Ermənistanın terrorçu dövlət olduğunu kim dana bilər?

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Ermənistanın terrorçu xisləti hər gün özünü bir daha təsdiq edir. Bunu kim bilməsə də, yaxud etiraf etmək istəməsə də, biz bilirik. Biz Azərbaycan xalqı olaraq erməni terrorunun hər üzünü görmüşük. 

Əslində, erməni terrorizmi beynəlxalq aləmdə çox geniş məlumdur. Bəli, bu terroru himayə edən, üstündən keçən, ona zahirdə göz yuman, arxada isə dəstək verən bəzi Avropa dövlətləri də məsələnin mahiyyətinə yaxşı bələddir. Bu ölkələrdən bəziləri onu hətta maliyyələşdirir. Bu da səbəbsiz deyil. Əslində, həmin ölkələr bu bəlanı türk dünyası, o cümlədən, Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə edirlər. 

Amma Qərbdə erməni terrorizmi haqqında açıq danışan cəsarətli insanlar da yox deyil. Hətta bu mövzuda kitablar yazılaraq yayılıb. Yəni, artıq ox yaydan çıxıb. Artıq bütün dünyada ermənilərin vandal və terrorçu xarakteri haqqında bilməyən yoxdur. Təxminən, 20-25 il əvvəl ABŞ-da yaşamış məşhur tarixçi və yazıçı Samuel Vimsin “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin sirləri” kitabı da bu erməni milli xarakterinin açılıb yayılmasında az rol oynamayıb. ABŞ-da böyük tirajla işıq üzü görmüş kitab, təxminən, ­2000-ci illərdə Azərbaycan dilinə də tərcümə edilərək geniş yayıldı. 

Azərbaycan Prezidenti İlham ­Əliyev isə istər Milli Məslisin deputatı və ­AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən, istərsə də dövlət başçısı olduğu illərdə fəaliyyətinin əsas hissəsini Ermənistanın işğalçılıq, vandallıq və terror siyasətinin ifşasına həsr edib. Uzun illər ərzində o, çıxış etdiyi bütün kürsülərdən bununla bağlı həqiqətləri dünya xalqlarına çatdırıb. Elə 2020-ci ilin şanlı Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra da Azərbaycan lideri işğaldan azad olunmuş ərazilərimizə səfər edərək, ermənilərin törətdikləri dağıntıları dünya ictimaiyyətinin diqqətinə çatdırmış, “bu yerlərdən sanki vəhşi qəbilə keçib”, deyə erməni işğalının faciəli nəticələrini göstərmişdi. 

İndi Azərbaycan ərazilərində erməni işğalına son qoyulub. Amma bununla hər şey bitibmi? Xeyr! Azərbaycan artıq 4-cü ildir ki, amansız işğalın nəticələri ilə mübarizə aparır. Vaxtilə Ermənistanın işğalında olmuş ərazilər başdan-başa minalarla doldurulub. Son illərdə 300-dən artıq dinc, günahsız insanımız, o cümlədən, minatəmizləmə işlərində çalışan mütəxəssislər yer altında gizlədilmiş ölüm cuhazlarının qurbanı olub. Minalanmış sahələrin təmizlənməsinə nə qədər qüvvə cəlb edilmiş olsa da, onların tamamilə zərərsizləşdirilməsinə hələ on illər gərəkdir.

Bu, öz yerində. Biz hələ torpağın altındakı minalardan danışırıq. Ermənistana bu günə qədər himayədarlıq edən böyük dövlətlər buyurub bu ölkə ordusunun hər gün aşkar edilən yeni hiylələrinə baxsınlar. Bu işğalçı, terrorçu ordunun qəddarlığı o həddədir ki, özlərindən sonra hətta orta məktəb şagirdləri üçün də dəhşətli ölüm üsulları qoyub getməyi unutmayıblar.

Dünən məlum olub ki, Azərbaycanı könüllü tərk edən ermənilər çıxıb gedərkən Xocavənd rayonundakı məktəbdə mina tələsi quraşdırıblar. Bu barədə Azərbaycan ombudsmanının yaydığı məlumat əsasında xəbər tutduq. Ombudsman Səbunə Əliyeva bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Xocavənddəki məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı deyib ki, Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisindəki məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanmışdır. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilmişdir. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz dinc mülki əhaliyə qarşı yönəldiyini göstərir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm”, – deyə Səbinə Əliyeva qeyd edib. 

Budur, erməni terrorizminin ən mənfur nümunələrindən biri. Biz indi bu əməli törədənlərə nə ad verək? Və onları qanadları altına alıb qorumaq istəyənlərə, Fransaya, ABŞ-a nə deyək? Axı körpə uşaqların təhsil alacağı bir məktəbdə bu cür əməllər törətməyi özlərinə rəva bilənlər terrorçu olmayıb da, nə olurlar?! Onları himayəsində qoruyanları isə “terroru dəstəkləyən ölkə” adlandırmayıb da, nə adlandıraq?!..

Siyasət