Çinin “Bir kəmər, bir yol” layihəsi Azərbaycanın maraqlarına tam uyğundur. “Bir kəmər, bir yol” nə deməkdir? Bu, hər şeydən əvvəl birgə istehsal, müvafiq məhsulun birgə işlənib hazırlanması və birlikdə istifadəsidir. Layihə həmin yolun ətrafında yerləşən bütün ölkələrin inteqrasiyasını nəzərdə tutur.
Bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov “Silunews” qırğız internet nəşrinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, hələ 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi Böyük İpək Yolunun bərpası təşəbbüsü ilə çıxış edib. Səfir əlavə edib: “Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda 42 ölkənin nümayəndələrinin, o cümlədən səkkiz dövlət başçısının iştirakı ilə Böyük İpək Yolunun bərpası və inkişafı üzrə beynəlxalq forum keçirilib. Beləliklə, biz Şərq və Qərbi birləşdirməyə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən başladıq”.
Səfir Azərbaycanın bu layihəyə dəstək verməsinin səbəbini də izah edib: “Bu yolun bir hissəsi bizim ölkəmizdən keçir. Hətta bir hissəsinin deyil, tamamının da keçdiyini söyləmək olar. Ola bilər ki, gələcəkdə Azərbaycanın bir neçə ildir haqqında danışdığı Zəngəzur dəhlizindən keçən ikinci istiqaməti də həyata keçirmək imkanı yaransın”.
Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycanı birləşdirən Orta dəhlizin qurudan keçməsini və onların arasında məsafənin xeyli azalmasını təmin edəcək. Beləliklə, Azərbaycan Avropa, Afrika və Yaxın Şərq istiqamətlərində daha bir yola malik olacaq”.