Makronun Cənubi Qafqazdan umduğu nədir?

post-img

“Yelisey sarayı”nın bölgədə məkrli planları

Yazının sərlövhəsinə çıxardığımız bu suala dərhal və birmənalı belə cavab vermək olar: “Köhnə qitə”nin yeni sahib­liyinə iddialı olan Fransa dövləti Cənubi Qafqazın zəngin nemətlərini ələ keçirmək niyyətinə düşüb. Bunun üçün rəsmi Paris min bir siyasi-diplomatik hiylə və oyun­bazlığa əl atır. 

Prezident Emmanuel Makronun baş­çılığı ilə Yelisey sarayı öz məkrli niyyət­lərinə çatmaq üçün regionda Türkiyəni özünə ciddi rəqib görür və bundan çox qeyzlənir. Belə ki, son illər bölgədə Cə­nubi Qafqazın bütün parametrlərə görə aparıcı dövləti olan müstəqil ölkəmizin gündən-günə güclənməsi, Azərbaycan–Türkiyə tandemi işğalçı Ermənistanı özünə “bacı” sayan rəsmi Paris üçün qar­maqarışıq yuxu kimi bir şeydir. 

Təəssüf və təəccüb doğuran hal həm də budur ki, çağdaş dünyanın super gücü hesab edilən Birləşmiş Ştatlar da bu əsas­sız iddialarında Fransaya açıq və gizli dəstək verir. Yelisey sarayı kimi, Ağ ev də güclü və qüdrətli Türkiyənin liderliyilə Bö­yük Turanın tarix səhnəsinə çıxmasından əndişələnir. 

Qərb dövlətlərinin saxta “Ərəb baha­rı” devizi altında Suriya, İraq və Liviyada apardıqları hibrid müharibələrin məqsəd­lərindən biri də Türkiyəni zəiflətmək, hətta mümkün olarsa, onu parçalamaqdır. Türk dünyasını quru yolla birləşdirən Zəngəzur dəhlizinin açılmasını isə Fransa, təbii ki, qəti surətdə istəmir. Bu, mümkün olmaz­sa, ən azı özünün yırtıcı maraqlarını ehti­va edən şərtlərini diktə etməyə çalışır. 

Görünən budur ki, hazırda Fransa və ABŞ-ın mövqe və maraqları üst-üstə dü­şür. İraq, Livan və Suriyada bəd niyyət­lərinə tam çata bilməyən imperialist qüv­vələr indi də Cənubi Qafqazı qarışdırmaq arzusuna düşüblər. E.Makron Fransa­nın iri sənaye və hərbi kapitalına xidmət edən planlarının icrasına təkbaşına gücü çatmayacağının fərqindədir və Ağ evdən Cənubi Qafqazda onun adından çıxış et­mək üçün etimad mandatı almağa məcbur olub. 

Məlum olduğu kimi, Paris xeyli vaxtdır Cənubi Qafqazda öz pozucu planlarını ye­rinə yetirmək üçün Azərbaycanda guya in­san haqları və demokratiyanın pozulması ilə bağlı saxta təbliğat şousu ilə məşğul­dur. Bu niyyətlə bir çox beynəlxalq təşki­latlar və Qərb mediası Bakıya qarşı çirkin qarayaxma kampaniyasına start vermiş­dir. Lakin bunlar heç bir səmərə vermir, ona görə ki, əsl həqiqəti gizlətmək müm­kün deyil. Dünya kimin haqlı, kimin haqsız olduğunu artıq başa düşür. 

Azərbaycan dövlətinin 2023-cü il sent­yabrın 19-da Xankəndi və ətraf ərazilər­də qətiyyətlə apardığı və cəmi 23 saata böyük uğurla yekunlaşdırdığı antiterror əməliyyatı Makronun ölkəsinin hərbçilərini “sülhməramlılar” adı altında Qarabağda yerləşdirmək niyyətini gözündə qoydu. Yeri gəlmişkən, Yelisey sarayının “kol­laborist” Nikol Paşinyan hökuməti üçün hətta bu məqsədlə orden və medal dəsti sifariş etdiyi barədə məlumatlar Fransa mətbuatına da sızmışdı. 

Ermənistanın siyasi isteblişmenti “Sa­hel Afrikası” ölkələrinin maddi sərvətlərini vəhşicəsinə talayan, onların xalqlarının inkişafını ən məkrli yollarla bloklayan “si­vil və demokratik” Fransanın olduğundan xəbəri yoxdurmu?! Əlbəttə, eşitməmiş olmazlar. İtaliyanın baş naziri demişdir ki, Fransa öz atom elektrik stansiyalarında istifadə etdiyi uranın 20 faizindən çoxunu Nigerdən gətirir və bu ölkə əhalisinin 80 faizi isə elektrik enerjisinə həsrətdir. 

Bəlkə, həmin Fransa Ermənistana bu ölkənin iqtisadi yüksəlişi üçün böyük sər­mayələr gətirəcək? Xeyr! Paris onun si­yasi və iqtisadi nəzarətində olan heç bir ölkəyə hüzur və rifah bəxş etmək niyyə­tində deyil. Belə olan halda yerli burjaziya gec-tez imperialist qüvvələri ölkədən qo­vub çıxarmaq meylinə düşə bilər. Məlum­dur ki, Fransa öz neokolonialist siyasətinin təsiri altına aldığı dövlətlərdə korrupsiya üçün münbit şərait yaradır və satqın hö­kumətlərin əli ilə yerli xalqların var-dövləti­ni daşıyıb aparır. 

Ermənistanı da Nigerin aqibəti göz­ləyir. Gözü sərsəm xülyalarla bağlı olan erməni siyasi zümrəsi hələ də başa düş­mür ki, qonşu dövlətlərə normal siyasi-iq­tisadi əlaqələr qurmaq istəməyən ölkələri özünütəcrid gözləyir və bu yanlış siyasət yaxşı heç nə vəd etmir. Ermənistanın ha­zırkı iqtidarı hər vəchlə Rusiyanın iqtisadi və hərbi təsirlərindən qurtulmağa çalışır, əvəzində özünə Yelisey sarayınn qismin­də yeni ağa axtarır. Əlbəttə, İrəvan növbəti tarixi yalnışlığa yol verir.

Atamoğlan MƏMMƏDLİ, 
BDU-nun professoru, tarix elmləri doktoru, şərhçi

– İkinci Dünya müharibəsindən sonra Fransa dövləti Avropada si­yasi və iqtisadi lider roluna çox iddialı idi. Lakin qısa müddət son­ra Almaniya öz qəddini düzəldərək qitənin ən böyük iqtisadi gücünə çevrildi. 

Beləliklə, iqtisadi sahədə niyyət­lərinə çata bilməyən Paris qitənin siyasi liderliyini əlində saxlamağa cəhd edir. Avropa Şurasının Fran­sanın Strasburq (Orta əsrlərdə al­man şəhəri hesab olunurdu–red) şəhərində yerləşməsi də Parisinin iddiaları üçün meydan açır. 

Makron ölkəsinin liderliyi ilə Avropada federalizm siyasətini dəstəkləyir. Bu zaman o, Fransanı qitənin “super qüvvəsi” kimi təsəv­vür edir və digər ölkələrin daxili işlərinə qarışmağı belə özünə rəva görür. Bu, əlbəttə, qitədə sarkazmla qarşılanır. 

Makronun qlobal xarici siyasət xətti də qüsurludur. O, Fransanın dünyanın müxtəlif qitələrində hərbi iştirakını genişləndirməyə çalışsa da, reallıqda bunun əksi baş verir. Yelisey sarayı prezidentin təkidi ilə milli təhlükəsizlik qüvvələrinə və or­duya maliyyə dəstəyini artırır. 

Bu il avqustun 23-də ölkənin Nazirlər Kabinetinin yeni heyətdə ilk iclasında Makron etiraf edib ki, Fransa və Avropanın yüksək rifah və qayğısızlıq dönəmi başa çatır. O deyib ki, xarici siyasətdə Parisi çə­tin günlər gözləyir. 

Fransa lideri üçün söz və insan haqları deyilən dəyərlər yoxdur. O, dəfələrlə riyakarcasına deyib ki, Fransanın azadlıq rejiminin öz qiyməti var və müəyyən qurbanlar tələb edir. Bəli, Makron Fransasın­da demokratiya artıq rişxənd möv­zusuna çevrilib. 

Ümumiyyətlə, Makronun Cənu­bi Qafqazdakı proseslərə müdaxilə cəhdləri bu ölkənin imperialist xa­rici siyasətindən qaynaqlanır. Pa­risdə dərk edirlər ki, Orta Asiyanın sərvətlərini Xəzər dənizi və Azər­baycan üzərindən Avropaya, o cüm­lədən bütün dünyaya daşıya biləcək Transxəzər layihəsi bölgə dövlətlə­rinə rifah gətirə bilər. 

Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün də çox xe­yirlidir. Lakin Fransa burada aranı qatıb özünə piroqdan daha böyük pay tələb edir. Lakin unudur ki, bura Qafqazdır, burada haqqın və ədalə­tin tərəfində duran Türkiyə və Azər­baycan kimi qlobal siyasətin güclü aktorları var. 

Məsaim ABDULLAYEV
XQ



Siyasət