Paşinyanın Avropa Parlamenti tribunası – alqışdan illüziyaya

post-img

Nikolun anti-Azərbaycan çıxışı və Avropaya yanaşmasında riyakarlıq 

Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra salonu sürəkli alqışlar bürüdü. Əvvəlcə sırf alqış məsələsinə Ermənistan daxilindəki reaksiyalardan biri maraqlı və məxsusidir. Politoloq Alen Gevondyan özünün sosial şəbəkə hesabında yazıb ki, avropalılar Nikolu alqışlayanda çox səmimi idilər. Çünki öz ölkələrini qitənin və ABŞ-ın maraqları naminə qurban verən şəxsə başqa cür münasibət göstərə bilməzdilər. 

Bəli, Paşinyan Avropa Parlamentindəki çıxışında bir çox şeyləri qurban verdi. Ümumən, erməni baş nazirin nitqindəki iki əsas istiqamətdən söz açacağıq. Həmin istiqamətlərdən birincisi demokratiya, ikincisi, ən başlıcası isə Azərbaycandır. Onu da deyək ki, hər iki istiqamət bir-birilə kifayət qədər bağlı idi. Hər halda, Paşinyanın çıxış üçün yetərincə zəhmət çəkdiyi görünürdü. Əlbəttə, buna zəhmət demək mümkündürsə.

* * *

Demokratiyadan başlayaq. Nikol bütün beynəlxalq tribunalarda “Ermənistan demokratiyası”nı gözə soxmaqla məşğuldur. Yenə də eyni ampluasında idi. Bu yolla, o, ölkəsini Cənubi Qafqazda “demokratiya qalası” kimi qələmə verir. İstəyir ki, üstün obraz formalaşdırsın. İndi də 2020-ci ildən sonra demokratiyanın ölkəsində təhlükəli anlar yaşadığını deyir. Ancaq fərqinə varmır ki, hazırkı durum haqqında söz açdığımız “üstün obraza” arxalanmasından qaynaqlanıb. Söhbət kortəbii arxalanmaqdan gedir. 2019-cu ildəki kimi. Nikol “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib Azərbaycanla danışıqların məzmununu heçə sayanda əmin idi ki, dünyada kimlərsə ona kömək əlini uzadacaq. Ancaq, bu, baş vermədi. “Demokratiyanın qladiatoru” 44 günlük müharibədə, bir növ, yoluq toyuğa çevrildi. Halbuki, hadisələr belə bir məcraya çatmaya bilərdi. Axı, Nikol əvvəlkilərdən fərqli olaraq, hakimiyyətə Qarabağ kartı üzərində gəlməmişdi. Ancaq, o, məhz həmin kartla
hərəkət etmək qərarına gəldi. Unutdu ki, demokratiya həm də başqa ölkənin torpaqlarının işğalından uzaq durmaqdır. Deməli, Nikol demokratiyaya zor tətbiq etmiş oldu və davranışının cəzasını çəkməkdədir. Ən qəribəsi isə budur ki, o, vəziyyətdən düzgün nəticə çıxarmır.

Ümumən, Paşinyanın AP-də demokratiya ilə bağlı söylədikləri ucuz populizmdən o yana keçmir. O, ölkəsində söz, sərbəst toplaşmaq kimi fundamental azadlıqlara hörmətlə yanaşıldığından dəm vurur. Hərçənd, durum heç də təsvir etdiyi kimi deyil. Ermənistanda polis zorakılığı və təqiblər tam adiləşmiş xarakterə malikdir və beynəlxalq ictimaiyyət məsələyə nəinki reaksiya vermir, heç tükünü də tərpətmir. Heç şübhəsiz, Azərbaycanda İrəvan küçələrində baş verən zorakılıqların bir faizinə oxşar nə isə yaşansaydı, Nikolun boğazdan yuxarı zoğallamalarını alqışlarla dinləyənlər bəyanatı bəyanat dalınca sıralamışdılar. İndi onlar əl çalırlar.

Hazırda Nikolun idarəçiliyi proletariatın lideri Leninin bolşevizm yanaşmasından o yana keçmir. Sadəcə olaraq, görünür, zaman dəyişib. Ola bilər, Lenini qəbul etməyən avropalılar Nikolu saqqalına görə Karl Marksa oxşadırlar. Özləri bilər və özləri bildikləri üçün Paşinyan rahatca çıxıb demokratiya ilə manipulyasiya edir və onun bu “tərzi” alqışlarla qarşılanır. Hər halda, ortada böyük riyakarlıq var. Riyakarlıq isə öz növbəsində, ikili standartları doğurur. Daha doğrusu, riyakarlıq Qərbin ikili standartlar siyasətinin tərkib hissəsidir.

 Manipulyasiydan söz düşmüşkən, Paşinyanın demokratiya musiqisinin populizm janrına köklənmiş zəngulələrindən, habelə ölkəsinə qarşı təhlükələrdən söz açarkən, söhbəti Azərbaycan üzərinə gətirməsi son dərəcə iyrənc təsir bağışlayır. Təsəvvür edin ki, o, 2021-ci ildə Ermənistandakı bəzi qüvvələrin onun hakimiyyətini devirmək niyyətlərindən danışır, bildirir ki, belələrini sıradan çıxarmaq üçün növbədənkənar parlament seçkisinə getdi, özü və komandası istefa verdi və guya, tam bu anda Azərbaycan suveren Ermənistanın torpaqlarına hücum çəkdi: “Parlamentin de-yure buraxılmasının qüvvəyə minməsindən iki gün sonra, 2021-ci il mayın 12-də Azərbaycan qoşunları Ermənistanla sərhədi pozaraq, sərhəd xəttinin 100 kilometrlik hissəsinə 4 kilometr dərinlikdə Ermənistanın suveren ərazisinə daxil oldular”. 

Əlbəttə, Paşinyan gözünün içinə qədər yalan deyir. Suveren Ermənistanın ərazisinə heç bir qəsb olmayıb. Həm də ona görə ki, ərazinin haradan başlayıb, harada bitdiyi məlum deyil. Bunu reallaşdırmağa imkan verməyən isə İrəvanın özü olub. Əvvəlki məsələləri bir kənara qoyaq, Ermənistan 1991-ci ildən, yəni SSRİ-nin süqutundan sonra Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. Nəticədə torpaqlarımız işğala məruz qalıb. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deyimini nəzərə alsaq, həm Qarabağ, həm də digər işğal olunmuş ərazilər Ermənistan idisə, o zaman onun indi suveren Ermənistan ərazisindən dəm vurmasında heç bir məntiq yoxdur. Sual olunur: Nə üçün, məsələn, Gürcüstanla Azərbaycan arasında problem yoxdur" Ona görə ki, hər iki ölkə 1991-ci ildən sonra normal şəkildə danışıqlar masası arxasına əyləşdi, sərhəd xəttini müəyyənləşdirdi. Nikol isə normal yanaşmadan uzaqdır...

 * * * 

Bəli, Paşinyan 2021-ci ildə seçkiyə ona görə getdi ki, qalib gələcəyinə əminliyi vardı. Yəni, o, çox yaxşı bilirdi ki, xalq ona qarşı çıxan qüvvələrə nifrət bəsləyir. Axı, sıravi ermənilər həmin qüvvələrin illərlə törətdikləri özbaşınalıqlardan xəbərdar idilər. Onlar başqa seçimə malik deyildilər. Müharibə cəlladları ilə müharibə rüsvayçıları arasında ikincilərə üstünlük verdilər. Ola bilər, düşündülər ki, Nikol və komandası daha anti-Azərbaycan ritorikasına üstünlük verməyəcək. Lakin bunun əksi yaşandı. Ermənistan iqtidarı Azərbaycana münasibətdə bəyənmədiyi müxalifətin yolu ilə getmək qərarına gəldi. Deməli, Nikolun pafosundakı “xalq demokratiyanı qorudu” məntiqi sabun köpüyündən başqa bir şey deyil. Xalq yalnız öz başını qorumaq fikrində idi. dünki müharibədəki biabırçılığı və fəlakəti görmüşdü.

Nikol bildirir ki, 2021-ci ildə Azərbaycanın eskalasiyası baş verəndə Ermənistanın təhlükəsizlik sistemi sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ölkə qarşısında təhlükəsizlik sahəsində ikitərəÀi öhdəlikləri olan dövlətlər heç bir köməklik göstərmədilər. Göründüyü kimi, baş nazir AP tribunasından da özünün anti-Rusiya dəst-xəttinə sadiqliyini göstərir. O, həmçinin deyir ki, nəticə etibarilə Ermənistan demokratiyası güclü zərbələr aldı və almaqda davam edir. Zərbə budur ki, ölkəyə qarşı, guya, xarici təcavüz var. Bundan başqa, xarici qüvvələr Ermənistanın suverenliyinə qarşı hibrid texnologiyaları işə salıblar və daxildəki sabitliyi pozmaq niyyəti güdürlər.

Nikolun yarımçıq təfəkkür tərzinə və çiy məntiqinə görə, sən demə Azərbaycanın öz konstitusion quruluşunun bərpası üçün reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri Ermənistan demokratiyasını sarsıtmaq üçün imiş. Qarabağdan erməni köçü də, həmçinin. Ən əsası isə müttəfiqləri Ermənistan hakimiyyətinin devrilməsi naminə ictimai çağırışlar səsləndiriblərmiş. Burada da erməni baş nazirin əsas hədəfinin Rusiya olduğu aşkardır. 

“Lakin Ermənistan Respublikasının xalqı müstəqilliyi, suverenliyi, demokratiyası naminə mitinq keçirdi və dövlətimizə qarşı daha bir sui-qəsd iÀasa uğradı. Ermənistan hökuməti və xalqı Qarabağda etnik təmizləmənin qurbanı olmuş 100 mindən çox erməninin sığınacaqlarda qəbulu və onlara sığınacaq verilməsi problemini həll etmək üçün bir araya gəldi və biz bu vəzifəni şərəÀə yerinə yetirdik”, – deyən N.Paşinyan Qarabağ ermənilərinin yüksək səviyyədə qəbulundan və bu kimi digər məsələlərdən söz açmaqla konret məqsəd güdür – Avropadan sistemli və məqsədyönlü vəsait axınına nail olmaq. Ən maraqlısı isə budur ki, o, məsələni həm də Ermənistan demokratiyasının qorunması kontekstində izah edir.

Erməni baş nazir çıxışında daha bir maraqlı məqama toxunur. Deyir ki, bəziləri Qarabağ ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiklərini başa düşmürlər və ümumiyyətlə, belə bir sualın qoyulması sinizmdir. Qeyd edək ki, Nikol bir müddət əvvəl də mövzuya azacıq fərqli formada toxunmuş və bildirmişdi ki, müəyyən xarici dairələr Ermənistanın tez bir zamanda yüz minədək köçkünü qarşılaya bilməsindən təəccüblənib və məsələnin əvvəlcədən planlaşdırıldığı şübhəsinə düşüblər. Görünür, elə həmin qüvvələr Nikola əhalinin Qarabağı tərk etməsinə ehtiyacın duyulmadığını da bildiriblər. İkinci isə o qədər əsəbləşib ki, AP-dəki çıxışında bu barədə söz açmağa qərar verib.

Paşinyan Qarabağdakı erməni köçünə görə Rusiya sülhməramlılarını ittiham etməyi də unutmayıb. Bildirib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi səbəbindən 44 günlük müharibə dövründə Qarabağdan çıxmış 20 min şəxs geri qayıda bilməyib. Hər halda, bu, təzə ittiham predmetidir. dox güman ki, Nikol öz iqtidarının aylarla apardığı təbliğatın yalan mahiyyətini malalamaq istəyir. Axı təbliğatda bildirilirdi ki, guya, Azərbaycanın Laçın yolunu bağlaması nəticəsində 120 min erməni humanitar fəlakətlə üzləşib. Bəs, necə oldu ki, Qarabağdan köçənlərin sayı 120 minə çatmadı" Paşinyan haqqında söz açdığı 20 minlik sayla öz aləmində mənzərəyə aydınlıq gətirir. Eyni zamanda xaricdən alacağı yardımı 120 min üzərində tənzimləmək fikrindədir. Qeyd edək ki, 44 günlük müharibədən sonra Rusiya sülhməramlı qüvvələrinin köməyi ilə bölgəyə 50 mindən bir az artıq erməni qayıtmışdısa və tutalım 20 min qayıda bilməmişdisə, indi də deyilirsə ki, 100 min adam evini tərk edib, deməli, yenə 120 min rəqəminin yanlışlığı meydana çıxır... 

 Əlbəttə, N.Paşinyanın böyük hədəfi Azərbaycandır. O deyir ki, Qarabağın erməni əhalisinin bölgəni tərk etməsinin səbəbi Bakının aylardır apardığı təcrid, etnik təmizləmə siyasətidir. Bütün bunlardan sonra Nikol hələ Cənubi Qafqazda sülhdən dəm vurur. Aydındır ki, onun sülh mövzusundan danışması da manipulyasiyadan başqa bir şey deyil və yazımızın bundan sonrakı bölümündə diqqəti Paşinyanın sülh imitasiyasına yönəldəcəyik. Nəzərə alaq ki, bu imitasiya onun anti-Azərbaycan ritorikasında mühüm halqanı təşkil edir. 

* * * 


N.Paşinyan Azərbaycan – Ermənistan münasibətlərinin hazırkı axarından söz açarkən ritorik suallar səsləndirir. Birincisi, sülh mümkündürmü" İkincisi, əgər mümküdürsə, necə" Diqqət yetirək, erməni baş nazir suallara birmənalı cavab vermir. Yaxşı bilir ki, təklif etdikləri sülh gündəliyi baxımından düzgün deyil. Ona görə ki, hər şeyi bir kənara qoyub birbaşa Avropa Siyasi Birliyini bu il oktyabrın 5-də Qranadada keçirilmiş Zirvə toplantısına köklənir. Həmin toplantı çərçivəsində özünün, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin imzaladığı sənədə fokuslanır. Onun fikrincə, Bakı ilə İrəvan araslnda sülh olacaqsa, durum məhz bu sənəd əsasında ərsəyə gəlməlidir.

Bəli, Nikol Paşinyan deyir ki, Qranadada faktiki olaraq 2022-ci ilin Praqa və 2023-cü ilin mayındakı Brüssel samitlərində əldə edilmiş nəticələr təsdiqlənib. Yəni, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüklərini tanıyıblar. O, məsələ barədə danışarkən, bir çox digər mətləblərə də toxunur. SSRİ-nin dağılmasından, 1991-ci ilin Alma-Ata Bəyannaməsində söz açır ki, bütün bunları əvvəllər də dəfələrlə vurğulayıb. Belədə sual yaranır: Nəyə görə Paşinyan Praqa və Brüssel sammitini yox, Qranadadakı sənədlərin prinsipial mahiyyəti üzərində dayanır" Səbəb çox sadədir. Bu haqda danışmazdan əvvəl isə bildirək ki, Qranadada imzalanmış sənədlərdə Azərbaycanın imzası yoxdur. Yəni, elə buradan da demək olar ki, Nikolun onları əsas götürməsi düzgün deyil. Erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin də hansı səbəbdən Qranadaya getmədiyini gözəl bilir. Bilir ki, dövlətimizin başçısı ermənipərəst mövqe tutan Fransaya qarşılıq Türkiyənin tərəf kimi Azərbaycanın yanında olmasını istəyirdi və buna razılıq verilmədiyindən İspaniyaya yollanmadı. Deməli, Nikol Azərbaycanın dövlət başçısının Qranadaya getməkdən imtinasını Bakının sülhdən yayınması kimi qələmə verə bilməz. Ancaq verir və bunun özü də aşkar qeyri-səmimilikdir. Digər yandan, ölkəmiz sülh gündəliyinə sadiqliyini bəyan edib. Ancaq hansı gündəliyə"?

AP-dəki çıxışında sülhün ən müxtəlif detalları ətrafında gəzişmələr edən Paşinyan Qranadada başlıca olaraq nəyin imzalandığından söz açmadı. Başqa sözlə desək, o, sülh yolçuluğu baxımından ehkamlaşdırdığı sənədin əsl mahiyyəti üzərinə gəlmədi. Ancaq bir müddət əvvəl ölkəsinin İctimai televiziyasına müsahbəsində bu barədə kifayət qədər ətraÀı danışmışdı. Məsələn, bildirmişdi ki, Qranadadakı dördtərəÀi görüşün əhəmiyyəti iki mühüm bəyanatla səciyyələndirilə bilər. Onun sözlərinə görə, ilk bəyanatı prezident Makron, Kansler Şolts, Ş.Mişel və onun özü imzalayıblar. Sənəd Aİ-nin Ermənistanla münasibətlərin dərinləşməsinə dair konsensusunu vurğulayır. Avropa Komissiyasının sədri Ursula von der Lyayen tərəfindən də imzalanmış ikinci bəyanatdan belə anlaşılır ki, Cənubi Qafqaz regionunda sülhün başlıca sütunlarına Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata sazişi əsasında sərhədlərin delimitasiyası, suverenliyə hörmətlə yanaşılmaqla, regional kommunikasiyaların açılması daxildir. Əsas məsələlərdən biri də budur ki, ikinci sənəddə Qarabağa qarşı güc tətbiqi pislənilib, region əhalisinin məcburi köçürüldüyü vurğulanıb, həmçinin humanitar vəziyyətin idarə olunmasında Aİ və ABŞ-ın Ermənistanı dəstəkləməyə hazır olduğu bildirilib. Bəyanatda, eyni zamanda, Qarabağ ermənilərinin ilkin şərt olmadan geri qayıtmaq hüququ da diqqətə çatdırılıb. Paşinyanın sözlərinə görə, sənədin məxsusiliyi onun dördtərəÀiliyidir, lakin Azərbaycanın imzasının olmaması ilin sonuna qədər sülh sazişinin imzalanması ehtimalı ilə bağlı suallar yaradır. Baş nazir bildirib ki, Bakı bu bəyanatı imzalasaydı, sülh sazişi ehtimalı 70 faizdən çox olardı. 

Ermənistanın baş nazirinin müsahibəsində bildirdiklərindən belə qənaətə gəlmək mümkün idi ki, Qranadada Azərbaycana qarşı tam bir oyun qurulmuşdu. Hər halda, bölgənin erməni əhalisinin məcburən köçürüldüyünün vurğulanmasını, üstəlik, məsələnin imza ilə təsdiqlənməsini başqa cür qiymətləndirmək mümkünsüzdür. Belə çıxır ki, ölkəmizin Qarabağ erməniləri ilə bağlı konstitusyon əsasda verdiyi təminatlar nəzərə alınmır.

Bəli, Qranadada imzalanmış sənəd ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhələndirir. Birincisi, Bakı Qarabağ ermənilərinə zor tətbiq etməyib. İkincisi, bu əhali kateqoriyasının ərazidən çıxmasını istəməyib, əksinə qalmasında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Belə bir məqamda erməni köçkünlərin geri qayıtmaq hüququnun hansısa sənəddə yer alması məcburi köçürülmə halının mövcudluğunun təsdiqlənməsi kimi interpretasiya oluna bilər ki, Azərbaycanın məsələnin qoyuluşu ilə əsla razılaşmayacağı şübhəsizdir. Deməli, bu qənaətə gəlmək olar ki, erməni sakinlərin tez bir zamanda Qarabağdan çıxarılmaları məqsədli imiş və bölgə üzrə avantürist planların gündəmdə saxlanılmasına xidmət edirmiş.

Qarabağ ermənilərinin əraziyə qayıtmaq hüquqlarına gəldikdə, son günlər BMT sülhməramlıları məsələsi üzərində dayanılır. Ş.Mişel də bildirib ki, əgər Azərbaycan məcburi köçürülmənin olmadığını sübuta yetirmək istəyirsə, qurumun sülhməramlı missiyasının əraziyə gəlməsinə razılıq verməlidir. Yəni, yalnız bu şərtlə Qarabağ erməniləri geri qayıda, onların hüquqları təmin oluna bilər. Ortaya qəribə məntiq çıxır. Deməli, Qarabağın erməni sakinlərinin geri qayıtmaq hüququ var və bu hüququn reallaşmasına təminatçı BMT sülhməramlılarıdır. O zaman sual olunur: Bəs, Azərbaycanın suverenliyi" Bəli, Nikol və avropalılar ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də, bu tanınmanı şübhələndirəcək məqamları də dövriyyəyə buraxırlar. 

Deməli, Paşinyan AP-dəki çıxışında buna görə Qranada Sammitinin nəticələrini prinspial olaraq qəbul etdiyini bildirir. Yeri gəlmişkən, o, Ermənistanın İctimai televiziyasına müsahibəsində onu da bildirmişdi ki, Qranada razılaşmasının hansısa formada korrektə olunmasına razı deyil. Belə nəticəyə gəlmək mümkündür ki, Ermənistan yenə məkrindən qalmır və Azərbaycanla münasibətlər baxımından konstruktiv mövqe tutmur. Bu isə qarşıda ehtimal edilən Brüssel görüşünün sülh yolundakı gözləntisini heçə endirir.


* * * 


Sonda bir daha Paşinyanın AP-də alqışlanması məsələsinin üzərinə gələk. Əslində, bu alqışların mahiyyətindəki bir çürüklüyü əvvəldə vurğuladıq. İkinci çürüklük isə qurumun timsalında ümumən Avropanın və Qərbin ikiüzlülüyüdür. Əgər bu ikiüzlülük olmasaydı, hazırda Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə nəzərəçarpacaq irəliləyiş qeydə alınardı. Avropa elə davranır ki, sanki Ermənistan onun balasıdır. Bu yerdə yada meymunun çox istədiyindən öz balasını yeməsi məsəli düşür. Deyə bilmərik, əvvəldə fikirlərini diqqətə çatdırdığımız erməni politoloq Alen Gevondyan haqqında söz açdığımız məsəldən xəbərdardır, ya yox. Ancaq ortada olan mənzərə Avropanın alqışlarla Paşinyanı qurban, daha dəqiq ifadə etsək, yemlik heyvan kimi bəslədiyinin nəticəsidir. İndiki durumda Nikolun “yemi” illüziyadır. AP-dəki çıxışından sonra qazandığı alqışlar ona ən azı növbəti Brüssel raundunadək illüziya verdi. Əlbəttə, illüziyanın sözügedən raundun gerçəkləşməsinə mane olması da mümkündür. 


Ə.CAHANGİROĞLU, XQ

Siyasət