“Coğrafiya müəllimi” ekrana qayıtdı

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Coğrafiya müəllimi” adlı qısametrajlı bədii-sənədli filmin “CinemaPlus” mərkəzində təqdimat mərasimi keçirilib.

Bu, bədii-sənədli janrda müharibə mövzusunda çəkilən qısametrajlı filmdir. Hansısa ədəbi əsərin deyil, məhz real həyat hadisəsinin kinoya gətirilməsi ikiqat sənət uğurudur. Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə atılmış Şuşa sakini, 1992-ci ilin mayında bu şəhərin işğalı zamanı itkin düşmüş, hələ də taleyindən bir xəbər olmayan Nəsir Hüseynqulu oğlu Bağırovun təsirli həyat hekayəsindən bəhs edən bu ekran işi onun oğlunun daxili monoloqları üzərində qurulub. 

...Ailəsi ilə vidalaşıb döyüşlərə yollanan atanın (İsmayıl Kərimovun ifasında) itkin düşməsinə balaca oğlu (Nəsir Bağırovun ifasında) inanmır və fikrini belə əsaslandırır: “Atam coğrafiya müəllimidir, bütün ölkələri, şəhərləri tanıyır, o, necə itkin düşə bilər"” Burada Əli Kərimin “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” şeiri yada düşür. İkinci Dünya müharibəsində şəhərlərin işğalı ilə “barışmayan” barmağını xəritədən çəkmək istəməyən müəllimin obrazı ilə Qarabağ müharibəsində itkin düşən coğrafiya müəllimi Nəsir Bağırovun acı hekayəsi arasında paralellər də aparmaq olar. Hər bir halda hədəf mövcud coğrafiyaları zor gücünə dəyişmək istəyən istilaçılardır. 

Ssenari müəllifi Mübariz Əsgərov, quruluşçu rejissoru Xəyyam Abdullazadə, operatoru Əhməd Barasov olan “Coğrafiya müəllimi” filmi Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının narahat ruhuna həsr edilib. İctimai baxış zamanı filmin təsirli, rəmzi səciyyəli epizodları böyük maraq və həyəcanla izlənilib. Film xarici auditoriyada da nümayiş edilmək üçün ingilis dilində titrlər – alt yazılarla müşayiət olunur.

Ssenari müəllifi Mübariz Əsgərov XQ-yə müsahibəsində ekran işinin tarixçəsi barədə dedi: 


– Bundan öncə müharibə mövzusunda “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film də çəkmişik. Odur ki, hər çətinliyə əvvəlcədən hazır olduq. İlk növbədə, 31 il əvvəlki görkəmdə kənd evi axtardıq və Quba rayonunun Qonaqkənd qəsəbəsində tapdlıq. Xüsusi musiqi, müasir çəkiliş avadanlığı əldə etdik. Film cəmi 6 dəqiqə olduğuna görə, yaradıcı heyət kadrları zərgər dəqiqliyi ilə seçib-sonaladı. Aktyor seçiminə də ciddi fikir verdik. Yəqin, diqqət etdiniz: oğul rolunda çəkilən, Bakıdakı 167 saylı tam orta məktəbin 3-cü sinif şagirdi olan Nəsir Bağırov itkin qəhrəmanın ad və soyadını daşıyır. dünki onun doğmaca nəvəsidir. 

Quruluşçu rejissor Xəyyam Abdullazadə də film haqqında fikirlərini bizimlə bölüşdü:


– “Coğrafiya müəllimi” müharibə itkinlərimiz haqqında çəkilmiş ilk kino işlərindən biridir. Təqdimat mərasimində də dedim ki, nə qədər çətin olsa da, bu mövzuda tammetrajlı filmlər çəkmək istərdik. Qoy, dünya erməni faşizminin iç üzünün konkret görüntülərdə şahidi olsun. Burada isə biz əlimizdən gələni etdik ki, nəsə alınsın. İlkin tamaşaçı reaksiyaları göstərdi ki, buna nail ola bilmişik. Mən filmin real baş qəhrəmanı olan balaca Nəsirə də “afərin” demək istəyirəm. İlk dəfə peşəkar kino kamerası qarşısına çıxsa da, çəkiliş dubllarından yorulsa da, ruhdan düşmədi, çətinliklərə sinə gərə bildi. Nəhayət, filmin ərsəyə gəlməsinə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. 

Onu da qeyd edək ki, “Coğrafiya müəllimi”nə dəstək verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, şübhəsiz, itkinlər mövzusunda uğurlu layihələrin maliyyələşdirilməsini bundan sonra da davam etdirəcək. Agentlik 2024- cü il üçün elan etdiyi müsabiqələrdə əsas istiqamətlərdən biri kimi itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair layihə təkliÀərinə üstünlük verəcək. 


Ə.ƏLİYEV, XQ

Mədəniyyət