ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır. Məlumatı Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidməti yayıb. Bildirilib ki, işçi qruplar infrastrukturun inkişafı, sərhədin demarkasiyası, minalardan təmizlənməsi və Cənubi Qafqaz nəqliyyat marşrutlarının ümumi beynəlxalq logistika sisteminə inteqrasiyasına yönəlmiş nəqliyyat və enerji təşəbbüsü olan Zəngəzur dəhlizi (TRIPP) layihəsini həll edəcək. Bəyanatdan göründüyü kimi, Tramp administrasiyasının bu addımı Vaşinqtonun Cənubi Qafqazda sülh prosesinə sistemli yanaşmaq və tərəflərlə paralel əməkdaşlıq mexanizmləri formalaşdırmaq niyyətindən xəbər verir. Qurum, həmçinin Azərbaycanın öz ərazisindən yüklərin Ermənistana tranzitinə icazə verməklə bağlı son qərarını, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirdiyi görüşü yüksək qiymətləndirib.
Regionda yaranan yeni geosiyasi reallıqlar, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsi beynəlxalq aktorların marağını yenidən bölgəyə yönəldib. ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmiş planın mahiyyəti, əslində, uzun illərdən bəri davam edən münaqişənin diplomatik yolla yekunlaşmasına dəstək vermək məqsədi daşıyır. Bu təşəbbüs Prezident İlham Əliyevin Vaşinqton səfəri və orada keçirilən yüksək səviyyəli görüşlərin məntiqi davamıdır. Azərbaycan–ABŞ münasibətləri bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bunun bariz nümunəsi kimi Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumunun imzalanmasını göstərmək olar. Bu, enerji, ticarət, tranzit, müdafiə və süni intellekt kimi sahələrdə əməkdaşlığı genişləndirməyə imkan yaradacaq. Ekspertlərin fikrincə, bu qurum regional olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə mühüm töhfələr verəcək.
Məlum olduğu kimi, bu il avqustun 8-də dövlətimizin başçısının ABŞ-a səfəri, iki ölkə liderləri arasında aparılan danışıqlar enerji təhlükəsizliyinin və nəqliyyat-kommunikasiya xətlərinin gələcək inkişafı ilə bağlı mühüm istiqamətləri müəyyənləşdirdi. Səfərin ən diqqətçəkən məqamlarından biri isə “907-ci düzəliş”in tətbiqinin dayandırılması barədə sənədin imzalanması idi. Bu addım uzun illərdir Azərbaycanın qarşısında duran süni maneələrin aradan qaldırılmasını təmin edir və Vaşinqtonla münasibətlərin yeni reallıqlara uyğun formata keçirildiyini göstərir. Həmçinin Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə də regionda sülhün təməlinin qoyulduğunu göstərir. Sənəddə Azərbaycanın irəli sürdüyü əsas tələblərin – ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistan Konstitusiyasının preambulasından ərazi iddialarının çıxarılması, eləcə də Naxçıvana quru yolun açılmasını nəzərdə tutan Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması öz əksini tapıb. Donald Trampın dəhlizin təminatçısı kimi çıxış etməsi bu layihəyə qlobal əhəmiyyət qazandırır. Dəhlizin məqsədi Cənubi Qafqazı enerji, logistika və ticarət baxımından birləşdirən müasir nəqliyyat arteriyası yaratmaqdır. Zəngəzur dəhlizi (TRIPP) həm iqtisadi, həm də siyasi baxımdan regional sabitliyi gücləndirəcək potensiala malikdir. Dəhliz istifadəyə verildiyi təqdirdə Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyəti daha da arta bilər. Bununla da rəsmi Bakı regional sülhün və əməkdaşlığın əsas dayağı kimi çıxış edəcək. Bundan başqa, sənədlərin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən paraflanması sülh müqaviləsinin imzalanmasına aparan vacib mərhələdir.
Qeyd olunduğu kimi, ABŞ-ın bu təşəbbüsləri 30 illik Azərbaycan–Ermənistan münaqişəsinə son qoydu. Bayden administrasiyasından fərqli olaraq, prezident Donald Trampın səyləri nəticəsində Cənubi Qafqaz yeni mərhələyə keçid edib. Azərbaycanın ərazi bütövlüyünün bərpası, separatizmin tam ləğvi ABŞ dövləti tərəfindən qəbul edilib. Ağ Ev sahibinin bu prosesdə şəxsən iştirakı bölgədə sabitliyin bərqərar olmasına yönələn tarixi addımdır və bir çox ekspertlər bunu vaxtilə ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin təşəbbüsü ilə İsrail və Misir arasında əldə olunan sülh razılaşması – Kemp-Devid müqaviləsi ilə müqayisə edirlər.
Sonda onu da qeyd edək ki, ABŞ–Azərbaycan İşçi qrupunun yaradılmasından fərqli olaraq, ABŞ–Ermənistan İşçi qrupu ilə bağlı cəmiyyətində və media orqanlarında fikirlər müxtəlifdir. Burada həm müsbət yanaşma, həm də narahatlıq ifadələri yer alır. Hökumətyönlü saytlar məsələyə müsbət şərhlər versə də, bəzi xəbər portalları bu tip təşəbbüslərin əsasən ABŞ-ın maraqları daxilində olduğunu və Ermənistan üçün risklər daşıdığını bildirir. Xüsusilə Rusiya–Ermənistan informasiya şəbəkəsinin bir hissəsi olan “ArmenianReport” hesab edir ki, bundan sonra ölkənin Rusiya təsir dairəsindən uzaqlaşması daha da sürətlənəcək.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
İşçi qrupunun yaradılması, təbii ki, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə, xüsusən də ticarət əlaqələrinin genişləndirməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, Azərbaycanla ABŞ arasında illik ticarət dövriyyəsi 1,8 milyard dollardır. Burada əsas məqsədlərdən biri Azərbaycanın qeyri-neft məhsullarının ABŞ bazarlarına çıxarılmasıdır. Bu istiqamətdə həm strateji tərəfdaşlıq, həm də strateji işçi qrupunun yaradılması və fəaliyyətə başlaması praktiki olaraq Azərbaycan üçün iqtisadi baxımdan yeni imkanlar yaradacaq.
Digər tərəfdən isə bu regionda sülhün dəstəklənməsi və davamlı sülhün əldə edilməsi baxımdan vacibdir. Azərbaycan regionda sülh və əməkdaşlığın gücləndirməsində maraqlıdır. Nəticə etibarilə Azərbaycan ərazisindən Ermənistana tranzit daşımalarına məhdudiyyətlərin aradan qaldırılması da ondan xəbər verir ki, ölkəmiz əməkdaşlığın gücləndirməsində real addımlar atır.
İşçi qrupun yaradılması, sözsüz ki, sülh gündəliyində duran əsas vasitələrdən biridir. Bu, həm Azərbaycan–Ermənistan arasında normallaşma prosesinə, eyni zamanda, növbəti mərhələdə iqtisadi ələqələrin və kommunikasiyaların yenidən bərpasına gətirib çıxaracaq. Həmçinin beynəlxalq platformalarda Azərbaycanın siyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.
Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı
İşçi qrupunun yaradılması təkcə diplomatik planda yeni mərhələnin başlanğıcı deyil, həm də regionda sabitlik və uzunmüddətli əmin-amanlıq mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs göstərir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində real və praktiki addımlar atmaq niyyətindədir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra bölgədə yaranan yeni geosiyasi reallıq beynəlxalq güclər, xüsusilə də ABŞ tərəfindən qəbul edilir. İşçi qrupunun yaradılması məhz bu reallığın tanınmasının və əməkdaşlığa çevrilməsinin göstəricisidir.
Azərbaycan və ABŞ arasında əlaqələr Donald Trampın prezidentliyi dövründə yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a avqust səfəri və Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Səfər çərçivəsində imzalanmış sənədlər, elan edilən işçi qruplarının hüquqi və siyasi bazasını təşkil edir. Eyni zamanda, bu təşəbbüs Vaşinqtonun regionda uzunmüddətli sülhün və iqtisadi əməkdaşlığın təşviqində maraqlı olduğunu göstərir. ABŞ Cənubi Qafqazı artıq təkcə təhlükəsizlik baxımından deyil, həm də enerji, nəqliyyat və innovasiya platforması kimi dəyərləndirir. Bu kontekstdə Azərbaycanın Zəngəzur dəhlizi (TRIPP) üzərindən həyata keçirdiyi layihələr Qərbin, xüsusən də ABŞ-ın diqqət mərkəzindədir.
ABŞ-Azərbaycan İşçi qrupu iki ölkə arasında iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində koordinasiyanı gücləndirəcək, regional sabitliyə töhfə verəcək. Paralel olaraq, Ermənistanla yaradılacaq işçi qrupunun fəaliyyətinin regionda qarşılıqlı etimad mühitinə xidmət edəcəyi gözlənilir. Bu baxımdan, ABŞ-ın təşəbbüsü həm Bakı, həm də İrəvan üçün yeni imkanlar açır. Əgər bu proses səmimi şəkildə davam etdirilərsə yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması reallaşa bilər.
Musa BAĞIRLI
XQ



