Milli Məclis Sədrinin Türkiyənin vitse-prezidenti ilə görüşü

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

S.Qafarova qeyd edib ki, Azərbay­can və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanın­dadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı bir daha bunun şahidi olduq.

Görüşdə ikitərəfli əlaqələrin inkişa­fında ali və yüksək səviyyəli qarşılıq­lı səfərlərin müstəsna rolu və iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, bey­nəlxalq tədbirlər çərçivəsində görüşlə­rinin münasibətlərin bütün istiqamətlər­də inkişafına təkan verdiyi vurğulanıb. Xatırlanıb ki, 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə ara­sında strateji tərəfdaşlıq məsələləri öz əksini tapıb.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkişafında parlament­lərimizin də vacib rolu qeyd edilib və bu istiqamətdə fəal əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. 

Səmimi görüş üçün təşəkkürünü bildirən vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini xatırladaraq, onun Azərbaycanın inkişafındakı xid­mətlərindən danışıb. Qarşılıqlı səfərlə­rin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayan vitse-prezident ölkələrimi­zin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əmək­daşlığından məmnunluğunu ifadə edib.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdi­yi dəstəyə görə təşəkkürünü bildirib. 

Görüşdə Azərbaycan-Türkiyə parla­mentlərarası əlaqələr üzrə işçi qrupu­nun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək iki ölkə ara­sında əlaqələrin bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.

Ə.BƏDƏLOV

XQ

Son xəbərlər