Şəhidlər uyuyan bu dağ Vətəndir!

post-img

Günün reportajı 

Düz 34 il bundan əvvəl – 1990-cı il yanvarın 20-də təpədən-dırnağadək silahlanmış sovet ordusunun Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə törətdiyi faciə qan yaddaşımıza dönüb. 

Bu gün həm qürur, həm də ürəkağrısı ilə qeyd etdiyimiz 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. Şaxtanın qılınc kimi kəsdiyi qanlı şənbə gecəsində gü­nahsız və əliyalın insanları qanına qəltan edənlər nifrətlə xatırlanır, şəhadətə yük­sələn azadlıq arzulu insanlarsa böyük ehtiramla anılır. Onları buna görə daim urvatda tuturuq ki, gələcək nəsillər də xə­bərdar olsunlar, unutmasınlar.

Əbədiyyətə qovuşanlar arasında gənclər çoxdur, eyni zamanda qadınlar, uşaqlar və qocalar, təcili yardım və polis əməkdaşları da olub. Bu isə vəhşi hərbçilərin ağına-bozuna baxmadan “atəş­fəşanlıq” etdiklərinin sübutudur. Qanlı hadisələrdən 34 il keçməsinə baxmaya­raq, Azərbaycan xalqı o müdhiş gecənin qəhrəmanlarının xatirəsini ehtiramla yad edir. 

Neçə gündür ki, Bakının ən uca yeri – Şəhidlər xiyabanı yenə ziyarətçilərlə doludur. Hələ faciənin ildönümünə hazır­lıq işləri davam etdiyi bir vaxtda buraya gələnlərin ardı-arası kəsilmirdi. Onların arasında müxtəlif idarə və təşkilat nü­mayəndələri, dövlət qurumlarının əmək­daşları, Vətən müharibəsi qaziləri, hərbi qulluqçular, veteranlar, QHT təmsilçilə­ri və şəhidlərin ailə üzvləri, qohum və yaxınları, sağlıqlarında şəhidləri şəxsən tanımasalar da, adları ilə fəxr edən sadə vətəndaşlar da var. 

İnkişafa və İslahatlara Dəstək İcti­mai Birliyinin sədri Ramil Əliyev deyir:

– Düz 34 il keçsə də, ki, biz bu ta­rixi bir an belə unutmadıq. Məhz bu ta­rixdə–1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ mü­naqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.

Müdafiə naziri marşal Yazovun rəh­bərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiy­yətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində yüzlərlə insan öl­dürülüb, yaralanıb, qanunsuz olaraq həbs edilib, itkin düşüb. Bununla belə, 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq sə­hifəsi kimi qalıb. O gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Döv­lət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Ru­siyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük li­derin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub. 

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istə­yinin oyanış günüdür. Sovet imperiyası­nın əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suve­renliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Faciənin növbəti ildönümü ilə əlaqə­dar əllərində üçrəngli Azərbaycan bay­rağı, qırmızı qərənfillər və şəhid şəkilləri tutan məktəblilər də müqəddəs məkanın ziyarətinə tələsirlər. Vəhşilik, ölüm-itim nə olduğunu bilməyən, məsum baxışları ilə irəliyə boylanan, sabahımızın sahib­ləri olacaq bu körpə fidanlar nahaq yerə ölümsaçan güllələrin həyatlarına son nöqtə qoyduğu günahsız Vətən oğulları­nın məzarları üstünə tər çiçəklər düzür, “Allah rəhmət eləsin” deyirlər.

Onlara yaxınlaşırıq. Səbayıl rayo­nu Rafael Hüseynov adına 49 saylı məktəbdə oxuduqlarını bildirirlər. 20 Yanvar hadisələri barədə nə düşün­düklərini soruşuruq. Şagirdlərdən biri – Elvin Səmədov 20 Yanvar gü­nündə günahsız insanlarımızın şəhid olduqlarını deyir:

– Şəhidlər haqqında, Vətən övladla­rının qəhrəmanlıqları barədə evdə vali­deynlərim, məktəbdə müəllimlərim danı­şıblar, kitablardan da oxumuşam. Fəxr edirəm ki, indi də müqəddəs şəhidləri ziyarət etməyə gəlmişəm. Onların xatirə­si əzizdir. Hər birini daim ehtiramla yad edirik. Çünki alovsaçan silahlardan qorx­mayaraq, azadlıq naminə meydanlara axışıblar. 

Sonra balaca müsahibimiz bir bənd şeir söyləyir: 

20 Yanvar günü, o qanlı gecə,

Silahsız xalqıma divan tutdular.

Azadlıq deyərək toplaşan xalqa

Odlu silahlarla atəş açdılar. 

Biz məktəblilər inanırıq və ümid edirik ki, qəhrəman xalqımız hər zaman möh­kəm və güclü olacaq.

Məktəbin kimya-biologiya müəlli­mi Gülşən Şahməmmədova uşaqlarla söhbətimizə qoşulur: 

– Hər dəfə eyni şövqlə bu misraları təkrarlayırlar. Mən özüm 1990-cı ildə baş vermiş həmin faciənin şahidlərindənəm. Həmin gün imtahan vermək üçün Azər­baycan Pedaqoji Universitetinin Bayıl ərazisindəki korpusuna tərəf gedirdim. Şahid oldum ki, “Azneft meydanı”ndan tanklar əli yalın insanlara atəş açaraq irə­liləyirlər. Həmin anları indi də xatırlayan­da qəlbimdən qara qanlar axır. 

G.Şahməmmədova həmin ha­disələr zamanı necə sağ qalmağından da danışdı: 

– O gün yaşlı bir kişi güllə mənə dəy­məsin deyə, üzərimə atıldı, ancaq özü yaralandı. Şoka düşdüm. Onu bilirəm ki, çox yerdə asfalt qana boyanmışdı, bax, burada yatan şəhidlərimin qanı... İnsan­lar da qan ağlıyırdı. Kimi qardaşını, kimi atasını, anasını, kimi də canından şirin olan övladını bu faciədə qurban vermiş­di. Biz onlara hər zaman borcluyuq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

Şagirdlər qara mərmər lövhələrdən boylanan hər bir şəhidin qarşısında ayaq saxlayır, onların kimliyi, həlak olduğu şə­rait barədə müəllimlərinin danışdığı he­kayətlərə qulaq kəsilirlər. Bu gün eşitdik­ləri əhvalatlar, şəkillərini gördükləri nurlu simalar, aldıqları təəssüratlar heç vaxt onların yadından çıxmayacaq...

“Bu uşaqlara baxanda bir daha əmin oluram ki, Vətənimiz belə övladlarımızın çiyinlərində hər zaman böyüyəcək, in­kişaf edəcək”. – Bu sözləri isə Şəhidlər xiyabanının qarşısındakı yoldan keçən ziyarətçilərimizdən biri deyir. Özünü təq­dim etməyini xahiş edirik. Tanış oluruq. Bu, Bakı Dövlət Universitetinin estetika kafedrasında çalışan Aydın Kərimovdur. Qanlı Yanvar faciəsinin onun yaddaşında nə kimi izlər qoyduğunu soruşuruq. 

– Yanvarın 19-u mən Qubaya ged­mişdim, – deyə cavab verir. – Elə həmin gün də qayıtmalı oldum. Bakıya gələndə fərqli mənzərə ilə qarşılaşdım. Yolun sağ tərəfi tanklarla, BTR-lərlə dolu idi. Sonra mənə zəng gəldi ki, sovet ordusu pay­taxtımıza qoşun yeridib, ehtiyatlı olun. Birtəhər evə gəldim. Gecə məlum oldu ki, doğrudan da, tanklardan əhaliyə atəşlər açılıb. Xalq həmin gün meydanlara yığıl­mışdı. Gecəylə əsgərlər “Sahil” metros­tansiyasının qarşısını bağlamışdılar. Elə həmin gün elə atışma başladı. Təsəvvür edirsinizmi, əliyalın, dinc insanlara qar­şı birtərəfli qaydada vuruşan ordu!.. Nə gözləmək olardı ki? Minlərlə insan mərd­cəsinə, əliboş olsa da, qəlbi, mənəviyyatı dolu şəkildə tankların qabağına çıxırdı. Mənim bir dostum var idi, onun qızı da həmin gecə şəhid oldu: Larisa Məmmə­dova... Nə deyim, Allah onlara rəhmət eləsin.

Bakıdakı 133 nömrəli tam orta məktəbin müəllimi Aliyə Hüseynova bu günün xalqımızın qan yaddaşından silinmədiyini qeyd edir:

– Bir müəllimə olaraq bu gün özümə borc bilirəm ki, şagirdləri gətirib tarixin qan yaddaşını əyani şəkildə göstərim. Azərbaycan xalqının qəhrəmanlıqları danışmaqla bitib-tükənmir, biz bu qəh­rəmanlığı şagirdlərimiz ilk dərsə gəldiyi gündən öyrədir və Vətənə, torpağa sev­gini ən incə detalları ilə başa salırıq. 

20 yanvar faciəsi sovet hakimiyyəti­nin Azərbaycan xalqına qarşı ən amansız hazırlanmış etnik təmizləmə siyasəti idi, lakin xalq olaraq, millət olaraq biz ən ağır günlərimizdə bir olmağı bacardıq. Bakı­ya yeridilmiş silahlı dəstələrin qarşısına əliyalın çıxdıq. Azad ölkəmizin bugünkü rifahını canından keçən ömrünü Vətənin azadlığına qurban verən şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəh­mət eləsin.

AMEA-nın Botanika İnstitutunun elmi işçisi, dosent Yusif Eyvazov da qədirbilən xalqımızın böyük mübarizə­sindən qürurla danışır: 

– 20 Yanvar hadisələrinin canlı şa­hidiyəm. O günləri öz gözlərimlə gör­müşəm. O dövrdəki hadisələr, oyanış hərəkatı olmasaydı, biz bu gün belə yaxşı vəziyyətdə olmazdıq. Həmin gün­lərdə xalq ölümdən qətiyyən qorxmurdu. Həqiqətən çox ağır gün idi. Bu böyük milli hərəkat idi. Biz fərx edirik ki, belə igidlə­rimiz var, onlar hər zaman bizim qəlbi­mizdə yaşayacaqlar. Şəhidlərin hamısı cənnətməkandır... 

Ziyarətçilər arasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) strateji inkişaf məsələləri üzrə prorektoru Araz Aslanlı ilə qarşılaşı­rıq. O da hər bir azərbaycanlı kimi bu müqəddəs ziyarət yerinə mənəvi bor­cu olaraq gəldiyini bildirir:

– 20 Yanvar Azərbaycan tarixinin ən böyük qəhrəmanlıq dastanlarından bi­ridir. Bu gün əldə etdiyimiz bir çox tarixi zəfəri – müstəqilliyimizi, suverenliyimizin tam bərpa olunmasının başlanğıc nöqtə­si 20 Yanvardakı şanlı mübarizəmizdir. O gecə yazılan qəhrəmanlıq dastanı xalqı­mızın ümid mənbəyi oldu. Biz həmin mü­barizə sayəsində, sadəcə, müstəqilliyimi­zi əldə etməklə qalmadıq, eyni zamanda gələcəyə ümidlə baxdıq. Bilirdik ki, xalqı­mızda olan azadlıq, müstəqillik ruhu, həmçinin qorxmazlıq, cəsurluq bizi daim gələcəyə aparacaq. 20 Yanvar gecəsinin tarixi davamı olan 44 günlük müharibə­də əldə etdiyimiz zəfər, eyni zamanda 2023-cü il sentyabr ayında keçirilən lo­kal xarakterli antiterror tədbirləri bütöv Azərbaycanın tarixi parçalarıdır. Bu gün bir daha bütün şəhidlərimizi yad edirik, Allahdan onlara rəhmət diləyirik. Çünki onların qəhrəmanlıq mübarizəsi nəticə­sində biz bu gün suverenliyimizi bərpa et­mişik. Dünyada qalib xalq kimi tanınırıq.

Azərbaycan Milli Konservatoriya­sının nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi Ramella Əliyeva:

– 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı qətli­am, onun dəhşətli nəticələri, yüzlərlə gü­nahsız insanın gülləbəran edilməsi illər, əsrlər keçsə belə, yaddaşımızdan silinə bilməz. Azərbaycan xalqının başına tarix boyunca bu günə qədər çox müsibətlər açılıb, lakin xalqımızın əzmini, iradəsini heç bir zaman sındıra bilməyiblər. Hər dəfə yenidən dirçəlib ayağa qalxmış, uca məramımıza, haqq işimizə doğru yürü­müşük. Bunu lap yaxın keçmişdə – 3 il öncə igid, qəhrəman oğullarımız bütün dünyaya bir daha sübut etdilər. Doğma Qarabağımızı, Şərqi Zəngəzurumuzu iş­ğalçılardan təmizlədilər.

Bu gün də 20 Yanvar şəhidlərini dərin hörmətlə anırıq. Gənc nəslin vətənpər­vərlik ruhunda tərbiyə olunması məqsə­dilə faciənin ibrət dərslərini şagirdlərə bütün açıqlığı ilə, faktlarla çatdırılmasına çalışırıq. 

Ziyarətə gələnlərin ardı-arası kə­silmək bilmir. Onlardan biri – Mərkəzi Elmi Kitabxananən direktoru, profes­sor Məmməd Əliyevdən ürək sözlərini söyləməsini xahiş edirik. Məmnuniy­yətlə müsahibə verir:

– Gənclərimiz tarixi həqiqətləri bilmə­lidirlər. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələ­cək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş bu hadisələr tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifə, Azərbaycanın sonrakı taleyinə əhəmiy­yətli təsiri olan dönüş anıdır.

20 Yanvar hadisələrinin Azərbayca­nın suverenliyi, müstəqilliyi və ərazi bü­tövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. Faciənin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində bey­nəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

Bu hadisələr milli məfkurənin inkişafı­na güclü təkan vermiş oldu. Qürurla deyə bilərəm ki, 20 Yanvar Azərbaycan tarixin­də təkcə faciə deyil, istiqlal yolumuzun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyi­nin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar hadisələri, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş si­yasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın su­verenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ide­ologiyası libasında köhnə imperiya iddi­alarını həyata keçirmək məqsədilə bu faciəni təşkil etmiş Sovet İttifaqı Kommu­nist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva: 

– Bu günlər xalqımızın qan yaddaşın­da həmişəlik qalacaq. Çünki 34 il əvvəl Azərbaycanın azadlığı yolunda şəhid olan 20 Yanvar faciəsinin qurbanları öz qanları ilə tariximizə əbədiyyət salnamə­si yazıblar. Bu tarix bizi bir yumruq kimi birləşdirdi və bütün dünya azərbaycan­lılarının gücünü dünyaya bəyan etdi. Bu hadisə nəinki Azərbaycanı, bütün dün­yanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzə­rindən sükutla keçməyə üstünlük verdi, xalqın milli faciəsinə laqeyd münasibəti­ni ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlməkdən çəkindi. O ağır və faciəli gün­lərdə Azərbaycan xalqına qarşı bu siyasi terrorun, vəhşi aktların həyata keçirildiyi­ni ilk olaraq cəsarətlə bütün dünyaya bə­yan edən Ulu öndər Heydər Əliyev oldu. Məhz ulu öndər baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab et­diyini Moskvada çəkinmədən söylədi. Yüzlərlə insanın qətlə yetirilməsini Azər­baycan xalqına qarşı qatı cinayət adlan­dıraraq hadisəyə siyasi qiymət verilməsi­ni tələb etdi. 

Bu gün Bakının ən yüksək nöqtələ­rindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir mə­kan var. Bura 20 Yanvar faciəsi qurban­larının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. 

İllər ötsə, nəsillər dəyişsə də, xalqın həyatında baş verən hadisələr tarixə çev­rilir. Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri olan 20 Yanvar faciəsi heç zaman unudulmur. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəman­lıq, rəşadət səhifəsidir.

Əli NƏCƏFXANLI,
Anar TURAN,
Ayşən AZADOVA,
Şahanə XANKİŞİYEVA,
Elşən AĞALAR (foto)
XQ





















Qan yaddaşı