Azərbaycanın ali təhsil sistemi: dünya elminə inteqrasiya və innovasiyalar

post-img

Bakı Dövlət Universitetində  Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının rəhbərlərinin  görüşü keçirilib.  

          Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev  qloballaşan dünyada ali təhsil sistemində innovasiyaların tətbiqi ilə bağlı yeni yanaşmalardan danışıb və qeyd edib ki,  hər bir ölkənin ictimai, siyasi, iqtisadi, hərbi təhlükəsizliyi üçün milli kadrlara böyük ehtiyac var. Bu baxımdan keçirilən tədbir ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün mühüm əhəmiyyət daşıyır.  

            Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova da tədbirin önəminə diqqət çəkərək, ali təhsilin elmsiz mümkün olmadığını vurğulayıb. O, rəhbərlik etdiyi qurumun ölkədə elm və təhsilin daha da inkişaf etdirilməsi, elmin maliyyələşməsinin mexanizmləri üzərində çalışdığını diqqətə çatdırıb.  

            Tədbirdə Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmədov "XXI əsrdə Azərbaycanın ali təhsil sistemi və innovasiyalar" mövzusunda məruzə ilə çıxış edib.  Azərbaycanda ali təhsilin bu günü və gələcəyindən bəhs edən natiq bildirib ki, dünyada təhsil həm fərdləri, həm də cəmiyyəti yenidən formalaşdırmaq üçün ən güçlü vasitədir.Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, təhsil vacibdir, çünki yenilikləri öyrənməyimizə, dünyanı daha yaxşı anlamağımıza və gələcəkdə inkişaf imkanımızın yüksəlməsinə gedən yol bilavasitə təhsildən keçir. 

            Professor dünyada ən yaxşı ali təhsil sisteminə malik ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, İrlandiya və İsveç kimi ölkələrin təcrübələri haqqında danışıb. Qeyd edib ki, universitetlərin elmi fəaliyyəti onun nüfuzunun göstəricilərindən biridir. Universitet nə qədər çox tədqiqat aparsa, onun şöhrəti də bir o qədər yüksək olur. Nüfuzlu universitet təkcə büdcə və elmi nəşrlərin sayı kimi obyektiv amillərə görə deyil, kampus həyatı ilə də liderlik əldə etməlidir.  

            Daha sonra alim dünya təhsil sistemlərindəki təhsil tipləri və müasir universitet modelləri (Almaniya, Böyük Britaniya universitetlərinin timsalında) haqqında fikirlərini diqqətə çatdırıb, Azərbaycanın ali təhsil sisteminin inkişafı üçün təkliflərini səsləndirib. Azərbaycanda 4 fərqli universitet modeli yaratmağı təklif edən alim deyib ki, ölkə xüsusi statusu, fərqli büdcəsi və muxtariyyətı olan Dövlət Əhəmiyyətli Tədqiqat Universitetinin (DƏTU) yaradılması ali təhsilin inkişafına töhfə verə bilər. Bu cür universitetlər özlərinin unikal və təkrarolunmaz imicini formalaşdıra bilərlər. Bu da onlara elmi təhsil və ideya potensiallarını ortaya qoyaraq, cəmiyyətin, ölkənin həyat keyfiyyətini ucaldan, milli iqtisadi sabitliyə töhfə verən yeni yüksək texnoloji proseslerin, məhsulların yaradılmasında liderlik etməyə imkan yaradar. 

            Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbəri Gülarə Tağızadə, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Neman Muradlı, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru Qulu Novruzov mövzu ilə bağlı fikirlərini bildiriblər.  

QEYD: Türkiyənin Bilkənt Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Əmirulla Məmmədov BDU-nun Fizika fakültəsinin məzunudur. Ali təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Fizika-Texnika İnstitutunda (Rusiya, Sankt-Peterburq), Nebraska, Viskonsin, Koliforniya Texnoloji və Stenferd (ABŞ), La-Sapiyenze (İtaliya) Universitetlərində, Yaponiya və Portaqaliyanın elmi tədqiqat mərkəzlərində elmi fəaliyyətini davam etdirib.

90-cı illərin əvvəllərində "Türk Dünyası Araşdırmalar Vəqfi"nin rəhbəri, professor  Turan Yazqanın dəvəti ilə Türkiyəyə gəlib, İstanbul Texniki və Adana Çukurova Universitetlərində çalışıb. Türkiyə Müdafiə Nazirliyinin Strateji Mərkəzində və “Aselsan” şirkətində elmi fəaliyyətim davam etdirib.

BDU-da görkəmli alimlə görüşlərin birində rektor Elçin Babayev bildirib ki, Əmirulla müəllim Azərbaycan elminin, eləcə də BDU-nun fəxridir. Alimin elmi araşdırmalarının nəticələri fizika elminin müvafiq sahələrində və müdafiə sənayesində tətbiq olunur. Onun öz elmi məktəbi və davamçıları var. Elmi tədqiqatlarında böyük nailiyyətlər əldə etmiş alim həm Azərbaycanda, həm də Türkiyədə elmi məktəblərin təməllərini qoymuş ilk elm adamıdır. 30-dan çox elmlər namizədi, elmlər doktoru və professor yetişdirmişdir. Dünyanın ən məşhur elmi jurnallarında 350-dən çox məqaləsi çap olunmuş, 50-dən çox Beynəlxalq Konfranslarda dəvətli məruzəçi olmuşdur. 

            Hazırda Türkiyənin Bilkənd Universitetinin professorudur və Nanotexnologiya Elmi Mərkəzinin baş elmi işçisi vəzifəsini tutur. Azərbaycan Respublikasının Dövlət Mükafatı  laureatı,  əməkdar elm xadimidir. Keçən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub. Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun  (TADİV) Qəyumlar Şurasının üzvü və sədr müavinidir.

XQ

 

Təhsil