20 Yanvar faciəsinin ildönümü xaricdə də anıldı

post-img

Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrdə də anım tədbirləri keçirilib.

“XQ” xəbər verir ki, Ankarada Azər­baycanın Türkiyədəki səfirliyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təş­kilatçılığı ilə TADİV-in Şuşa Konfrans Mərkəzində bir araya gələrək şəhidlərin xatirəsini yad ediblər. Anım mərasimin­də Türkiyənin dövlət rəsmiləri, ictima­iyyət nümayəndələri, orada yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan hərbçilərimiz iştirak ediblər.

Mərasimdə 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film və bu qan­lı hadisədən sonra Türkiyənin İğdır vi­layətində keçirilən Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Pre­zidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Par­lamentlərarası Dostluq Qrupunun səd­ri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış ediblər.

Natiqlər Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü na­minə uzun müddət mübarizə apardığını və bu müqəddəs amal uğrunda müba­rizədə minlərlə Vətən övladının canın­dan keçdiyini bildiriblər. Azərbaycanın 20 Yanvar tarixini əsla unutmayacağı qeyd olunub. 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə şəhidlərin ruhunun şad olduğu bildirilib. Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan sərgi də açılıb.

***

20 Yanvar faciəsinin 34-cü ildö­nümü ilə əlaqədar Əskişəhərdə keçi­rilən anım mərasimi Əskişəhər Azər­baycanlıları Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhid­lərin əziz xatirəsi bir dəqiqəlik sükut­la yad edilib.

Mərasimdə dərnək sədrinin müa­vini Sirac Yaquboğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Aygün Qocayeva çıxış edərək 20 Yanvar ha­disələrinə gətirib çıxaran ictimai-siyasi proseslər, sovet imperiyasının Azər­baycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və ölkəmizin digər bölgələrində hərbi cinayətlər törətməsi, bu faciənin ölkəmizin müstəqilliyinə ge­dən yolda dönüş nöqtəsinə çevrilməsi barədə ətraflı məlumat veriblər.

Anım tədbirində 20 Yanvar faciə­sindən bəhs edən videoçarx nümayiş olunub.

***

Azərbaycanın Pakistandakı sə­firliyi bu ölkənin Milli Müasir Dillər Universitetində (MMDU) fəaliyyət göstərən Azərbaycan Dili və Mədə­niyyəti Mərkəzində 20 Yanvar şəhid­lərinin anım gününə həsr olunan “20 Yanvar – Azərbaycan tarixinin qəhrə­manlıq salnaməsi” adlı seminar ke­çirib. Seminarda universitetin müəl­lim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak edib.

Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov bu il 20 Yanvar faciəsinin 34-cü ildönümünün anıldığını bildirib, Azər­baycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlə­rin xatirəsinin dərin hörmətlə yad edil­diyini söyləyib. Tariximizə Qanlı Yanvar kimi daxil olan bu hadisənin təkcə faciə kimi deyil, eyni zamanda müstəqillik uğrunda xalqımızın apardığı azadlıq mübarizəsinin zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıb.

Diplomat Müzəffər Ali Baş Koman­dan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaq­larımızı erməni işğalından azad etdiyini və ölkəmizin suverenliyini və ərazi bü­tövlüyünü bərpa etdiyini vurğulayıb.

Seminarda çıxış edən MMDU-nun xarici dillər fakültəsinin dekanı profes­sor Cəmil Əsgər Cami və Pakistanın Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutunun icraçı direktoru Məhəm­məd Şakil Əhməd Azərbaycan xalqını böyük keçmişi olan xalq adlandıraraq, 20 Yanvar hadisələrindən söhbət açıb və bu hadisələrin Azərbaycan xalqının azadlıq mübarizəsinin simvolu olduğu­nu bildiriblər. Çıxışçılar Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən də danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini hörmətlə yad ediblər.

***

Ölkəmizin Koreya Respublika­sındakı səfirliyində orada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən anım tədbiri də yadaqalan olub.

Səfir Ramin Həsənov 20 Yanvarın Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycanın müasir tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğu­layıb, xalqımızın müstəqillik uğrunda mübarizəsində şəhidlərin yeri və rolun­dan danışıb. Sonra o, Cənubi Koreya­nın media təmsilçiləri üçün 20 Yanvar faciəsi ilə əlaqədar brifinq keçirib və jurnalistləri 20 Yanvar hadisələrinin ma­hiyyəti barədə məlumatlandırıb, bu fa­ciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü 20 Yanvar hadisələri barədə dünya ictima­iyyətinə məlumat verib və bu hadisənin günahkarlarını ən sərt şəkildə tənqid edib. Səfir sovet hakimiyyətinin törət­diyi qanlı cinayətin xalqımızın azadlıq iradəsini qıra bilmədiyini, əksinə, bu hadisənin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğu­nu bildirib.

***

Azərbaycanın Təbriz şəhərində­ki Baş konsulluğunda da 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı təşkil olunan tədbirdə həmin qanlı hadisədən bəhs edən sənədli film göstərilib. Həmçinin Baş konsulluq­da fotosərgi təşkil edilib və ehsan süfrəsi açılıb.

Mərasimdə İranın Şərqi Azərbaycan valilisinin siyasi və ictimai məsələlər üzrə müavini Torab Məhəmmədi, Şərqi Azərbaycan valiliyinin siyasi bürosunun baş direktoru Həsən Həqiqian, Şərqi Azərbaycan valiliyinin ümumi və bey­nəlxalq əlaqələr üzrə idarəsinin baş direktoru Məhəmməd Əzizi Rad, İİR XİN-in Şimal-Qərb nümayəndəliyinin rəhbəri Tohid Nəzəfzadə, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və Baş konsulluğun əməkdaşları, Təbriz Mətbuat Evinin rəhbəri Mürtəza Şəfi­yi, bu şəhərdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, tələbələr iştirak ediblər.

Baş konsul Əliyənnağı Hüseynov bildirib ki, 34 il bundan əvvəl, şaxtalı bir qış axşamında keçmiş SSRİ-nin qo­şun birləşmələri bir neçə istiqamətdən Azərbaycana daxil olaraq, paytaxt Ba­kıda, ardınca isə ayrı-ayrı rayonlarda insanlıq əleyhinə cinayət törədib, bütün bunlar azmış kimi, o dövrdə faciənin əsl mahiyyətini ört-basdır etmək üçün Azərbaycan xalqına qarşı şər və böh­tan kampaniyası aparıblar. Qanlı Yan­var hadisələri təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddia­ları səbəbindən baş vermiş prosesdir. Ermənistanın işğalçılığına, Moskva ha­kimiyyətinin bu məsələyə birtərəfli və ri­yakar münasibətinə kəskin etiraz edən Azərbaycan xalqı küçə və meydanla­ra axışaraq ərazi bütövlüyünün təmin olunmasını tələb edib.

Qorbaçovun əmri ilə Bakıda qətllər törədən ordu birləşmələri qadın, uşaq və qocalara belə rəhm etmədən dinc əhaliyə divan tutublar. Lakin Azərbay­can xalqı sonadək öz hüquqlarını mü­dafiə edib və sonda müstəqilliyinə qo­vuşub.

***

Azərbaycanın Küveyt Dövlətin­dəki səfirliyində bu ölkədə yaşayan və çalışan icma üzvlərinin, həmçinin Küveytdə təhsil alan azərbaycanlı və türk tələbələrin iştirakı ilə 20 Yan­var – Ümumxalq Hüzn Günü ilə qeyd olunub.

Səfir Emil Kərimov Azərbaycan xalqının tarixinə hüzn və qəhrəmanlıq günü kimi daxil olmuş Qanlı Yanvar ha­disələri ilə bağlı çıxış edib. O, ötən əsrin sonlarında, SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin Azərbaycana qar­şı növbəti ərazi iddiaları qaldırmaları, Qarabağın Ermənistana birləşdirilməsi­ni tələb etmələri, eyni zamanda ekoloji terrorun həyata keçirilməsinin xalqımı­zın haqlı narazılığına və etirazlarına sə­bəb olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, qətliamla nəticələnən hərbi əməliyyat SSRİ və Azərbaycan Sovet Sosialist Respublikasının kons­titusiyalarının, habelə Ümumdünya İn­san Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın kobud şəkildə pozulması demək idi.

Səfir çıxışında Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhid­lərinin ailə üzvlərinə göstərilən qayğı barədə də məlumat verib.

“Vətənsevər” Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Qanlı Yan­var hadisələri barədə Azərbaycan döv­lət televiziyasının istehsalı olan “Qəhrə­manlıq tariximizin 20 Yanvar səhifəsi” adlı sənədli filmə baxıblar. Bununla ya­naşı, tədbirin keçirildiyi zalda fotostend quraşdırılıb, müxtəlif dövrlərdə nəşr edilmiş kitab və jurnallar təqdim edilib.

***

Azərbaycanın Livandakı səfir­liyində təşkil olunan mərasimdə 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsində mühüm yer tutduğu qeyd edilib, bu faciənin həm də Azərbaycanın tarixinə qəh­rəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb.

Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğu bildirilib. Böyük təzyiq və çətinliklərə baxmaya­raq, Ümummilli lider Heydər Əliyevin həmin dövrdə güclü siyasi iradə nüma­yiş etdirdiyi xüsusi qeyd olunub.

Anım tədbirində, həmçinin müstəqil­liyin bərpasından sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə mərhələ­sində atılan addımlardan da danışılıb.

***

Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin qarşısında 20 Yanvar fa­ciəsinin ildönümü ilə əlaqədar top­lantı keçirilib. Azərbaycanın İsveç­dəki səfiri Zaur Əhmədov bu günün xalqımızın tarixinə əsl qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vur­ğulayıb.

Səfir qeyd edib ki, toplantının Stokholmun mərkəzində – “Zorakılığa qarşı” abidəsinin önündə baş tutması rəmzi məna kəsb edir. Bu, xalqımızın hər zaman sülhpərvər olmasına dəlalət edir. Tarixi Qələbə nəticəsində suveren­liyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan öz qonşuları ilə dinc və mehriban şəraitdə yaşamağa önəm verir.

Anım mərasiminin iştirakçıları şə­hidlərin xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.

Qulu KƏNGƏRLİ,
Namiq QƏDİMOĞLU,
Səxavət NAZİMOĞLU
XQ















Qan yaddaşı