Yeni təhlükəsizlik arxitekturası: dünya nizamının böhranı və xilası

post-img

II yazı

Azərbaycan Qafqazda Avro­pa ilə Asiya arasında əsas geo­siyasi körpüdür

Zbiqnev BZEJİNSKİ

Azərbaycanın potensialı və şansı

Bu məqalənin I hissəsində qoyulan sualı xatırlayaq: “Cənubi Qafqazda re­gional təhlükəsizlik arxitekturasının yeni oyunçusunun məhz Azərbaycan olması” tezisi hansı faktlar və faktorlara əsasla­nır?

Suala əsaslı cavab vermək üçün iki araşdırma səviyyəsi arasında əlaqə ya­ratmaq şərtdir. Birincisi, Cənubi Qafqaz­da yerləşən müstəqil dövlətlərin regional və qlobal miqyaslarda yeritdikləri siyasə­tin məzmununun özəllikləri aydınlaşma­lıdır. İkincisi, milli müstəqil dövlətlərin həmin siyasətinin regional və qlobal səviyyələrdə nə dərəcədə səmərəli (o dövlətin nüfuzunun artması kontekstin­də regional və qlobal miqyaslar üçün nə dərəcədə müsbət effektli olması aspek­tində) olduğu müəyyənləşdirilməlidir. 

Bu iki aspekt bir məqamda birləşir: Cənubi Qafqazın region kimi geosiyasi xüsusiyyətləri prizmasında yerli dövlət­lərin yeritdikləri siyasət onları geosiyasi oyunçu kimi qəbul etməyə imkan vermə­lidir! Dövlətin hansı keyfiyyətləri geosiya­si oyunçu olmağa imkan verir? Burada dövlət başçısının siyasətinin yeri və rolu nədən ibarət olmalıdır? 

Azərbaycanla bağlı yuxarıda qo­yulan sualların cavabları öncə vurğu­ladığımız aspektlərdə meydana çıxan suallara cavab axtarışlarını tələb edir. Bu kontesktdə onu deyək ki, “geosiyasi oyunçu” anlayışı da konkret məzmuna və şərtlərin ödənməsinə bağlıdır. Müa­sir mərhələdə hansı dövlətlər geosiyasi oyunçu sayıla bilərlər? Filosoflar, polito­loqlar və analitiklər bu sualı araşdırırlar. Onun konkret nümunləri də hər bir region üçün mövcuddur. O cümlədən, Cənubi Qafqaz regionunda geosiyasi oyunçu ol­maq imkanlarının da fəlsəfi, siyasi-nəzəri və geosiyasi parametrlərindən bəhs et­mək mümkündür. Burada iki məsələni aydınlaşdırmaq gərəkdir. Birinci məsələ Cənubi Qafqazın region kimi özəllikləri haqqında ifadə edilən fikirlərlə bağlıdır. İkinci məsələ Cənubi Qafqazın regional özəllikləri şəraitində yerli dövlətlərin fəa­liyyətlərinin məzmununun onların regio­nal oyunçu olmaq potensialının göstəri­cisi kimi dərk edilməsidir. Öncə Cənubi Qafqazın regional özəllikləri üzərində da­yanaq.

“Avrasiya incisi”nin “oğurlanmış dəyəri”

İndi araşdırmaçılar Cənubi Qafqaza adətən kənar böyük güclərin mübarizəsi prizmasında baxırlar. Onlara elə gəlir ki, bölgənin heç bir dövlətinin mövcud pro­sesdə təsirli rola malik olmaq imkanları yoxdur. Azərbaycan, Gürcüstan və Er­mənistan hansısa funksiya yerinə yetirə bilərlər, lakin təsirli yerli geosiyasi oyunçu olmaq şansları minimumdur. 

Bir sıra tədqiqatçılar bəzən bu siyahı­dan Azərbaycanı çıxarırlar. Onlar yazırlar ki, ölkə hazırda regionun geosiyasi oyun­çusudur. Məsələn, A.Draqanov yazır ki, Azərbaycanın Cənubi Qafqazın geosi­yasi panoramasında tutduğu strateji yeri müxtəlif analitik mərkəzlər, ekspertlər və politoloqlar araşdırırlar. Onların əsasında A.Draqanov belə nəticəyə gəlir ki, Cənu­bi Qafqazda “yalnız Azərbaycanın ge­osiyasi seçim imkanı mövcuddur”, yəni Gürcüstan və Ermənistan üçün belə bir lüks yoxdur. Bu o deməkdir ki, real ola­raq regional geosiyasi oyunçuluğa iddialı Azərbaycandır. 

Lakin sonrakı fikirlərində A.Draqanov yanlışlığa yol verir. Yazır ki, bunlar Azər­baycanın regionda “öz oyununu apara biləcək oyunçu olması” üçün yetərli “ge­osiyasi potensiala malik olmasına kifayət etmir”. “Məhz buna görə də Azərbaycan strateji tərəfdaş kimi Türkiyəni seçmişdir, ancaq, başqa dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlıqdan heç zaman im­tina etmir” (bax: Драганов, A Иран как региональный геополитический игрок // Журнал «Современный Кавказ: Геополитический выбор», Москва-Пятигорск, - 2009, - с. 242-247). 

Bu fikirləri A.Draqanov yazanda Tür­kiyə ilə yanaşı, Rusya da Azərbaycanın strateji tərəfdaşı idi. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaş­lığa aid sənəd 2008-ci ilin 3 iyulunda im­zalanmışdır. Həmin sənədin bazasında isə 1997-ci il iyulun 3-də imzalanmış qar­şılıqlı təhlükəsizlik, əməkdaşlıq və dost­luq haqqında müqavilə dayanır. 

Bu faktları A.Draqanov ya bilməmiş­dir, ya özünü bilməyən kimi göstərmiş­dir, ya da imzalanan sənədlərə inanma­mışdır. Ancaq bunlar onun problemidir, reallıq isə həmin sənədlərə hər iki tərə­fin əməl etdiyini sübuta yetirir. Konkret olaraq, 1997-ci ildən bu yana Rusiya Azərbaycanın daxili işlərinə qarışmır və üstəlik, rəsmi Bakının atdığı prinsipial geosiyasi addımları dəstəkləyir. Kremldə açıq etiraf edirlər ki, Azərbaycan müstəqil siyasət yeridir və onun maraqlarına qar­şı çıxmaq fikirləri (bəlkə də imkanları) yoxdur. Bu məqam xüsusilə 44 günlük II Qarabağ savaşından sonra daha qabarıq özünü göstərməkdədir. 

Azərbaycanla Rusiya arasında mü­nasibətlərin xarakteri və məzmununu müəyyən edən iki fundamental sənədi də mütləq vurğulamaq lazımdır. Onlar­dan biri 2018-ci ildə Azərbaycan və Ru­siya prezidentlərinin imzaladıqları birgə Bəyannamədir, digəri isə 2022-ci ilin fevralında imzalanan Strateji Müttəfiq­lik sənədidir. Rusiya XİN bütün bunların əsasında verdiyi bəyanatlarda vurğulayır ki, Azərbaycanla Rusiya arasında 2021-ci ilə qədər müxtəlif məzmunlu 150-dən çox sənəd imzalanmışdır. Tərəflər bütün istiqamətlərdə əməkdaşlığı genişləndi­rirlər. Azərbaycan Rusiyanın Avrasiya iqtisadi İttifaqına üzv olmayan ölkələr sırasında ən yaxın ticarət tərəfdaşıdır. Və bütün sahələrdə tərəflərin bir-birinin müstəqilliyinə sayğısı mövcuddur. 

Hazırda Rusiya-Azərbaycan müna­sibətləri o dərəcədə inkişaf etmişdir ki, hətta Qərbin qısqanclığı artmışdır. Lakin Rusiya-Türkiyə münasibələri də sürət­lə inkişaf edir və Azərbaycanla bağlı məsələlərdə Ankara ilə Moskvanın eyni mövqedə dayandığı aydın görünür. Yəni, Azərbacanın müstəqil siyasəti dəstəklə­nir, o cümlədən regional miqyasda atdığı addımlar təqdir olunur. Konkret desək, burada Bakıya qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz! 

Deməli, A.Draqanov da başqaları kimi yanılır – Azərbaycan artıq real olaraq re­gional geosiyasi oyunçudur! II Qarabağ savaşından sonra regional geosiyasi miqyasda baş verənlərin postmüharibə mərhələsi kontekstində təhlilinə irəlidə baş vuracağıq. İndi isə bir sıra araşdır­maçıların hansı səbəblərdən Azərbay­canla bağlı həqiqətləri yarımçıq dedikləri üzərində dayanaq. 

Məsələn, A.Draqanov niyə yanıl­mışdır? Çünki qlobal miqyasda regio­nal proseslərin yerini və rolunu obyektiv müəyyənləşdirə bilməmişdir. Məsələ on­dan ibarətdir ki, hər regionun özünəməx­susluğu mütləq nəzərə alınmalıdır. Bu baxımdan Cənubi Qafqazı Mərkəzi Asi­ya, Şərqi Avropa, Uzaq Şərq, Cənubi Asiya, Yaxın Şərq və s. regionlarla ey­niləşdirmək olmaz. Qafqazın öz dina­mikası vardır. Buna uyğun da geosiyasi reallıqlar və onların dəyişmə istiqamətləri formalaşır. 

Digər məqam bəzi araşdırmaçıların Cənubi Qafqazda Azərbaycanın geosi­yasi funksiyasını və ya missiyasını tam olaraq dərk edə bilməmələri ilə əlaqəli­dir. Lakin hələ keçən əsrin 90-cı illərində Z.Bzejinski və H.Kissincer kimi diploma­tiya və siyasət nəhəngləri, güclü analitik­lər Azərbaycanı Qərblə Asiya arasında Qafqazda əsas “körpü” kimi qiymətləndi­rirdilər. Həmin məsələyə H.Makkinderin “Böyük Hartlant” (“Böyük Avrasiya») kon­sepsiyası işığında yanaşırdılar. 

Qısa arayış: “Hartlant” ingiliscə “He­artlant” sözündəndir və mənası “Yerin ürəyi” deməkdir. Bu anlayış ilk dəfə 1904-cü ildə Oksfort Universitetinin professoru, britaniyalı H.C.Makkinder tərəfindən işlə­dilmişdir. Həmin termin Avrasiyanın dün­ya geosiyasətinin mərkəzi, ürəyi olduğu­nu ifadə etməyə və Qərb dövlətlərinin xarici siyasətində Hartlandın aparıcı rol oynamalı olduğuna xidmət edirdi. 1919-cu ildən Hartland “tarixin oxu” terminini əvəzləyərək, konsepsiya səviyyəsinə qaldırılmışdır. O dövrdən indiyə qədər həmin konsepsiya dünya geosiyasi təfək­küründə mühüm yer tutur. 

Deməli, Rusiya ilə Azərbaycanın əməkdaşlığı nəinki iki qonşu dövlət kimi geniş və dərindir, həm də iki müstəqil dövlət olaraq strateji müttəfiqlik xarak­teri daşıyır. Bu şərtlər daxilində kiminsə kiməsə təzyiq göstərməsi mümkün deyil­dir. 

Türkiyə ilə Azərbaycanın münasibət­lərinə gəldikdə isə bu, tam aydın olan məsələdir. Onun təməlində Ulu öndə­rin “Bir millət, iki dövlət” kəlamı dayanır, münasibətlər buna uyğun qurulur və inkişaf etdirilir. Həmin səbəbdən araş­dırmaçıların Türkiyənin Azərbaycanın hansısa regional fəaliyyətinə məhdudiy­yət qoymasından danışmaları mümkün deyildir. Əksinə, Türkiyə daim Azərbay­canın Cənubi Qafqazın bütün sahələrdə söz sahibi olmasına çalışmışdır. Zatən A.Draqanov da məhz buna görə region­da Azərbaycan–Türkiyə birliyindən bəhs etməyə məcburdur. 

Eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin konkret hüquqi çərçivədə qurması məsələsi mütləq vurğulanmalıdır. Həmin məqam Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Orada vurğulanır ki, tərəflər bir-birinə dəstək verirlər, daxili işlərinə qarışmırlar və bütün istiqamətlərdə əməkdaşlığı inki­şaf etdirməkdə maraqlıdırlar. Eyni fikirlər Rusiya ilə imzalanmış strateji müttəfiqlik sənədində də mövcuddur. 

Avrasiyanın kəsişmə məkanı: Azərbaycan!

Diqqətə çatdırılan məqamların fo­nunda bizə “Pakistan Economic Net & Daily Ittehad Media Group”nun eksperti M.Faaruxun fikirləri daha inandırıcı gö­rünür. Pakistanlı ekspert deyir ki, Azər­baycan Cənubi Qafqazın “açar geosiyasi oyunçusu və iqtisadi mərkəzidir”. Bu ölkə Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişmə məkanında yerləşir. Azərbaycan, sadəcə coğrafi anlamda iki böyük regionun “kə­sişmə məkanı” deyildir. O, real olaraq “Qafqaz regionunda həlledici yeniləş­dirən, dəyişən rolunu oynayır”.

Azərbaycanın iqtisadi yolu isə, sözün əsl mənasında, “kinematoqrafik trans­formasiyanı” xatırladır. Bütövlükdə Azər­baycan regional miqyasda möhtəşəm “transformasiya tarixi və həyat dayanıqlı­ğı” nümunəsidir. Buna görədir ki, bu ölkə “geosiyasətin mürəkkəbliklərini və iqtisa­di çağırışları məharətlə idarə edir”.

Nəhayət, elmi-tədqiqat işlərində də regional inteqrasiyada müxtəlif xarakter­li faktorların qarşılıqlı əlaqəsinin ümumi mənzərəni yaratdığı vurğulanır. Həmin aspektdə Cənubi Qafqazda geosiya­si, siyasi, geoiqtisadi faktorların sintezi mühüm rol oynayır. A.A.Burov bununla əlaqədar yazır ki, Qafqazda siyasi inteq­rasiya ilə iqtisadi inteqrasiya arasında elə sıx əlaqə vardır ki, onları bir-birin­dən ayırmaq olmaz. Bu özəllik Cənubi Qafqazda “inteqrasiya proseslərinin spe­sifikasını müəyyən edir”.

Beləliklə, Azərbaycanı regional miq­yasda geosiyasi oyunçu kimi qəbul et­məyə tam əsas mövcuddur. Bununla yanaşı, rəsmi Bakının regional siyasəti ilə regionlararası siyasəti arasında elə bir məntiqi və geosiyasi əlaqə vardır ki, Azərbaycanı geosiyasi oyunçu kimi daha yüksək zirvəyə qaldırır. Bu da dünyanın yeni təhlükəsizlik arxitekturasının yara­dılmasında regional miqyasda açar ro­lunu oynayır. Həmin aspekti təhlil etmək və onun əsasında geosiyasi proqnoz vermək mümkündür. Biz hansı geosiyasi əlaqələri nəzərdə tuturuq?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət