Politoloq regionda yeni müharibə riskinin mövcudluğundan danışarkən nələri nəzərdə tutur?
2023-cü il başa çatmaq üzrə olsa da, Azərbaycanla Ermənistan arasında gözlənilən sülh müqaviləsi bağlanmadı. Çox güman dekabrın son günlərində də bununla bağlı hansısa fövqəladə hadisə baş verməyəcək. Deməli, ümid 2024-cü ilədir. Bəs, növbəti ildə necə olacaq? Suala birmənalı cavab yoxdur. Hər bir halda sülh gözləntisi aktuallığını qorumaqdadır.
Qeyd edək ki, 2023-cü ildə beynəlxalq ictimaiyyət Bakı–İrəvan yekun razılaşmanın əldə olunacağına çox ümidli idi. Ancaq ümidlər, belə demək mümkünsə, Azərbaycanın sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror əməliyyatının qarşısını ala bilmədi. Ümumən, 2020-ci ilin genişmiqyaslı İkinci Qarabağ müharibəsindən ötən hər il demək olar ki, 2023-cü ilin təkrarı kimi yadda qalıb. Yəni, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya yaşanıb. Bu yazımızda durumun səbəblərindən danışıb, Ermənistanın tutduğu destruktiv yolun, sülh imitasiyalarının ayrı-ayrı istiqamətlərini sadalamaq niyyətindən uzağıq. Mövzumuz birbaşa sülh gözləntisi barədədir. Hesab edirik ki, bu baxımdan məşhur Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaalın “News.am”da yayımlanan “Güc faktoru” proqramında dilə gətirdikləri maraq doğurmaya bilməz.
Başlayaq ondan ki, ekspertin söylədikləri onun Cənubi Qafqazda sülhlə bağlı elə bir ciddi gözləntisinin olmadığını deməyə əsas verir. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasındakı durum prinsip etibarilə bir il əvvəl olduğu kimidir. Yəni, vəziyyət gərgindir. Gərginliyi şərtləndirən başlıca faktor da anti terror tədbirləri ilə əlaqədardır. T.Vaal mövcud xüsusda bildirir ki, ermənilərin Qarabağı tərk etmələri və ümumən bölgənin itirilməsi böyük hadisədir. Doğrudur, siyasi icmalçı o məntiqə də söykənir ki, Qarabağ ermənisizləşibsə, prinsipcə hər şey bitmiş kimi də sayılmalıdır. Ancaq erməni avantürizmi baxımından bitən heç nə yoxdur.
T.Vaal deyir ki, 2023-cü ildə yeganə pozitiv nəticə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabarın 7-dəki birgə açıqlamasıdır. Bu açıqlamanın nəticəsi olaraq tərəflər arasındakı əsir mübadiləsindən bəhs edən politoloq, həmçinin, Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləməsindən söz açır. Azərbaycanın Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə tərəfdar çıxmasını da müsbət məqam olaraq vurğulayır. Onun sözlərinə görə, Bakı nüfuz və möhtərəmliyi sevir. Ona görə də belə jestlər Azərbaycanın hazırkı problemin güc yolu ilə həlli imkanlarını azaldır.
Buna baxmayaraq, T.Vaal bildirir ki, Azərbaycan və Ermənistan arasında nataraz durum qalmaqdadır. Hazırda münaqişənin Qərb tənzimləmə xətti, praktiki olaraq, fəaliyyətsizdir. “Mən yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sazişin imzalanması imkanını görmürəm. Eyni zamanda, beynəlxalq təzyiqlərə baxmayaraq, yeni Ermənistan–Azərbaycan müharibəsi təhlükəsi həmişə mövcuddur”, – deyən siyasi icmalçının fikrincə, yeni müharibə təhlükəsinin reallığa çevrilib-çevrilməməsində başlıca söz sahibi Azərbaycan Prezidenti İlham Əliyevdir.
Əlbəttə, erməni mediası daha çox T.Vaalın sonuncu qeyd etdiyimiz fikrinə fokuslanır, mövcud xüsusda müharibəni başlayacaq tərəf kimi Azərbaycanı qınamaq yönümlü ritorikaya üstünlük qazandırır və bir növ, interpretasiyaya yol verir. Ancaq aydın görünür ki, T.Vaal birbaşa Azərbaycana qarşı köklənmir, ümumi mənzərədən çıxış edir. Əslində, onun dəyərləndirməsi, bütövlükdə sülh prosesindəki ləngimələrə görədir. Sülhə alternativ isə həmişə müharibədir. Deməli,
T.Vaal, müharibə qoxulu fikirlər səsləndirən zaman heç də yenilikçi deyil. O da nəzərə alınmalıdır ki, sülh mühitinin olmaması qeyri-müəyyənlikdir. Qeyri-müəyyənliyi isə hər bir tərəfin hadisələri öz baxış bucağından qiymətləndirib hərəkətə keçməsi təbiidir. Əlbəttə, kimin imkanı varsa, daha ciddi hərəkətə keçən də odur.
Əlqərəz, Tomas de Vaal sözügedən proqramdakı çıxışında regional kommunikasiyaların açılmasını da ən aktual məsələ adlandırıb. “Bu, elə bir haldır ki, kommunikasiyaların açılması hər kəs üçün faydalı görünür. Amma indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəbdir və mən nəticə əldə etmək üçün lazımi konsensus görmürəm”, – deyən politoloq onu da bildirib ki, Ermənistanla sərhədin açılması Türkiyənin dövlət maraqlarına uyğun görünür. Qarsla Gümrü arasında və daha sonra Ermənistandan keçməklə Naxçıvana və Azərbaycanın əsas hissəsinə, oradan da Xəzər dənizinə dəmir yolu bağlantısı da həmçinin. Əlbəttə, bu yerdə T.Vaalın “amma görünür, Ərdoğanın (Türkiyə Prezidenti – red.) şəxsi maraqları da var” fikrini hansı prizmadan işlətməsi maraqlıdır. O da maraqlıdır ki, siyasi ekspert Gümrüdən və Sünikdən keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağı məsələsi üzərinə gəlir və bunu mühüm məqam sayır: “Biz “qaranlıq əhvalat” görürük. Ermənistan tərəfi artıq Rusiyanın varlığını istəmir. Azərbaycan isə əksinə, Rusiya təhlükəsizlik qüvvələrinin mövcudluğunda israrlıdır”.
Əlbəttə, T.Vaalın sonuncu fikri ilə razılaşmamaq olar. Məsələ burasındadır ki, rəsmi Bakı Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yoldakı təhlükəsizliyə cavabdeh qismində Rusiyanı görür, – kimi mütləq məntiqdən söhbət gedə bilməz. Yəni, ölkəmiz məsələni bir qədər fərqli formada qoyur. Azərbaycan iki prinsipi rəhbər tutur: Birincisi, Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini. Öhdəlik isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda aydın şəkildə qeyd olunub. Bildirilib ki, sözügedən yolda təhlükəsizlik Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunacaq. Nəzərə alaq ki, Ermənistan üçtərəfli sazişə məğlub qismində imza atıb. Hər halda 30 illik işğala görə ölkə nəyisə itirməlidir. İtirmək istəməsəydi, müharibə davam edəcəkdi. İrəvan bu davamiyyətə qatlaşa biləcəkdimi, bu başqa söhbətin mövzusudur.
Məsələnin ikinci qoyuluşu isə budur ki, ölkəmiz Naxçıvana yolu Azərbaycandan Azərbaycana yol kimi dəyərləndirir. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında da bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, sözügedən yolun suveren Ermənistan ərazisi kimi qəbullanmasında heç bir problem yoxdur. Başlıca məqam ərazidə gömrük keçid və sərhəd məntəqəsinin olmamasındadır.
Bir daha deyək ki, Prezident İlham Əliyev Azərbaycandan Azərbaycana yol məntiqinin prinsipiallığı üzərində dayanır. Ölkəmizin lideri, hətta məsələni legitim hüququmuz prizmasında dəyərləndirir. Onu da vurğulayır ki, Ermənistan bununla razılaşmadığından, Bakı Naxçıvana yolun İran ərazisindən keçməsinə dair Tehranla razılaşma əldə edib. Prezident İlham Əliyev forumda mövcud istiqamətdə başlanılan işlər barədə də məlumat verib.
Ancaq bütün bunlara rəğmən, dünyada Naxçıvana yolun İran deyil, Ermənistan ərazisindən keçməsini və bu zaman Bakının yox, İrəvanın bildirdiklərinin prinsipial xətt kimi nəzərə alınmasının tərəfdarları olan Qərb dairələri var. Onlar hər vasitəyə əl atırlar. Əslində, T.Vaal da həmin dairələrin irəli sürdükləri xətt ətrafında siyasi gəzişmələr gerçəkləşdirməkdədir. Bu səbəbdən ona belə bir sual ünvanlanır: Moskva ilə Bakı arasında Rusiyanın Sünikdə yeni varlığı müqabilində, Kremlin Qarabağdakı mövcudluğunu itirməsi ilə bağlı sövdələşmə olubmu?
Əlbəttə, politoloq bu təxribatı suala cavab verməkdə ehtiyatlı təsir bağışlayır. Hərçənd, Rusiya–İran–Türkiyə–Qərb–Ermənistan–Azərbaycan xətti üzrə siyasi konfiqurasiyanın mövcudluğunun tərəfdarı kimi çıxış edən de Vall mövcud istiqamətdə də irəliləyiş görmədiyini dilə gətirir və əlavə edir ki, irəliləyiş olmasa, yeni müharibə riski güclənəcək. “Eyni zamanda, mən şəxsən düşünmürəm ki, Azərbaycan bütün Süniki ələ keçirməyə getsin”, – deyə siyasi icmalçı vurğulayır. Onun fikrincə, Moskva və Ankaranın köməyi ilə qoyulan şərtlə razılaşması üçün İrəvana təzyiq göstərilməsi gündəmdədir.
Ə.RÜSTƏMOV
XQ