni pazlından Türkiyə və Türk dünyasına qarşı siyasi alət kimi yararlanırlar. Elə Markedonovun bildir­dikləri də bunun təsdiqidir.

Rusiyalı ekspertin fikrincə, erməni lobbi təşkilatları ənənəvi olaraq fəaldırlar (məsələn, Erməni Məsələsi üzrə Komitə, Erməni Di­asporunun Araşdırma Mərkəzi). Onlar tarixi və tarixi-hüquqi mövzulara həddindən artıq diqqət yetirirlər. Fransa parlamenti 2000-ci ildə Osmanlı imperiyasındakı hadisələri “er­məni soyqırımı” kimi tanıyıb və prezident Jak Şirak 2001-ci ildə müvafiq qanunu imzalayıb.

Politoloq bildirir ki, 2020-ci ildən 2024-cü ilə qədər olan dövrdə Fransa Senatı nəinki Ermənistanı dəstəkləyən və Azərbay­canı pisləyən (17 yanvar 2024-cü il, 15 no­yabr 2022-ci il, 25 noyabr 2020-ci il), hətta separatçı keçmiş “Dağlıq Qarabağ Respub­likası”nın tanınmasını tələb edən, ən azı, 3 qətnamə çıxarıb. Bununla yanaşı, Markedo­nov yazır: “Düzdür, bir nüans var. 2022-ci ilin noyabrında Senatın qətnaməsinin qə­bulundan sonra Paris Bakıya məhdudiyyət qoymayıb. Üstəlik, Beşinci Respublikanın Xarici İşlər Nazirliyi “DQR”in tanınması ilə razılaşmayacağını dəfələrlə vurğulayıb və buna getməyib... SSRİ-nin dağılmasından sonrakı bütün dövr ərzində Parisin Bakı ilə praqmatik münasibətlər qurmağa cəhd etmə­diyini söyləmək olmaz. Üstəlik, Azərbaycan tərəfinin özü də bunda maraqlı olub (heç nəyə baxmayaraq, bu mövqeyində qalır). Mövcud kontekstdə nəzərə almaq lazımdır ki, Heydər Əliyev Fransa Prezidenti Jak Şi­rakla dialoqun qurulmasında çox işlər görüb, oğlu İlham Əliyev onu əvəzlədikdən sonra prezident kimi ilk xarici səfərini 2004-cü ilin yanvarında Parisə edib. Lakin Qarabağ məsələsi hər dəfə Fransa və Azərbaycanı bir-birindən uzaqlaşdırıb”.

Bütün bunlarla yanaşı, Markedonov hesab edir ki, Parisin Zaqafqaziya ilə bağlı siyasə­tində Aralıq dənizi istiqamətində Fransanın mühüm rəqibi olan Türkiyə ilə əlaqələr xüsusi önəm daşıyır: “Bu gün Qarabağ istiqamətində Fransa Avrasiyada türk hücumunun növbəti təzahürünü (Azərbaycan da bu tendensiya­nın bir hissəsi kimi qəbul edilir) görür və bu, ölkənin regionda proseslərin necə inkişaf et­məli olduğuna dair fikirlərinə uyğun gəlmir. Amma tək Türkiyə deyil. Paris “vahid Avro­pa”nın lideri kimi Almaniyanı da sıxışdırma­ğa çalışır. Qafqazda “rus hegemonluğu” ilə mübarizə, Ukraynaya dəstək də bu tapmaca­nın bir hissəsidir”. 

Doğrudur, Markedonov Fransa Senatının Azərbaycanı öz Silahlı Qüvvələrini “suveren Ermənistan ərazisindən” geri çəkmək və onun ərazi bütövlüyünə hörmət etmək tələbi üzərin­də çox dayanmayıb. Amma onsuz da bu tələ­bin, tamamilə, yersiz olduğu aydındır. Bu gün ətrafda hamıya məlumdur ki, Azərbaycan Er­mənistan ərazilərini işğal etməyib və bu fikirdə deyil. Bunu Prezident İlham Əliyev də dəfələr­lə bəyan edib. Amma tarixi Azərbaycan əra­zilərində oturmuş ermənilərin içində bir qorxu var. Qorxurlar ki, qalib və müzəffər Azərbay­can bir gün qalxıb tarixi torpaqlarını tələb edə bilər. Ona görə də qorxularından Fransanı qabağa veriblər. Azərbaycan Respublikasının Milli Məclisi isə Fransanın qətnaməsinə kəskin reaksiya verib. Görünən budur ki, Fransa özü üçün yenidən ciddi başağrısı yaradacaq. 

Paşa ƏMİRCANOV
XQ

Siyasət