Fransanın Cənubi Qafqaz maraqlarının üç aspekti

post-img

“Hər axşam mən özümə tribunal qururam”.

Uinston Çörçill

 

 III hissə

Bir demokratın kölə təfəkkürü: siyasi taleyin faciəvi tərəfi 

Tomas Karleyl haqlıdır: demokratiya qəhrəmanları sevmir! Lakin demokrati­ya təfəkkürün köləliliyini də qəbul etmir. Müasir Qərb dövlətlərinin XX əsrin ikinci yarısından bu yana təcrübəsi göstərir ki, burada bir psixoloji və siyasi paradoksal­lıq vardır. Konkret ifadə etsək, Qərb fəl­səfi-elmi təfəkkürü insan azadlığı, söz və fikir azadlığı, insan hüquqları kimi yaxşı səslənən, insanın təfəkkürünə və vicdanı­na “sığal çəkən” anlayışlarla doludur, an­caq praktiki fəaliyyətdə hər şey tərsinədir! 

O cümlədən, hansısa Qərb dövlə­tinin lideri olmaq üçün buna lazım olan keyfiyyətlərdən öncə, nüfuzlu dairələrin sözəbaxanı olmalısan. Görünür, məhz bu məqam da hazırda Qərbdə yaşanan uğurlu liderlik böhranının başlıca səbəb­lərindən biridir. Bu ayrı mövzudur. 

Burada Emmanuel Makronun nü­munəsində Avropanın böyük dövlətinin belə başçısının hansı “sözəbaxan” və hətta kölə təfəkkürlü olmasını aydınlaş­dırmağa çalışacağıq. 

Meysanın araşdırmaları: Rotşild, Krevis və Makron

Tyerri Meysan fransız jurnalistidir. Azad sözün inkişafı isitqamətində fəaliy­yət göstərən “Voltaire” beynəlxalq təşkila­tının sədridir. Fransada tanınmış politoloji mərkəz olan “Reseau Voltaire”nin (fran­sızcadan tərcümədə - “Volter şəbəkəsi”) yaradıcısıdır. T.Meysan özünün müstəqil və obyektiv siyasi araşdırmaları ilə tanı­nır. Onun E.Makron haqqında apardığı araşdırmalar da böyük maraq doğurmuş­dur. 

Tərcüməçi E.Feoktistov məqaləsinin girişində yazır ki, “tez-tez Makronu Rot­şildin “uşağı” adlandırırlar. Ancaq bu, tam olaraq belə deyildir. Tyerri Meysan göstə­rir ki, o (yəni E.Makron – F.Q.) seçkiqa­bağı təbliğatına görə əsas olaraq Henri Krevisə borcludur”. Araşdırmaçılar belə qənaətdədirlər ki, məhz E.Makronun bu asılılığı “ağır yük” kimi ona “Sarı jiletlilər” böhranını həll etməyə imkan verməmiş­dir. 

Maraqlıdır, deyilmi? Fransa Prezidenti müəyyən maliyyə dairələrindən asılı oldu­ğu üçün dövləti silkələyən hansısa böhra­nı həll edə bilmir. Elə isə Cənubi Qafqaz kimi uzaq bir məkanda Fransa dövlətinin real maraqlarını necə təmin edə bilər?

Bəs bu Henri Krevis kimdir və onun rotşildlər ailəsi ilə hansı bağlılığı möv­cuddur? O, fransızdır və ən böyük ma­liyyə şirkətlərindən birinin sahibidir, hət­ta NATO-da sözü keçir. T.Meysan yazır ki, daha doğru olan Krevis ailəsindən danışmaqdır. Henri Krevis böyük maliy­yəçidirsə, onun həyat yoldaşı Mari Joze Druin-Krevis Bilderberq Klubunun inzi­batçısıdır və ailə bütövlükdə Bilderberq Klubunun “əsas dayaqlarından biridir”. Rotşild ailəsi isə bu klubun nüvəsində da­yanan iki zəngin ailədən biridir. Digər ailə rokfellerlərdir! 

“Bilderberq Klubu” nədir? Təşkilatdır­mı? Yaranma və fəaliyyət tarixçəsi açıq informasiya resurslarında mövcuddur­mu? Bəli, mövcuddur. Çoxlu sayda. İstə­nilən adam tanış ola bilər. 

“Biderberq -1”: audentik Bildeberq

Burada “audentik” termini “əsl”, “klassik”, “mahiyyəti üzrə ilkin anlam” mə­nasında işlədilir. İki məqama işarə var: bi­rincisi, Bilderberq Klubu konkret məqsəd­lərlə və dəqiq kriteriyalar əsasında yaradılmış təşkilatdır. Onun özünəməx­sus funksionallaşma normaları mövcud­dur. İkincisi, Klub dövrün tələblərinə və aldığı nəticələrə uyğun transformasiya edir, dəyişir, yeniliyə adaptasiya olunur ki, bu da onu tam anlamağa, məqsəd­lərini dəqiq müəyyən etməyə maneçilik törədir. Bu cür dinamik, buqələmun kimi cilddən-cildə keçən bir təşkilata qarşı hansısa əks-tədbir görmək çox çətindir. Həm də dünyada onun siyasi, maliyyə, diplomatik, hərbi təsir potensialına bəra­bər ikinci bir dairə gözə dəymir. Təsəvvür edin ki, NATO belə onunla bağlıdır, - de­yirlər! Hətta Bilderberq Klubu NATO-nun maraqlarına xidmət edir. Bu Klub ilk yara­nanda bəzilərinin iddia etdiyi kimi, dünya hökuməti olmağı deyil, NATO-ya xidməti məqsəd kimi müəyyənləşdirmişdi. Hər halda T.Meysan belə yazır.

“Bilderberq Klubu” (ingilis. “Bilder­berg Club”) 1954-cü ildə Hollandiyada “Bilderberq” adlı hoteldə yaradılıb. Hotel hollandiyalı zəngin iş adamına məxsus olub. Tədbirin təşəbbüskarlarından birinin mühacirətdə olan polyak siyasətçi Co­zef Retinger olduğu yazılır. O, ötən əsrin 50-ci illərində Avropada antiamerikanizm əhval-ruhiyyəsinin güclənməsindən na­rahat idi. Təşkilatı yaratmaqda da əsas məqsəd Qərbin müxtəlif sferalardakı (si­yasi, iqtisadi, maliyyə, hərbi, diplomatik və s.) nüfuzlu adamları vahid qurumda birləşdirməklə, həm Amerika-Avropa bir­liyini təmin etmək, həm də öz maraqlarını dünya miqyasında həyata keçirməkdən ibarət olub. Bu təşkilata “Bilderberq Kon­fransı” və ya “Bilderberq Görüşü” də de­yirlər. 

Belə aydın olur ki, Bilderberq Klubu təməldən, konkret olaraq, Amerika+Av­ropa tandeminin bütün sferalarda (siyasi, geosiyasi, iqtisadi, energetik, maliyyə və s.) maraqlarını dünyaya yaymaq, onu uni­versallaşdırmaq, aparıcı qüvvəyə çevir­mək və hamını ona tabe etdirmək məqsə­di güdüb. Başlıca məqsədlərin təməlində isə siyasi, iqtisadi və müdafiə məsələlə­rində əməkdaşlığın inkişafı dayanıb. 

Klubun birinci konfransında Avropa­nın 11 ölkəsindən 50, ABŞ-dan isə 11 nümayəndə iştirak edib. Artıq 2023-cü il 18-21 may tarixində Lissabonda keçiril­miş 69-cu konfransa isə 23 ölkədən 130 nümayəndə qatılıb. Nəzərə alsaq ki, “nü­mayəndələr” dedikdə 23 ölkənin siyasi, maliyyə, media, dövlət rəhbərləri, güc strukturlarının nüfuzlu, sözükeçən tanın­mış kadrlarından ibarət olur, bu o demək­dir ki, ortada çox böyük rəqəm var. Bura­da kimlərin adına rast gəlinmir? Kəşfiyyat rəhbərləri, böyük bankların sahibləri, ta­nınmış siyasət adamları, nəhəng şirkət­lərin sahibləri və s. Ölkələrin əhatəsi də genişdir: Amerika Materiki (hər iki Qitəsi), Avropa, Afrika, Asiya, Yaxın Şərq və s. 

Son Lissabon tədbirində dünya miq­yasında Rusiya, Çin, İran məsələlərinə münasibət və yeni müharibə texnologi­yaları (konkret olaraq süni intellektdən istifadə), tibb, pandemiya və s. müzakirə olunub. Ayrıntılara getməyək.

Belə çıxır ki, təşkilatın fəaliyyətində gizlilik və kriptoluq əsas yer tutur. Struktur elə qurulub ki, çox məhdud sayda adam rəhbərlikdə ola bilər. Son məlumatlara görə, onların sayı cəmi 3-dür. H.Kissin­cer öldükdən sonra isə say hələlik 2-dir və bəlkə də onun yeri artıq dolub. Sonrakı pillədə 5 nəfər var. Qərarları 3 nəfərdən başqa kimsə bilmir. Onların da hər biri tam olaraq bütün informasiyaya malik ol­murlar. Tam hər şeyi kimin bildiyi məlum deyil. Lakin həmin “bilən”in Bilderberq Klubunda birbaşa iştirak etmədiyi fakt kimi qəbul edilir. Deməli, yaranması və işləmə metodu müəmma olan Bilderberq Klubu dünya miqyasında təsirə malik olan təşkilatdır. Gözəgörünməz, üzdəolmaz, haqqında ancaq mülahizələr söylənən xəyalət bir təşkilat. 

Burada haqq və ya hüquq deyil, Klu­bun sifarişçilərinin maraqları əsas götürü­lür. Nəticədə hüquq da, haqq da, ədalət də başqalarının maraqları da arxa plana keçir. Bəs kimlərdir bu sifarişçilər?

Araşdırmaçılar “aysberqin” görün­məyən tərəfində ABŞ MKİ-si və Böyük Britaniyanın Mİ6-sının olduğunu yazırlar. Onlar bildirirlər ki, Amerika və İngiltərə kəşfiyyatı bu təşkilatı xüsusi məqsədlə ya­radıb və indi də onu idarə edir. Buna görə də T.Meysan yazır ki, “Bilderberq Klubu qərarların qəbul olunduğu yer deyildir”. Yəni qərarlar kəşfiyyatda qəbul edilir və Kluba çatdırılır. T.Meysan Bilderberq Klu­bunun üzvlərinin “nüvəsi”ni təqdim edir. Onların sayı 38-dir. Dünyanın müxtəlif ölkələrindəndirlər. Aralarında böyük fran­sız sığorta şirkəti olan “AXA”nın başçısı Anri de Kastris (Henri de Castries) də var. 

Bilderberq Klubu ilə bağlı bütün bu informasiyaların (etiraf edək ki, məhdud informasiyalardır – Klubun “ayaqları” hər yerdədir) fonunda Emmanuel Makronun siyasi karyerası həm də Cənubi Qafqaz siyasəti prizmasında çox maraqlıdır. 

“O, siyasət haqqında düşünmürdü”

E.Makron siyasət haqqında düşün­məməklə doğru edirmiş. Çünki bacarmır, azad və sərbəst ola bilmir. Müstəqil fəa­liyyət göstərmək onluq deyil. Və həm də qəlbindən hərdən bir keçir ki, siyasətdə nə işi vardı, filosof olsaydı, daha yaxşı idi! Sakit, yumşaq və düşünən bir filosof! O, müəllim də ola bilərdi! 

Ancaq hər şeyi bir görüş dəyişib. E.Makron məqsədlərinə çatmaq üçün fran­ko-amerikan fondu və Almaniyanın Mar­şall Fondu ilə dostluq etməyə başlayıb. Bu “dostluq” onu bir gün Park-avenyuda (Nyu-York) Krevislər ailəsində görüşə aparır. T.Meysan təxmin edir ki, həmin görüş 2007-ci ildə olub. Bundan sonra E.Makron həmin ailəyə ABŞ-a hər səfə­rində davamlı olaraq baş çəkib. H.Kre­vis isə Parisdəki Monten prospektindəki ofisinə gələndə E.Makronu da ora dəvət edir. 

Qısa arayış: Krevislər ailəsinin ABŞ-ın Respublikaçılar Partiyasına siyasi yaxınlığı var. Dünyanın ən varlı adamları sırasındadırlar. Onların Bla­ckstone, Carlyle Group və KKR adlı şirkətləri mövcuddur. KKR bütün dün­yada ən iri sərmayə şirkətlərindən bi­ridir. 

Mari-Joze Druinin E.Makron haqqın­da maraqlı bir fikri var. Onun sözlərinə görə, xanım Krevis bir zamanlar deyib ki, E.Makronun sevimli sözü “can do attitu­de”dir (istəsən bacararsan – red.). Ancaq onda baş verənləri dərketmə və anlama­ğa canatma da var. Lakin bu zaman o, “təqlid etmir və imitasiya ilə məşğul olmur ki, bu da həqiqi fransız kimi qalmasına imkan verir”. 

Bizim bütün xanımlara, o cümlədən, Krevis ailəsinin xanımına hörmətimiz var. Ancaq məsələ siyasətə bağlananda, de­yilən fikirləri təhlil edərkən, cinsiyyət fərqi yoxdur. Bu baxımdan Mari-Joze Druinin E.Makron haqqında dediklərinin doğ­ru olduğuna inanmaqda çətinlik çəkirik. Doğurdan da E. Makron prezident kimi milyonlarla seyrçinin gözünün içinə baxa-baxa “Qarabağ Ermənistanın ortasında­dır” deyəndə təqlid etmirdimi? Burada kimlərinsə fikrinin imitasiyası yox idimi? Və E.Makron “dərk etməyə və anlamağa” çalışan “fəlsəfə həvəskarı” kimi saxtakar­lıq etmirdi ki? Edirdi! Çünki dünyanın ən kiçik ölkəsinin başçısı belə hamının gör­düyü xəritə ilə bağlı ağ yalan danışmama­lıdır. Bilməlidir ki, coğrafi ərazidən, siyasi xəritədən, siyasi sərhədlərdən çox insa­nın başı çıxır. Və adi gözlə dünya xəritəsi­nin geniş miqyasda görünüşünə baxsan, görərsən ki, Qarabağ Azərbaycanın orta­sındadır! 

Bundan başqa, E.Makron və onun Senatı deyir ki, “Azərbaycan Qarabağda terror törətmişdir”, “mədəniyyət abidələ­rinə qarşı pis davranmışdır”, “ermənilərin hüquqlarını pozmuşdur”. Görəsən, belə cəfəng məsələlər gündəmə gətirilərkən, reallığa ağlın, yaxud vicdanın “pəncərə­si”ndən baxılıb? Axı nə zamandan bəri, bir dövlətin nizami ordusunun bütün bey­nəlxalq hüquqa və müharibəni aparmağın hər bir qanununa əməl edərək öz torpaqla­rını işğaldan azad etdiyi müqəddəs savaş terror adlandırılır? Bu, BMT-nin Nizam­naməsində yazılıb, yoxsa Fransanın öz tarixində həmin faktlar çoxdur? Bəs onda Fransa niyə müstəqil dövlətdir və onun ərazisi var? Fransa dövlət olaraq öz ərazi bütövlüyünü faşistlərdən xilas edəndə, ter­ror törətməyin hansı növündən istifadə et­mişdir? Bəlkə fransız ekzistensialistləri A. Kamyu və J.P.Sartr Fransanı müqavimətə səsləmək üçün nəzəriyyələrini yaradıblar­sa, bu adamlar “ideoloji terrorçudurlar”? 

Biz qətiyyən belə düşünmürük – onlar dünyanın ən böyük mütəfəkkirlərindəndir­lər! Ancaq düşünürük ki, A.Kamyu “Qər­bin vicdanı” anlayışını hansı səbəblərdən işlətmişdir və bunu necə adekvat anla­maq olar. Bir də əgər “əsl fransız” Makron kimidirisə, onda qeyri-əsl fransız kimdir? 

Bundan başqa, fakt ondan ibarət­dir ki, terror Fransa ordusunun Afrikada, Qafqazda (keçən əsrin əvvəllərində Ana­doluda) və digər yerlərdə törətdikləridir. Çünki Fransa özündən çox-çox uzaqlar­da, özgə torpaqlarında kimin necə yaşa­malı olduğunu silah və kütləvi qətllərlə müəyyənləşdirməklə məşğul idi. İndi də elədir. 

Deməli, məsələ dərindir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət