Erməni xülyasının sonu

post-img

Sabir RÜSTƏMXANLI,
Xalq şairi

Azərbaycanlı və ya türk idmançılarının iştirakı ilə keçirilən futbol, güləş, boks və s. id­man yarışlarını həyəcanla, az qala, nəfəsimiz kəsilə-kəsilə izləyirik. Hansı sahə olur­sa-olsun, qarşılaşmalar həmişə millətin intellekt səviyyəsini, fiziki gücünü və iradəsini nümayiş etdirir. Lokal qarşıdurmaları millətin taleyində böyük rol oynayan müharibələr­lə müqayisə etmək mümkün deyil. Lakin əgər bir idman yarışı xalqın, demək olar ki, bütün təbəqələrinin təəssübkeşlik duyğusunu oyadırsa, qlobal qarşıdurmalarda, müha­ribələrdə zəfərin və məğlubiyyətin hansı təsiri buraxdığını təsəvvür etmək çətin deyil.

Azərbaycan otuz beş il böyük güclərin dəstəklədikləri bir irtica – insan qatili olmasın­dan zövq alan qəddar erməni faşizmi ilə üz-üzə qaldı. Təkbaşına. Səsini eşitmədilər və eşitmək istəmədilər. Onun yaşadığı faciələri, torpağında düşmənlərin törətdiyi vəhşilikləri, məruz qaldığı etnik təmizləməni görmədilər və ya görmək istəmədilər. Hətta dünyanın ən nüfuzlu uluslararası təşkilatı olan BMT-nin erməni işğalına son qoyulmasını tələb edən dörd qətnaməsi də təsirsiz qaldı. ATƏT-in Minsk qrupu – həm də dolayı yolla ABŞ, Fransa və Rusiya Ermənistanın işğalçılıq siyasətinə münasibətlərini nümayiş etdirir, buna uyğun fəaliyyət göstərirdi. Azərbayca­nın iyirmi faiz torpağının zəbt edilməsi və da­ğıdılması, Ermənistandan və Qarabağ bölgə­mizdən – öz torpaqlarından didərgin düşmüş 1 milyon insanın taleyi onların yatmış və ya heç olmayan vicdanlarını tərpətmirdi. Onlar yalnız Qarabağda yaşayan bir ovuc erməni­nin qayğısını çəkirdilər. 

Minsk Qrupu münaqişəni həll edə, işğa­la son qoya bilən bir qurumdan daha çox bir turist təşkilatına bənzəyirdi. Qarabağdan çox uzaqda olan çeşidli bölgələrdə tez-tez görü­şür, ayda-ildə bir dəfə Ermənistan üzərindən Azərbaycan torpaqlarına girib, təmas xətlə­rinə baş çəkib geri dönürdülər. Bu mənasız səfərlər zamanı ermənilərin Azərbaycanın az qala ortasına qədər irəlilədiyini, dağıdılımış kəndlərimizi, viran qoyulmuş şəhərlərimizi, başlı-başına buraxılmış əkin-biçin yerlərimi­zi görsələr də beynəlxalq kürsülərdən bircə dəfə də olsun Ermənistanı qınamadılar, “da­yandırın bu insan və mədəniyyət düşmənçi­liyini!” demədilər. Sanki niyyətləri Azərbay­cana münaqişənin danışıqlar yolu ilə həll ediləcəyi vədləri verməklə, ermənilərə işğal edilmiş ərazilərdə möhkəmlənməsi üçün vaxt qazandırmaq idi. Onların kor gözləri Azər­baycanın bütün bölgələrində qurulmuş çadır şəhərciklərini, orada qaçqın və köçkünlərin hansı şəraitdə yaşadıqlarını görmürdü. 

Onlar bu gedişatı uzatmaqla Ermənistan­dan və Qarabağdan çıxarılmış azərbaycan­lıların yaşlı nəslinin qırılıb qurtarması və öz ata-baba torpaqlarını xatırlamayan, tanıma­yan yeni bir nəslin gələcəyi ilə Azərbayca­nın öz torpaqlarına qayıtmaq imkanlarından məhrum olacağını gözləyirdilər. Bunu arzu edirdilər. Arzuları gözlərində qaldı! Aradan on illər keçdi. Bu illər ərzində Azərbaycan dövləti bir milyon qaçqın və köçkünün öz torpağına dönəcəyi ümidi söndürmədən onların normal yaşayışı qayğısına qaldı. Onlar üçün qəsə­bələr salındı, məktəblər, xəstəxanalar tikildi. Lakin bu uzun illər ərzində nə qaçqınlar, nə də bütünlüklə Azərbaycan əhalisi ümidini itirmədi. Biz torpaqlarımıza qayıdacağımızı bilirdik. 

1994-cü ildə atəşkəs anlaşmasından son­ra Azərbaycan illər uzunu ordu quruculuğu ilə məşğul oldu. Mübariz İbrahimov, Polad Həşi­mov kimi igidlər, 2016-cı ilin aprel döyüşləri ordumuzun artan texniki və mənəvi-psixoloji gücünü bütün dünyaya nümayiş etdirdi. La­kin həlledici döyüş 2020-ci ildə Azərbaycanın əsəblərini tarıma çəkən sonuncu təxribatlar­dan sonra başlandı. 44 günlük savaş ermə­ni ordusu, Ermənistanın döyüş qabiliyyəti haqqında yayılan mifi külə çevirdi. “Qarabağ Ermənistandır!”, “Yeni torpaqlar üçün yeni sa­vaş!”, “Bakıya kimi gedəcəyik!” cəfəngiyyat­larinı deyənlər dünyanın gözündə rəzil günə düşdüiər . 

İkinci Qarabağ savaşının hər günü bir qəhrəmanlıq dastanı idi. Savaşın başlan­masından az sonra cəbhə xəbərləri, twitter məlumatları hər gün bütün Azərbaycan evlə­rinə bahar havası kimi dolur, sevinc gətirirdi. Bəlkə də tariximizdə heç vaxt millət, Azər­baycanın Ali Baş Komandanının televiziya ilə verdiyi qələbə xəbərlərini dinlədiyi vaxtlardakı qədər bütöv və həmrəy olmayıb. Twitter xə­bərləri öz gur səsi, sehirli barmaqları ilə hər gün yüzminlərlə qapını döyürdü. 

Bu qələbə yürüşünün ən parlaq nəticəsi Şuşanın fəthi oldu. Bundan sonra Xankən­dinin və Qarabağın digər torpaqlarının azad ediləcəyi heç kimdə şübhə doğurmurdu.

2023-cü ilin sentyabr ayında 23 saat 51 dəqiqəlik antiterror tədbirləri isə Şuşanın fət­hi ilə bir sırada dayana biləcək və dünya hərb tarixinə qızıl hərflərlə yazılmağa layiq olan bir hadisə, qələbəyə yekun vuran əsl nida işarəsi oldu. Qarabağ bizimdir! 

Torpaqlarımızın düşmən işğalından azad edilməsi barədə çox yazılıb. Mən də “Qara­bağa dönüş” poemasında ürəyimi boşalt­mışdım. Ancaq bu savaşın baş qəhrəmanı Ali Baş Komandan, müzəffər ordumuz, ay­rı-ayrı Azərbaycan əsgərinin göstərdiyi igidlik haqqında hələ uzun illər danışılacaq və ciddi əsərlər yazılacaq. Qarabağ zəfəri tək Quzey­də yox, həm də Güneydə millətimizin qəddini düzəltdi. Məğlubiyyət xəcalətindən qutardıq. Bundan sonra erməni mətbuatı öz ənənələ­rinə uyğun olaraq hansı yalanları uydurur, uy­dursun. Azərbaycanın atdığı bütün addımlar, beynəlxalq hüquq normaları çərçivəsindədir. 200 il bundan öncə Azərbaycan türklərinin torpaqlarında qurulmuş erməni dövləti möv­cudluğuna görə bizə borclu ola-ola, bizdən əlavə torpaq ala bilməz. Zəfər bayramımız mübarək olsun!

Siyasət