Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Əvvəllər deyirdilər ki, “böyük döv­lətlərin” iqtisadi maraqlarının və siya­si qütbləşmələrin nəticəsi olaraq, dünya haqsızlıqlar içərisində çalxalanır. İndi isə artıq dünya məhz həmin səbəblər üzündən al-qan içindədir. Hamının üzərində hege­monluq etmək istəyən, anamız Yer kürəsi­nin bütün təbii sərvətlərinə göz dikən, öz maraqları naminə yüz minlərlə, milyon­larla insanın qətlinə fərman verməkdən çəkinməyən şər qüvvələr bəşər övladını al qana qərq ediblər. Televiziya xəbərlərinə baxmaq, elektron kütləvi informasiya va­sitələrində yayılan məlumatlara nəzər sal­maq mümkün deyil. 

Hara baxırsan münaqişə, müharibə, terror, təxribat, separatçılıq, işğalçılıq, ərazi iddiala­rı, silahlı qarşıdurmalar, ədavət, qisas... hansı­sa regionun altına barıt çəlləyi yerləşdirilməsi, sona çatmaqda olan münaqişələrin yenidən körüklənməsi... Sadəcə olaraq, dəhşətdir! XXI əsrin üçüncü onilliyində İblisin bu qədər fəal­laşmasını kim gözləyərdi ki? Kim güman edə bilərdi ki, orta əsrlərdən qalma səlib (xaç) yü­rüşləri bu əsrdə də bərpa ediləcək? Kim inana bilərdi ki, qardaş qardaşın torpağına da, dövlə­tinə də, mədəniyyətinə də, övladına da qənim kəsiləcək? Kim proqnoz verə bilərdi ki, hər üç səmavi dinin nazil olduğu Yaxın Şərqin hər qarış torpağı uşaq, qadın, qoca, əlil insanların qanı ilə yenidən suvarılacaq? Çox təəssüf ki, heç kəsin inana bilməyəcəyi, güman etməyə­cəyi, proqnozlaşdırmadığı həmin məsələlər günümüzün reallığıdır. 

Bir tərəfdən də zəlzələlər, sunamilər, vul­kan püskürmələri, qlobal istiləşmənin əsas fəsadlarından olan yanğınlar, epidemiyalar dünyanın başına od ələyir. Sən paralellərə bax. Kütləvi informasiya vasitələri xəbər ve­rirlər ki, İsraillə HƏMAS atəşkəs razılaşması başa çatmamış bir-birinin başına od yağdırdı­lar. Bu sətirlərin mürəkkəbi qurumamış Asiya­nın cənubundan xəbər gəldi ki, İndoneziyanın Sumatra adasının qərbində Merapi vulkanının püskürməsi nəticəsində ilkin məlumata görə, 11 alpinist həlak olub, çoxlu itkin düşən var. 

Yaxud televiziya aparıcısı “Rusiya Ukray­naya növbəti dəfə ən müasir raketlərlə hücum etdi” anonsunun ardınca “İstanbulda güclü zəlzələ oldu” xəbərini söylədi. Bundan başqa, “Şimali Koreya rəqiblərini nüvə hücumları ilə hədələdi” xəbər başlığını “Yaxın Şərqdə aclıq və epidemiyalar bombardmanlardan çox insan ölümünə səbəb olacaq” xəbərdarlığı əvəz etdi. Eləcə də, “Co Bayden Çin rəhbərini “dikta­tor” adlandırdı” manşetini “Makron Cənubi Qafqazda yenidən qan tökülməsinə çalışır?” – sualı əvəz etdi.

Bütün bunlar günümüzün acı reallıqları­dır. Ancaq dünyanın xəbər arealları təkcə acı reallıqların ümidinə qalmayıb. Məmnunluq və əminlik yaradan reallıqlar da var. O real­lıqları Azərbaycan dövləti, Türkiyə Cümhu­riyyəti, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər mütərəqqi qüvvələr birlikdə yaradırlar. “Dünya beşdən böyük­dür” – deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, “BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlar aparılmalıdır” – qə­tiyyətini dönə-dönə , israrla təkrarlayan Azər­baycan Prezidenti İlham Əliyev də, işğalçı və müstəmləkəçi Makron dövlətini Afikadan qovmaqda olan qara qitə siyasətçiləri də, ABŞ və Avropadakı şər qüvvələrə qarşı birlikdə mübarizə aparan Qoşulmama Hərəkatı üzvlə­ri də dünyaya sülh gətirmək arzusunda olanla­rın önündə gedirlər.

Mən “mayası nur, qayəsi nur” olan, re­gionda və dünyada sülhün bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə edən Azər­baycanın sadə bir vətəndaşı, türk qanlı qələm sahibi kimi xalqımla da, dövlətimlə də, Türk dünyası ilə də fəxr edirəm. Əminəm ki, dün­yanın sabitliyini və sülhü qorumaq yolunu tutanlar qalib gələcəklər. Biz ölkələrimizi də, dünyamızı da şər qüvvələrdən qoruyacaq, bəşər övladının sülh, rifah və tərəqqi içərisin­də yaşamasına öz töhfələrimizi verəcəyik. Elə bu sətirlərin sərlövhəsinə çıxardığımız “Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?” – ritorik sualının müəllifinin də məhz bizim soydaşımız, Azərbaycan şairi Novruz Gəncə­linin olması da türk fərdinin mənəvi keyfiy­yətlərindən xəbər verir.

Siyasət