Borrelin rəngli yuxuları, Pallonenin ağ yalanları

post-img

Aİ-nin bəzi siyasətbazlarının, ABŞ-ın ermənipərəst konqresmenlərinin “ilham mənbəyi”

Yenidən ağız-ağıza veriblər. Deyəsən, okeanın o tayında zəngin erməni diasporunun əlində “marionetə” çevrilən psevdosiyasət­çilər, saxtakar və riyakar konqresmenlər, ermənipərəst “çete” meydanı boş görüblər. Yaxşı qonorar müqabilində hayları müda­fiə səngərlərindən Azərbaycana “atəş açmağa” girişiblər. Otuz il davam edən münaqişə boyu bunları çox görmüşük. Ermənipərəst bəzi konqresmenlərin, korrupsioner senatorların köpüklənən ağız­larından tökülən təhdidlərini çox eşitmişik. Onların Azərbaycana qarşı ədalətsiz, qərəzli qərarlarını, düzəlişlərini səbirlə çiynimiz­də daşımışıq. Amma haypərəstlərin nə hədələri, nə də qurşaqdan aşağı zərbələri bizi qorxudub. Bizi heç nə haqq yolumuzdan dön­dərə bilməyib. 2020-ci ilin 10 noyabrından sonra düşünürdük ki, münaqişə bitdi və “miatsum” epidemiyasının fəsadlarını yaşayan hayların havadarları da ağıllandılar, aqibətlərindən düzgün nəticə çıxardılar, necə deyərlər, sağlam məntiqdən uzaq, dəlisov iddiala­rından əl çəkdilər. Özümüzü barışığa kökləməyə, qarşılıqlı qonşu­luq münasibətlərini normal məcraya salmağa köklədik. Fəqət, heç də belə deyilmiş.

Hayların ideoloji səngərindən səsləri eşidilən elə əvvəlki “muzdlu agitatorlar­dır”. Məqsədləri də dəyişməyib: Ermə­nistanla Azərbaycan arasında əldə oluna­caq sülhü pozmaq, münaqişəni yenidən alovlandırmaq, Cənubi Qafqazda suyu bulandırmaq, sonra da bulanıq suda balıq axtarışına başlamaq. 

Onlardan biri, ABŞ Nümayəndələr Palatasının üzvü, Konqresin erməni məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone bu günlərdə Azərbaycana qarşı ağlasığmaz, həm də istehza doğuran tələblər irəli sürüb: “Azərbaycanın bun­dan sonrakı təcavüzünün qarşısını almaq və Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün ABŞ-ın İrəvana birmənalı dəstəyi olduqca vacibdir”. 

Normal psixoloji statusdan məhrumlar 

F.Pallonenin və ona bənzər digər konqresmenlərin anti-Azərbaycan fəaliy­yətinə sonra qayıdacağıq. İndi isə dövlət başçımızın Avropa İttifaqının yüksək çinli məmuru Cozef Borrelin yalanını ifşa edən çıxışından bir məqamı diqqətə çatdıraq:

“Hətta ermənilərin özləri etiraf edir­lər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır. Onlar deyirlər ki, Qarabağı 150 min deyil, 100 min insan tərk edib. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min deyəcək. Ola bilsin ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamdır. Həm də bi­zim etmədiyimizlə bağlı ittiham”.

Bu sözləri Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Na­iliyyətlər və Çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı za­manı söyləyib. 

Dövlət başçımız Aİ rəhbərinin müavi­ni, İspaniyanın sabiq xarici işlər nazirinin siyasi səbatsızlığını maraqlı müqayisə ilə sübuta yetirib: “Çox təəccüblüdür ki, onun (Borrel – red.) öz ölkəsi (İspaniya – red.) separatçılıqdan əziyyət çəkir. İndi belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, olduqca təəccüb doğurur”.

İlham Əliyev çıxışında, ümumilikdə, Azərbaycanın Avropa Komissiyası ilə çox gözəl münasibətlərə malik olmasını, buna böyük əhəmiyyət verməsini, bu əlaqələrin Bakı üçün strateji əhəmiyyət daşımasını qeyd etməklə yanaşı, qarşılıqlı əməkdaş­lığa xələl gətirən məqamlara da toxunub: “Təəssüflər olsun ki, avropalı liderlər ara­sında cənab Borrel, madam Metsola kimi populist insanlar da var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Onların yü­rütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə qəti razı deyiləm. Bu, ədalətsiz yanaşmadır və heç də Avropa İt­tifaqının maraqlarına uyğun deyil”. 

Avropa Parlamentinin bir təsisat kimi buna maneə olmasının gərəkliyini vur­ğulayan dövlətimizin başçısı daha sonra deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbay­can hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilə­rik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, bunu Avropa İttifaqı üzvlə­rinin hamısına şamil etmirik”.

Bəli, konkret olaraq, Aİ-nin 77 yaşlı ispan əsilli “diplomatı” son vaxtlar Ba­kının ünvanına avantürist açıqlamarı ilə əndazəni tamam aşıb. Onun erməni lob­bisi ilə isti münasibətlərində hansı “özəl maraqları” güddüyü sirr deyil.

Əməkdaşlığın “özəl maraqları”

Bu arada ABŞ Dövlət Departamen­tinin rəsmi nümayəndəsi Metyu Miller jurnalistin “Azərbaycanla məlum səbəb­lərdən soyumuş münasibətlərin fonunda Ceyms O’Braynın Bakıya səfərinin Ağ evin ənənəvi siyasətindən geri çəkilməsi kimi qəbul edilə bilərmi? – sualına cavabı diqqəti cəlb edir: “Xeyr, qətiyyən elə de­yil. Biz Azərbaycanla əməkdaşlığa davam etməyəcəyimizi heç vaxt deməmişik. Bu, bir ölkə kimi, ABŞ-ın maraqlarına da zidd olardı. Hesab edirik ki, əgər biz Azərbay­canla bütün diplomatik münasibətlərimi­zi kəsmiş olsaydıq, bu, regionda sülh və təhlükəsizlik maraqlarımıza da uyğun gəlməzdi”. 

Həm Bakı, həm də İrəvanla birbaşa qarşılıqlı əlaqələrin davam etdiyini söy­ləyən Miller Ağ evi nəyin narahat etdiyini aydınlaşdırmağa çalışdığını deyir: “Misal üçün, biz onları insan hüquqlarına və di­gər əsas azadlıqlara hörmət etməyə çağırı­rıq. Həmçinin Ermənistanla möhkəm sül­hə nail olmağa çağırmaqdan ötrü Bakı ilə təmaslarımızı davam etdiririk. Bu məsələ, əvvəlkitək, bizim Azərbaycanla diploma­tik əlaqələrimizin mərkəzində olacaq”. 

Keçən yazımızda qeyd etmişdik: Ağ ev özündən zəiflərə yuxarıdan-aşağı bax­mağa, onlarla amiranə tonda danışmağa adətkardır. Amma bu diplomatik ritorika­nın Azərbaycana münasibətdə keçərli ol­madığını Bakı üç həftə bundan əvvəl mə­lum telefon danışığında göstərdi və sübuta yetirdi. Olmaya Vaşinqton eyni “valı” ye­nidən patefona qoyur? Daha o mahnılar köhnəlib, dinləyicilər də onlardan bezib.

Okeanın o tayında Azərbaycana qar­şı “diplomatik demarş”a qoşulanlardan biri də senator Ben Kardindir. O, “Dağ­lıq Qarabağda (?) ernik təmizləməyə görə Bakını məsuliyyətə cəlb etmək” çağırışı ilə ABŞ Dövlət katibi Antoni Blinkenə məktub göndərib. Bu barədə Senatın beynəlxalq münasibətlər üzrə komitəsi məlumat yayıb. Məktubunda “Hərçənd Azərbaycan 2023-cü il sentyabrın 20-dən sonra atəşkəs rejiminin şərtlərinə riayət edir, mən onun əlavə diplomatik fayda qazanmaq üçün, xüsusilə, Zəngəzur dəh­lizinə münasibətdə hərbi əməliyyata əl ata biləcəyindən çox narahatam”–yazan Kar­din Blinkendən “hərbi cinayətlərə görə” azərbaycanlı məmurların məsuliyyətə cəlb olunması çərçivəsində Vaşinqtonun atacağı addımlar, eləcə də Dağlıq Qara­bağdan (?) məcburi (?) köçənlərə yardım barədə məlumat verməsini tələb edir. Ermənipərəst senator məktubunda hay­ların dezinformasiyalarına, yalan və böhtanla dolu hesabatlarına söykənərək, Qarabağdan köçən dinc ermənilərə qarşı vəhşiliklərin (?) edildiyindən yazır. Üstə­lik, o, 2022-ci ilin dekabrından ermənilə­rin “qəddar blokadada” saxlanılmasını da Dövlət katibinin diqqətinə çatdırır. Birləş­miş Ştatların bu sahədə öz öhdəliklərini yerinə yetirməyə davam etməsinin vacib­liyini vurğulayan Kardin bir daha günah­karları məsuliyyətə cəlb etməyə çağırır: “Biz cəzasız qalacaqlarını düşünənlərə dəqiq siqnal göndərməliyik”. 

Siqnal və mesajlarınızı doğru ünvana yönəldin, cənablar! Azərbaycanı kardinlə­rin hədə-qorxusu qarşısında geri çəkilən, milli və dövlətçilik maraqlarını hansısa supergücün bölgədəki maralarına qurban verməyə hazır Hayastanla səhv salmayın. 

“Menendesqeyt”in ardı olacaq

Əslində, Frenk Pallone, Robert Me­nendes, Ben Kardin, Adam Şiff, Ceki Sper, Qus Bilirakis kimi ermənipərəst konqresmenlər dövlət maraqlarını həmin ANCA-nın çirkli pullarına dəyişən əqi­dəsiz çinovniklərdir. Onların ABŞ Konq­resində Azərbaycan və Türkiyə əleyhinə apardıqları hay fəaliyyətləri hamıya mə­lumdur. Məhz bu konqresmenlər işğal dövründə Xankəndidəki separatçı-xun­ta rejimin başçısına “təbrik məktubu” göndərmişdilər. Sonra həmin məktubun ANCA (Amerika Erməni Milli Konqresi) tərəfindən hazırlandığı üzə çıxdı. 

ABŞ-ın Nyu-Cersi ştatından senator, ermənilərə lobbiçiliyi ilə tanınan Robert Menendes barəsində təhqiqat davam et­dirilir. Birləşmiş Ştatların “northjersey.com” saytında haylara “xaç atalığı” missi­yasını yerinə yetirən rüşvətxor senatorun cinayətkar fəaliyyətinin araşdırmasına həsr olunmuş məqalə dərc olunub.

Frenk Palloneyə gəldikdə isə o, hələ 1995-ci ildə Konqresdə erməni qrupunu yaradan iki nəfərdən biri olub. Onun ermə­ni lobbisi ilə “qarşılıqlı faydalı əməkdaş­lığının” tarixi 1990-cı illərin əvvəllərinə gedib çıxır. F.Pallone 1992-ci ildə ABŞ-ınAzərbaycana yardımını qadağan edən “Azadlığa dəstək Aktı”na 907-ci düzəli­şi dəstəkləyən və lehinə səs verənlərdən olub. Eləcə də, onun və separatçıbaşıya “təbrik məktubu” göndərən konqresmen­lərin qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihələrinin hazırlanmasında və qəbulunda “ödənişli xidmətləri” var.

Jurnalist Poll Miller mənimsəmə və vəsaitdən sui-istifadə ittihamları ilə həbs edilən “Hayastan” Erməni Fondunun di­rektoru Ara Vardanyanın cinayət işi ilə bağlı araşdırma aparmış və bu barədə maraqlı məqalə dərc erdirmişdi. Frenk Pallonenin də iştirak etdiyi xeyriyyə ma­rafonlarında fond 2008-ci ildə 35 milyon, 2016-cı ildə 15,4 milyon, 2017-ci ildə 12,5 milyon, 2018-ci ildə isə 11,1 milyon ABŞ dolları həcmində vəsait toplamış, amma sonra bu vəsaitin “təyinatı üzrə” xərclənmədiyi üzə çıxmışdı. Nəticədə Vardanyan həbs olundu, Frenk isə gəlirli ermənipərəst “fəaliyətini” daha da geniş­ləndirdi. 

Qarabağdakı separatçı rejim də xaric­dəki erməni diasporu və lobbisinin, fond­ların yaratdıqları çirkli pulların yuyulması mexanizminin, korrupsiya zəncirinin bir halqası olub. Bu gün erməni diasporunun və himayəçilərinin girovuna çevrilmiş rüşvətxor konqresmenlərin “kriminal da­irə”sinin ifşa olunmasını, belə destruktiv qüvvələrin siyasi səhnədən çıxarılmasını Azərbaycandan çox ABŞ-nin dövlət ma­raqları tələb edir.

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri 

Konqresdəki məlum mü­zakirələrdən sonra ABŞ–Azər­baycan münasibətləri bərpa olunma prosesindədir. Qarşı­da iki ölkə arasında hansısa böyük layihələrdən danışmaq olmaz, amma təbii ki, ABŞ Azərbaycan üçün olduqca va­cib tərəfdaşdır. Eyni zamanda, Ağ ev də ölkəmizin geosiyasi və iqtisadi potensialını yax­şı anlayır. Buna görə də baş diplomat Antoni Blinken bu addımları atır. Aydın məsələdir ki, Vaşinqton Cənubi Qafqazda bəzi hədəflərinə çatmaq istə­yir. İlk növbədə Ermənistan və Azərbaycan arasında sülh məsələsi gəlir. Bu, ondan ötrü həm də strateji hədəfdir. Çünki bu zaman Rusiyanın bölgədə rolu zəifləmiş olur. Axı Moskva məhz münaqişə vasitəsilə regi­onu idarə edirdi. Həmin alətin onun əlindən çıxmasını ABŞ hakimiyyəti alqışlayır. Amma o da aydındır ki, Vaşinqton Er­mənistanın Rusiyadan uzaq­laşmasına nail olmaqla, özü güclənməyə çalışır. Ola bilsin ki, Ağ ev bu məsələdə səhvə yol verir. Halbuki Ermənista­nın KTMT-dən çıxma ehtimalı nəzərdən qaçırılmamalıdır. 

ABŞ üçün digər vacib məsələ bölgədə İranın mövqe­yi və nüfuzudur. Bayden Admi­nistrasiyasının məqsədi İranla müəyyən dil tapmaqdır. Bu səy­lərin nə dərəcədə uğurlu olaca­ğını yaxın gələcək göstərəcək. Hazırda Yaxın Şərqdə cərəyan edən hadisələr onu göstərir ki, Vaşinqtonun burada çoxlu müttəfiqləri yoxdur. Olanlarla da münasibətləri korlamaqla məşğuldur. Təəssüflər olsun ki, həm ABŞ Konqresində, həm də Dövlət Departamentin­də ermənipərəst, Azərbayca­na yanakı baxan qüvvələr var. Hər halda, Ceyms O’Braynın Bakıya səfərini Azərbaycanın müəyyən şərtlərinin Ağ ev tərəfindən qəbulu kimi də qiy­mətləndirmək olar. 

İmran BƏDİRXANLI
XQ











Siyasət